AZ

İsti havada işçiləri necə mühafizə etməli?

Yazını böyüt
Yazını kiçilt

Son günlər Azərbaycanda müşahidə olunan anomal istilər bir çox sektorda çalışan işçilər üçün ciddi sağlamlıq və əmək şəraiti problemləri yaratmağa başlayıb. Temperaturun bəzi bölgələrdə 40 dərəcəni keçməsi. xüsusilə açıq havada çalışan fəhlələr, sürücülər, xidmət və kənd təsərrüfatı sahəsinin işçiləri üçün təhlükəli vəziyyət yaradıb. Mütəxəssislər bu şəraitdə əmək qanunvericiliyinin tələb etdiyi güzəştlərin təmin edilməsinin zəruri olduğunu vurğulayırlar.

Maraqlıdır, hansı hallarda hava şəraiti ilə əlaqədar işçi işə gəlməyə bilər? Yaxud işəgötürən hansı hallarda işi dayandırmalı və ya fasilə verməlidir?

Qeyd edək ki, Əmək Məcəlləsinin 233-cü maddəsinə görə, işçilər aşağı temperatur və şiddətli külək şəraitində açıq havada, habelə ilin soyuq vaxtlarında qızdırılmayan qapalı binalarda işləyərkən onlara qızınmaq üçün fasilələr verilir və ya iş dayandırılır. İşçilər havanın temperaturu azı 41 dərəcədən çox olan isti və açıq şəraitli iş yerlərində və ya ilin soyuq vaxtında, temperatur müsbət 14 dərəcədən aşağı olan örtülü, lakin isidilməyən binalarda işləyərkən onlara bu maddə ilə müəyyən edilmiş qaydada fasilələr verilir və iş dayandırılır. Fasilələr iş vaxtına daxil edilir və bu fasilələr zamanı əməkhaqqı işçilərin tarif maaşına görə ödənilir. İş dayandırıldıqda boşdayanma vaxtının haqqı işçinin təqsiri üzündən baş verməyən boşdayanma kimi, tarif maaşının üçdə iki hissəsindən az olmayaraq ödənilir.

Əmək Məcəlləsinə 2-ci Əlavənin 1-ci bəndinə əsasən, havanın temperaturu 41dərəcədən çox olan hava şəraitində açıq havada və sərinləşdirici qurğular olmayan örtülü binalarda, otaqlarda və digər iş yerlərində bütün növ işlərin görülməsi dayandırılır və işçilərə sərinləşmək üçün imkan yaradılmaqla fasilələr verilir. Havanın temperaturu mənfi 10 dərəcə və daha aşağı olduqda və eyni zamanda küləyin gücü 3 baldan artıq təşkil etdikdə açıq havada bütün növ işlər dayandırılır və ya işçilərə isinmək üçün fasilələr verilir. İstehsalın fasiləsiz xarakterli olması ilə əlaqədar işi dayandırmağın qeyri-mümkün olduğu yerlərdə işin dayandırılması bir-birini əvəz edən növbələr müəyyən olunması ilə əvəz edilir. Növbələrin bir-birini əvəz etməsi həmkarlar ittifaqları təşkilatının razılığı ilə işəgötürən tərəfindən müəyyən olunur. İşlərin dayandırılması və isinmək üçün fasilələr verilməsi, habelə bu fasilələrin sayının və müddətinin müəyyən edilməsi işəgötürənlə həmkarlar ittifaqları təşkilatının birgə qərarı ilə həyata keçirilir. Əlavənin 2-ci bəndində göstərilib ki, küləyin gücü 6 bal və daha artıq olduqda quruda kranlarla görülən bütün növ işlər dayandırılır.

Tikinti işləri görüldükdə aşağıdakı hallarda işlər dayandırılır:

- küləyin gücü 2 baldan artıq olduqda - kranlar qurulması üzrə quraşdırma işləri;

- 3 baldan artıq olduqda - qaldırıcıların quraşdırılması və sökülməsi işləri;

- 6 baldan artıq olduqda - taxta-şalban işi, habelə taxta-şalbanın sökülməsi;

- 3 baldan artıq olduqda - daşınan taxta-şalbanın yerinin dəyişdirilməsi işləri.

Dənizdə işləyərkən aşağıdakı hallarda işlər dayandırılır:

- küləyin gücü 4 baldan artıq olduqda - ayrı-ayrı özüllərdə kran gəmiləri vasitəsilə görülən tikinti-quraşdırma və sökmə işləri;

- 4 baldan artıq olduqda - daimi dəniz özülləri və estakadayanı meydançaların yanındakı buxtalarda barjlara, kran gəmilərinə yükvurma və yükboşaltma işləri;

- 8 baldan artıq olduqda - qazma işləri aparılan quyularda alətlərin quyulardan qaldırılması ilə əlaqədar bütün işlər;

- 6 baldan artıq olduqda - daimi dəniz özüllərində istismar edilən quyularda işlər;

- 6 baldan artıq olduqda - daimi dəniz özüllərində estakadayanı meydançalarda quyuların əsaslı və cari yeraltı təmir işləri;

- 8 baldan artıq olduqda - özülün və ya estakadayanı meydançanın döşəməsi üstündəki işlər;

- 8 baldan artıq olduqda - özülün və ya estakadayanı meydançanın döşəməsi altındakı işlər;

- 4 baldan artıq olduqda - qaynaq tikişinin aşağı vəziyyətdə qoyulduğu bütün növ qaynaq işləri;

- 3 baldan artıq olduqda - qaynaq tikişinin şaquli vəziyyətində qoyulduğu bütün növ qaynaq işləri;

- 3 baldan artıq olduqda - qaynaq tikişin tavan vəziyyətdə qoyulduğu bütün növ qaynaq işləri;

- 5 baldan artıq olduqda - ayrı-ayrı özüllərdə üzən vasitələr, qurğular olmadan tikinti-quraşdırma və sökmə işləri;

- 4 baldan artıq olduqda - estakada tikən kranla quraşdırma işləri;

- 5 baldan artıq olduqda - kopyor vasitəsilə dayaqlar vurulması işləri;

- 4 baldan artıq olduqda - dəniz neft-mədən qurğularının sökülməsi işləri;

- 5 baldan artıq olduqda - daimi dəniz özüllərində buruqların quraşdırılması, sökülməsi və dorların qaldırılması (endirilməsi) işləri;

- 5 baldan artıq olduqda - traversin sürgü qollarının, mancanaq dəzgahının asma kanatının təmiri və dəyişdirilməsi, buruqda və ya dorda diyircəklərin, kran-blokun dəyişdirilməsi, tali kanatının təchizatı, dərinlik ölçmələri və quyuların debitinin ölçülməsi işləri;

- 5 baldan artıq olduqda - estakada meydançalarında quyuların cari və əsaslı təmiri üçün səyyar aqreqatların dorlarının qaldırılması işləri;

- 10 baldan artıq olduqda - quyunun yuyulması işlərindən başqa, buruqda bütün işlər dayandırılır.

Yeri gəlmişkən, mövcud hava şəraiti ilə bağlı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti də xəbərdarlıq yayıb. Xəbərdarlıqda bildirilir ki, havanın temperaturu 41 dərəcə selsidən çox olduqda işçilərin həyat və sağlamlığının qorunması üçün zəruri tədbirlər görmək işəgötürənlərin əsas vəzifələrindən biridir. Bildirilib ki, Əmək Məcəlləsinə əsasən, qeyd edilən hava şəraitində açıq havada və sərinləşdirici qurğular olmayan iş yerlərində bütün növ işlərin görülməsi dayandırılmalıdır.

"Bu tələblər həm dövlət, həm də özəl müəssisələrə şamil olunur"

Mövzu ilə bağlı Əmək Hüquqları Müdafiə Liqasının sədri Sahib Məmmədov deyir ki, havanın temperaturu 41 dərəcədən yüksək olduqda və bu temperatur süni şəkildə tənzimlənə bilmədikdə, işəgötürən əmək prosesini dayandırmalıdır.

Onun sözlərinə görə, belə hallarda işçilərə mütəmadi fasilələr verilməli, iş sahəsində günəşdən qorunmaq üçün zontiklər qurulmalı, işçilər sərinləşdirici içkilərlə təmin olunmalı, onlara həsir, şlyapa və digər yüngül geyim vasitələri təqdim edilməlidir:

“Bu tədbirlər işçilərin günvurma və istivurma hallarından qorunması məqsədi daşıyır. Əks təqdirdə, işçilərin sağlamlığına dəyən zərərə görə hüquqi məsuliyyət birbaşa işəgötürənin üzərinə düşür. Bu tələblər həm dövlət, həm də özəl sektorda fəaliyyət göstərən müəssisələrə şamil olunur. Qeyd edilən şərtlər kondisioner və ventilyasiya sistemi ilə təmin edilmiş iş mühitlərinə aid edilmir. Əməyin mühafizəsi qaydalarının pozulmasına görə məsuliyyət İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmuşdur. Belə ki, bu qaydaların pozulmasına görə fiziki şəxslər 500 manatdan 1000 manatadək cərimələnə bilər. Əgər pozuntu nəticəsində işçinin sağlamlığına yüngül dərəcədə zərər dəyibsə, məsələn, günvurma halı baş veribsə, bu halda cərimənin məbləği 1500 manatdan 2000 manatadək arta bilər. İşəgötürən sağlam və təhlükəsiz əmək şəraitini təmin etməyə borcludur və bu öhdəlik İnzibati Xətalar Məcəlləsinin 199-cu maddəsi ilə tənzimlənir. Həmin maddəyə əsasən, müvafiq əmək mühafizə şəraitinin yaradılmamasına görə 700 manatdan 1500 manatadək cərimə tətbiq edilə bilər. Əgər əmək mühafizəsi qaydalarının pozulması nəticəsində işçinin sağlamlığına ciddi xəsarət yetirilərsə, o cümlədən işçi həyatını itirərsə və ya bir neçə nəfərin ölümü ilə nəticələnərsə, bu zaman məsələ Cinayət Məcəlləsinin müvafiq maddələri üzrə araşdırılır və cinayət məsuliyyəti tətbiq olunur”.

"Hər hansı problem yaranmaması üçün xüsusi rejim yaradılmalıdır"

Təhlükəsizlik məsələləri üzrə ekspert Elmar Nurəliyev deyir ki, istehsalatda, tikinti sahələrində çalışan işçilərin isti yay günlərində həyat və sağlamlığının qorunması üçün müəssisənin rəhbərliyi tərəfindən tədbirlər planı hazırlanmalıdır.

Onun fikrincə, nəzərə alsaq ki, xüsusilə tikinti meydançasında yükqaldıran kranları, ağır yük maşınları, normadan artıq qabaritli nəqliyyat vasitələri, qaldırıcı mexanizmlər var, dəmir-beton işləri və hündürlükdə işlərin görülməsi həyata keçirilir, tikinti sahəsində olan təhlükə riskinin nə dərəcədə olduğunu başa düşərik:

“Ona görə də, tikintidə təhlükəsizlik qaydalarına, texniki təhlükəsizlik və əməyin mühafizəsi qaydalarına, yanğın təhlükəsizliyi qaydalarına, hündürlükdə işlər zamanı təhlükəsizlik qaydalarına mütləq qaydada ciddi əməl edilməlidir. Tədbirlər planına müvafiq olaraq, əmr formasında aidiyyəti üzrə nəzarət edən şəxs təyin olunur. Daha sonra işçilər bu barədə məlumatlandırılır. Bu qaydalar həm birbaşa günəş şüalarının təsiri altında tikinti sahəsində açıq havada çalışan işçilərə, həm də istehsalatda qapalı məkanlarda çalışan işçilərə aiddir. İşçilərin sağlamlığına hər hansı bir problem yaranmaması üçün xüsusi rejim yaradılmalıdır. İşçilərə istirahət saatlarından əlavə istirahət saatları verilir. Gün hündürlükdə çalışanları daha tez vurur. Hündürlükdə çalışan şəxslər kaska və ya papaqlardan istifadə etsələr belə, gün altında işləmək olmaz. Ani ehtiyatsızlıq böyük faciəyə səbəb ola bilər. Bu hal isə tikinti şirkəti üçün böyük məsuliyyət yaradır”.

Mütəxəssis onu da vurğulayır ki, xüsusi qaydalar tətbiq edilən zaman işçilərin əməkhaqlarından hansısa azalma nəzərdə tutulmur.

Seçilən
31
hafta.az

1Mənbələr