Gununsesi saytına istinadən ain.az xəbər verir.
Son günlər valideynlər uşaqlar arasında müəyyən səpgilərin yayılması ilə bağlı narahatlıqlarını ifadə edirlər.
Bu hallar əksərən keçici xarakter daşıyır və bəzi valideynlər bunu suçiçəyi və ya digər oxşar xəstəliklərlə səhv salmırlar.
Ümumilikdə, isti havalarda uşaqlarda bu cür səpgilərin yaranmasını nə ilə əlaqələndirmək olar?
Mövzu ilə bağlı Gununsesi.info-ya açıqlamasında ATU Tədris Terapevtik Klinikasının Pediatriya şöbəsinin müdiri, pediatr-reanimatoloq Qoşqar İsmayılov bildirib ki, bu kimi hallar yay aylarında – xüsusilə də dəniz və hovuz mövsümündə – uşaqlar arasında daha çox müşahidə olunur:
“Son illərdə yay aylarında azyaşlı uşaqlar arasında əllərin içi, ayaqların altı, ağız boşluğu və ətrafında səpkilərlə müşayiət olunan hallar daha tez-tez rast gəlinir. Valideynlər çox zaman bu səpkiləri suçiçəyi və digər infeksiyalarla səhv salır. Lakin əslində bu, əsasən Koksaki və digər atipik virusların törətdiyi “Əl-Ayaq-Ağız” xəstəliyidir. Bu xəstəlik yoluxucudur və gigiyena qaydalarına düzgün əməl olunmadıqda daha sürətlə yayılır”.
Həkim bildirib ki, bu tip virus infeksiyaları adətən öz-özünə sağalan xarakter daşısa da, bəzi hallarda ağırlaşmalara səbəb ola bilər:
“İnfeksiya yüngül gedişli olsa da, bəzi uşaqlarda yüksək hərarət, iştahsızlıq, ümumi halsızlıq kimi əlamətlərlə müşayiət oluna bilər. Valideynlər bu simptomları müşahidə etdikdə dərhal həkimə müraciət etməlidirlər. Müalicə əsasən simptomatik və dəstəkləyici olur. Antiviral preparatlar yalnız həkim tövsiyəsi ilə verilməlidir”.
Şəbnəm Rəhimova
Gununsesi.info
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.