Bakı, 7 avqust, AZƏRTAC
Texas Universitetinin bioloqları tərəfindən aparılan yeni araşdırma gecə saatlarında kofein qəbulunun davranışlara təsiri ilə bağlı maraqlı nəticələr ortaya qoyub.
AZƏRTAC xəbər verir ki, “iScience” jurnalında dərc edilən araşdırmada gecə qəhvə içməyin xüsusilə qadınlarda impulsivliyi artıra biləcəyi göstərilib.
Tədqiqat genetik və sinir oxşarlıqlarına görə insan davranışlarını öyrənmək üçün tez-tez istifadə olunan meyvə milçəyi (Drosophila melanogaster) üzərində aparılıb. Araşdırmaya Erik Saldes, Paul Sabandal və Kyunq-An Han rəhbərlik ediblər. Komanda milçəklərin pəhrizinə müxtəlif vaxtlarda və dozalarda kofein əlavə edib, onların güclü hava axını kimi xoşagəlməz stimullara reaksiyalarını qiymətləndirib. Nəticələr göstərib ki, gecə kofein qəbul edən milçəklər impulsiv davranışlar nümayiş etdirərək stimula qarşı daha az reaksiya veriblər, yəni ehtiyatla davranmaq əvəzinə uçmağa davam ediblər. Gündüz kofein qəbul edən milçəklərdə isə eyni təsir müşahidə olunmayıb.
Araşdırmanın digər maraqlı nəticəsi cins fərqləri ilə bağlı olub. Eyni kofein səviyyəsinə malik olduqları halda, dişi milçəklər erkəklərə nisbətən daha yüksək impulsivlik göstəriblər. Bu isə qadınlarda kofeinin davranışa təsirinin daha güclü ola biləcəyini göstərir.
Professor K.Han qeyd edib ki, meyvə milçəklərində estrogen kimi hormonlar olmasa da, bu davranış fərqlərin digər genetik və ya fizioloji xüsusiyyətləri ilə əlaqədar ola bilər. Alimlər bu nəticələrin gecə növbəsində işləyənlər, səhiyyə və hərbi sahədə çalışan şəxslər, xüsusən qadınlar üçün diqqətəlayiq olduğunu bildirirlər. Gecə kofein istifadəsinin impulsiv davranışlara yol aça biləcəyi, ehtiyatsız qərarların qəbul edilməsinə səbəb ola biləcəyi ehtimal edilir.