Dünən Kremldə Rusiya prezidenti Putinlə ABŞ Prezidentinin xüsusi nümayəndəsi Stiven Uitkoff arasında 3 saat davam edən görüşdən saatlar sonra açıqlama verən Donald Tramp bildirib ki, yaxın günlər və həftələr ərzində Ukraynadakı müharibənin başa çatdırılması üçün fəal səylər göstəriləcək.
“Stiven Uitkoff Moskvada Rusiya prezidenti Vladimir Putinlə çox məhsuldar görüş keçirib. Görüşdə mühüm irəliləyiş əldə olundu. Daha sonra bəzi Avropa müttəfiqlərimizlə bu barədə danışdım. Hər kəs razıdır ki, bu müharibə sona çatmalıdır”, – deyə Tramp sosial şəbəkə hesabında bildirib.
Tramp görüşlə bağlı detallı açıqlama verəməyib. Ancaq “Fox News” Ağ Evdəki mənbələrə istinadən xəbər verir ki, Putin ABŞ prezidentinin xüsusi nümayəndəsi ilə görüşü zamanı “müəyyən məqamda” Trampla üz-üzə görüşmək arzusunu bildirib. Ağ Evin mətbuat katibi Kerolayn Livitt də bu faktı təsdiqləyib. Rusiya prezidenti ilə Uitkoff arasında keçirilən görüşdə böyük irəliləyiş əldə olunduğunu bildirən Livitt, Putinin Trampla görüşmək istədiyini deyib və bildirib ki, Tramp Putin və Ukrayna prezidenti Vladimir Zelenski ilə görüşə hazırdır.
“Ruslar prezident Trampla görüşmək istəyini ifadə ediblər və prezident həm prezident Putin, həm də prezident Zelenski ilə müzakirələrə açıqdır” - deyə Livitt bildirib.
“Fox News” bildirir ki, Uitkoff Putinin mesajını Trampa çatdırıb və Tramp gələn həftə Ukraynadakı müharibənin sona çatmasına töhfə verəcəksə belə bir görüşə açıq olduğunu bildirib. “The New York Times” isə iki mənbəyə istinadən görüşlə bağlı konkret tarix də açıqlayıb. Qəzet yazır ki, Tramp gələn həftə Putinlə üzbəüz görüşməyi planlaşdırır. Bu görüşdən dərhal sonra isə Tramp Putin və Zelenski ilə üçtərəfli sammit keçirməyi planlaşdırır.
Bu planlar Trampın çərşənbə günü bir sıra Avropa liderləri ilə telefon danışığında zamanı da açıqlanıb.
Qəzetə danışan mənbələrin sözlərinə görə, danışıqlar Avropa İttifaqı liderlərinin iştirakı olmadan keçiriləcək. Qeyd edilir ki, telefon danışığı zamanı Trampın planlarından xəbər tutan Avropa liderləri bu yanaşmanı üstüörtülü şəkildə qəbul ediblər.
ABŞ dövlət katibi Marko Rubio isə bildirib ki, Rusiya-Ukrayna müharibəsinin sona çatmasında ən mühüm məsələ ərazi məsələsi olacaq: "Ukrayna müharibəsini bitirmək üçün aşmalı olduğumuz çoxlu maneələr var. Yaxın bir neçə gün ərzində Tramp Putinlə görüşə bilər. Hazırda planlaşdırılan görüş yoxdur".
Putin-Uitkof görüşündən sonra Trampla telefonla danışan Zelenski isə açıqlama verərək Rusiyanın Ukrayna ilə atəşkəsə daha çox meylli olduğunu bildirib.
"Biz Moskvada deyilənləri müzakirə etdik. Belə görünür ki, Rusiya indi atəşkəsə daha çox meyllidir. Amma əsas odur ki, bizi və ya ABŞ-ı təfərrüatı ilə aldatmasınlar".
Prezidentin sözlərinə görə, Ukrayna öz müstəqilliyini mütləq müdafiə edəcək: “Hamımıza uzun və etibarlı sülh lazımdır. Rusiya başladığı müharibəyə son qoymalıdır".
TAHİR