2025/2026 mövsümündə Azərbaycan Premyer Liqasında mübarizə aparacaq “Karvan” heyətini yeni futbolçu – Vitor Roşa ilə gücləndirib.
Arena.az bu barədə Yevlax klubunun mətbuat xidmətinə istinadən xəbər verir.
Portuqaliyalı yarımmüdafiəçi ilə 1 illik müqavilə imzalanıb. O, yeni klubuna azad agent kimi qoşulub.
29 yaşlı futbolçu son olaraq ölkəsinin “Sanyoanense” klubunda forma geyinib. 2024-cü ilin yayından bu komandada çıxış edən yarımmüdafiəçi meydana çıxdığı 30 oyunda 1 qol vurub, 3 məhsuldar ötürmə müəllifi olub.
Vitor Roşa karyerası ərzində “Anadiya”, “Oliveyrense”, “Paredes”, “Trofense”, “Qafanya”, “Unian Madeyra”, “Sertanense”, “Kondeyşa” kimi klubların da şərəfini qoruyub.
“Karvan” daha öncə Eltun Turabov, Süleyman Əhmədov, Araz Abdullayev, David Oliveyra Souza, Kayl Spens, Qavi Tompson, Olavale Doyeni, Elvin Yunuszadə, Vadim Abdullayev, Samuel Durrant, Vüsal Məsimov, Moise Nqvisani, Şakil Sno və Uğur Cahangirovu da heyətinə qatmışdı. Kamran İbrahimov, İbrahim Qədirzadə, Rəhman Şabanov və Ceyhun Bağırzadə isə klubla yeni müqaviləyə imza atıblar.
Ezekiel Morqan, Emil Qasımov, Bəhruz Teymurov, İzzət Müştaqov, Elvin İsmayılov, Müşviq Teymurov, Peyman Keşavarzi, İlham Hüseynov, Məmməd Muradov, Aref Muhammedalipur, Beqzod Xulikulov, Roman Hüseynov və Kənan Quliyev də komandanı tərk ediblər.