Kreml ABŞ-nin sülh təşəbbüslərini pozmağa çalışır...
Poliqon xəbər verir ki, ABŞ-nin Müharibə Araşdırmaları İnstitutu (ISW) yayımladığı hesabatda Kreml rəhbərliyinin Ukrayna ilə bağlı danışıqlarda Vladimir Putinin iştirakına dair ABŞ-ın səylərini pozmağa çalışdığı qeyd olunub.
ISW ekspertləri bildirir ki, Rusiya tərəfi, xüsusilə dövlətə bağlı KİV-lər və prokremlyon nəşrlər vasitəsilə ABŞ Prezidenti Donald Trampın administrasiyası daxilində parçalanma yaratmağa cəhd edir. Məqsəd – avqustun 8-də Tramp tərəfindən irəli sürülmüş sülh razılaşmaları üçün qoyulmuş son tarixdən əvvəl ABŞ-ın Rusiyaya qarşı əlavə sanksiyalar tətbiq etməsinin qarşısını almaqdır.
Rusiya mediası Dövlət Dumasının bəzi deputatlarının şərhlərini tirajlayaraq, ABŞ-Rusiya danışıqlarında Trampın xüsusi nümayəndəsi Stiv Uitkoffu “rasional” fiqur kimi təqdim edir, Trampı isə “irrasional” obrazda göstərməyə çalışır.
ISW-nin qənaətinə görə, Kreml eyni informasiya təzyiq taktikalarını Ukrayna və onun müttəfiqləri, o cümlədən ABŞ ilə Avropa arasında parçalanma yaratmaq məqsədilə dəfələrlə tətbiq edib. Bu, Ukraynaya beynəlxalq dəstəyin zəiflədilməsi üçün daha geniş strategiyanın tərkib hissəsidir.
Ekspertlərə görə, hazırda bu informasiya təzyiqi Tramp administrasiyasına yönəlib. Məqsəd – Vaşinqtonun Putinlə sülh danışıqlarını təşviq etmək səylərini zəiflətmək və ABŞ-ı birtərəfli güzəştlərə məcbur etməkdir. ISW bildirir ki, Kreml Trampın bəyan etdiyi atəşkəs və uzunmüddətli sülh şərtləri olmadan Rusiyanın maraqlarına uyğun ikitərəfli iqtisadi razılaşmaların əldə olunmasına çalışır.
Poliqon.info