AZ

“Hobbit”in nadir ilk nəşri 43 min funta satılıb

Məşhur romanının 1937-ci il nəşri bir ailə evindən tapılıb...

Con Ronald Ruell Tolkienin məşhur əsəri “Hobbit”in nadir ilk nəşri Böyük Britaniyanın Bristl şəhərində bir evdə tapıldıqdan sonra auksionda 43 min funta satılıb. Kitabın alıcısı şəxsi britaniyalı kolleksiyaçı olub.

Poliqon xəbər verir ki, bu barədə The Guardian məlumat yayıb.

Söhbət 1937-ci ildə çap olunan və cəmi 1500 nüsxədən ibarət olan ilk tirajın bir nüsxəsindən gedir. Kitab üz qabığı (superoblojka) olmasa da, açıq-yaşıl parçadan hazırlanmış cilddə təqdim olunub və müəllifin orijinal qara-ağ illüstrasiyalarını əhatə edir. Auksion evi Auctioneumun məlumatına görə, bu nəşrdən yalnız bir neçə yüz nüsxə bu günədək qorunub saxlanılıb. Maraqlı iştirak səbəbindən satış qiyməti gözləntiləri dörd dəfə üstələyib.

Kitab Oksford Universitetinin botaniki və britaniyalı qütb tədqiqatçısı ser Reymond Pristlinin qardaşı Hübert Pristlinin ailə kitabxanasına məxsus olub. Auctioneum Hübert Pristli ilə Tolkienin, ehtimal ki, yazıçı Klayv Lyuis vasitəsilə tanış olduğunu bildirib.

Qeyd edək ki, “Hobbit” Tolkienin “Üzüklərin hökmdarı” əsərinə ön söz xarakteri daşıyır və dünya üzrə 100 milyondan çox nüsxədə satılıb. Əsər 2010-cu illərdə ekranlaşdırılıb. 2015-ci ildə isə Tolkienin əl yazısı ilə elf dilində qeydi olan başqa bir ilk nəşr “Sotheby’s” auksionunda 137 min funta satılmışdı.

Poliqon.info

Seçilən
100
poliqon.info

1Mənbələr