Bakı, 7 avqust, AZƏRTAC
"Levski"nin yaxşı oyun göstərəcəyini gözləyirəm.
AZƏRTAC xəbər verir ki, bu sözləri Bolqarıstan millisinin sabiq futbolçusu Emil Spasov UEFA Konfrans Liqasının III təsnifat mərhələsində “Levski”nin evdə "Sabah"a qarşı keçirəcəyi ilk oyun barədə danışarkən deyib.
Vaxtilə Sofiya klubunun da formasını geyinən keçmiş hücumçu Azərbaycan təmsilçisinin “Levski” üçün tanış rəqib olmadığını bildirib: “Onlar özlərini sübut etmək istəyirlər. Digər tərəfdən, "Levski" hər keçən gün daha yaxşı oynayır. Bu, son illərdə gördüyüm ən uğurlu kollektivdir. Baş məşqçi Xulio Velaskes yaxşı komanda formalaşdırıb. Baxımlı futbol sərgiləyirlər. Heyətdə yüksək səviyyəli oyun nümayiş etdirən futbolçular var. Son illərdə oyunçularda özünəinam yox idi. Amma hazırda da müəyyən mövqelərdə çatışmazlıqlar var. Ən çox da qol şanslarından maksimum yararlana bilmirlər. Futbolda qol vura bilmirsənsə, rəqib səni cəzalandırır və qalib gəlir. Komandamız “Braqa” ilə matçlarda da bu problemlərlə üzləşdi”.
Qeyd edək ki, bu gün Sofiyadakı Georgi Asparuxov adına stadionda keçiriləcək "Levski" - "Sabah" matçı Bakı vaxtı ilə saat 22:00-da start götürəcək.