Futbol üzrə Nigeriya milli komandasının və İngiltərənin “Lester Siti” klbununun dayaq yarımmüdafiəçisi Uilfred Ndidi “Beşiktaş”a keçib.
Arena.az xəbər verir ki, bu barədə Türkiyə klubunun mətbuat xidməti məlumat yayıb.
İstanbul təmsilçisi “Lester Siti”dən Ndidini alıb. 28 yaşlı yarımmüdafiəçi ilə tibbi müayinədən sonra rəsmi müqavilə imzalanacağı bildrilib. Transferin detalları və müqavilənin müddəti hələ açıqlanmır.
Uilfred Ndidi Nigeriyada “Ekosodin Stars” və “Net Boys” kimi klubların formasını geyinib. 2015-ci ildə Avropaya üz tutan yarımmüdafiəçi Belçikanın “Genk” klubuna keçib. O, iki mövsüm bu klubun formasını geyindikdən sonra “Lester Siti”yə transfer edilib. İngiltərə klubu 2017-ci ilin yanvar ayında onu 17,6 milyon avro müqabilində heyətinə qatmışdı. Ndidi “Lester Siti”nin heyətində bütövlükdə 303 oyuna çıxıb, 18 qol vurub, 22 məhsuldar ötürmə müəllifi olub.
Ndidi 2015-ci ilin oktyabr ayında debüt etdiyi Nigeriya millisinin heyətində 65 oyun keçirib, 4 məhsuldar ötürmə ilə yadda qalıb.
“Transfermarkt” internet-portalı 28 yaşlı yarımmüdafiəçinin transfer dəyərini 15 milyon avro məbləğində qiymətləndirir.