AZ

Azərbaycanlılar da 15 min dollar ödəyəcək? – Dünyanın gözlədiyi SİYAHI

  ABŞ vizası almaq istəyən bəzi ölkələrin vətəndaşları üçün yeni və ciddi qaydalar tətbiq olunur. Belə ki, 2025-ci il avqustun 20-dən qüvvəyə minəcək pilot proqram çərçivəsində turistlər və işgüzar səyahətçilər viza üçün müraciət edərkən 5000-15 000 dollar arası depozit ödəməli olacaqlar.

Məlumata görə, depozit yalnız viza rejimini pozmayan və ölkəni vaxtında tərk edən şəxslərə geri qaytarılacaq. Ümumilikdə siyahıya düşəcək ölkələr hələ açıqlanmayıb, lakin bunun avqustun sonunadək bəlli olacağı gözlənilir. Yeni proqramın təxminən 2000 nəfəri əhatə edəcəyi bildirilir. Həmçinin oktyabrın 1-dən etibarən qeyri-immiqrasiya vizaları üçün 250 dollarlıq əlavə “viza dürüstlük haqqı” da qüvvəyə minəcək.

Belə bir mexanizmin tətbiqində əsas məqsəd nədir? Azərbaycan da bu siyahıya daxil ola bilərmi?

Referans xəbər verir ki, Globalinfo.az-a danışan turizm üzrə ekspert Ceyhun Aşurov deyib ki, bu proqram, əsasən risk qrupu hesab edilən ölkələrə şamil olunacaq:

“Söhbət o ölkələrdən gedir ki, vətəndaşları turist vizası ilə ABŞ-a daxil olduqdan sonra orada qalır, vizanın müddətini pozur və qeyri-leqal yollarla məskunlaşmağa çalışırlar. Yeni sistem bu halların qarşısını almağı hədəfləyir. Depozit tətbiqi həm də ABŞ iqtisadiyyatı üçün müəyyən sığorta rolunu oynayacaq – potensial qayda pozuntularının sayını azalda, həmçinin müvafiq inzibati xərcləri qarşılaya bilər. Məqsəd ölkəyə gələn şəxslərin daha çox qanuni əsaslarla hərəkətini və qeyri-leqal fəaliyyətlərdən çəkinməsini təmin etməkdir”.

Ekspert qeyd edib ki, Azərbaycanın bu siyahıya daxil edilib-edilməyəcəyi hələlik bəlli deyil:

“Əgər daxil edilərsə, Azərbaycan vətəndaşları da viza zamanı depozit ödəməli olacaqlar. Azərbaycandan ABŞ-a gedən şəxslər, əsasən “Green Card”, təhsil və ya iş vizası ilə, yəni leqal yollarla səyahət edirlər. Şengen ölkələrinin vizası üçün müraciət zamanı bank hesabı, ailə vəziyyəti kimi məlumatlar sorğulanır. Doğrudur, bunlar maliyyə vəziyyətinin hansı səviyyədə olduğunu bilmək üçün tələb edilir. Lakin ABŞ-ın tətbiq edəcəyi sistemdə depoziti birbaşa dövlət özündə saxlayacaq və müəyyən şərtlərlə geri qaytarılacaq. Ümumilikdə, bu addım Vaşinqtonun qeyri-qanuni miqrasiyaya qarşı profilaktik tədbiri kimi qiymətləndirilir”.

Seçilən
14
1
referans.az

2Mənbələr