AZ

"Ukraynaya ABŞ silahları üçün Şimal ölkələrindən 500 milyon dollar ayrılıb" -  Zelenski

"Amerika və Avropa Rusiya təhlükəsinə qarşı birgə addımlar atır..."

Ukraynaya Amerika silahlarının alınması üçün nəzərdə tutulmuş xüsusi mexanizm artıq işə düşüb.

Moderator.az xəbər verir ki, bu barədə Ukrayna prezidenti Vladimir Zelenski özünün "Telegram-kanal"ında məlumat verib.

Qeyd edilir ki, bu təşəbbüs çərçivəsində İsveç, Norveç və Danimarka birgə şəkildə 500 milyon ABŞ dolları ayırıb. O, bu yardımın NATO-nun koordinasiyası ilə həyata keçiriləcəyini bildirib. Zelenskinin sözlərinə görə, bu qərar "Prioritised Ukraine Requirement List" (PURL), yəni "Ukraynanın Prioritet Tələbləri Siyahısı" adlı mexanizm çərçivəsində icra olunacaq. PURL mexanizmi Ukraynanın ehtiyac duyduğu silah növlərinin siyahısını tərtib edir və həmin siyahıya uyğun olaraq NATO ölkələri ya birbaşa yardım göstərir, ya da ABŞ-dan analoji silahlar alaraq Ukraynaya göndərir.

Niderlanddan avro, digərlərindən dollar

Cəmi bir gün əvvəl Niderland hökuməti Ukraynaya 500 milyon avro məbləğində hərbi dəstək ayırdığını açıqlayıb. İndi isə Şimali Avropa ölkələrinin 500 milyon dollarlıq yardımı ilə bu məbləğ ümumilikdə bir milyard avroya yaxınlaşır. Zelenski bu yardımı "həyatların müdafiəsi üçün potensialımızı artıran güclü təşəbbüs" adlandırıb və bu ölkələrin liderlərinə - İsveçin baş naziri Ulf Kristersson, Norveçin baş naziri Yunas Qar Stereyə, Danimarkanın baş naziri Mette Frederiksen və NATO-nun baş katibi Mark Rütteyə təşəkkür edib.

Amerika-Avropa təhlükəsizlik bağları güclənir

Zelenski bu mexanizmi digər NATO ölkələri üçün də nümunə kimi təqdim edir. O, hesab edir ki, bu təşəbbüs Amerika və Avropa arasında təhlükəsizlik sahəsində bağların daha da möhkəmlənməsinə və Rusiya təhlükəsinə qarşı ümumi müdafiənin qurulmasına xidmət edəcək. O, həmçinin Ukraynanın müdafiə sənayesinin inkişafına göstərilən dəstəyi yüksək qiymətləndirib və bildirib ki, bu, Avropanın uzunmüddətli təhlükəsizliyi üçün real təməldir.

Yeni mexanizmlə silahların alınması asanlaşır

"Reuters"-in məlumatına görə, ABŞ və NATO yeni bir sxem üzərində işləyir. Bu modelə əsasən, Avropa ölkələri ABŞ-da yaradılmış xüsusi fonda vəsait köçürərək, Ukraynanın silah tələbatını təmin etmək üçün oradan silah ala biləcəklər. PURL mexanizmi məhz bu məqsədlə tətbiq olunur.

Bu proses belə işləyir: Ukrayna öz prioritet silah ehtiyaclarını təxminən 500 milyon dollarlıq paketlərlə təqdim edir. Avropa ölkələrindən biri həmin siyahıdakı silahları təklif etməyə hazırdırsa, ABŞ-dan öz arsenalını yeniləmək üçün əvvəlcədən maliyyələşdirməklə eyni tip silahı ala bilər. Bu yolla bürokratik gecikmələrdən qaçmaq mümkündür.

Bundan başqa, Avropa ölkələri istədikləri silahları ya birbaşa ABŞ-dan, ya da NATO vasitəsilə sifariş edə biləcəklər. Bu isə təkcə Ukraynaya silah axınını deyil, həm də NATO ölkələrinin öz ehtiyatlarını bərpa etməsini sürətləndirəcək.

Ukraynanın müdafiəsinə yönəlmiş bu maliyyə axını Avropa və ABŞ arasında təhlükəsizlik əməkdaşlığının yeni mərhələyə qədəm qoyduğunu göstərir. Şimali Avropa ölkələrinin təşəbbüsü həm Rusiya təhdidinə qarşı ortaq cavabın gücləndirilməsinə, həm də Avropanın gələcək təhlükəsizliyinin möhkəmləndirilməsinə xidmət edir. Artıq söz yox, hərəkət vaxtıdır və bir milyardlıq ilk addım artıq atılıb.

Seçilən
95
50
moderator.az

10Mənbələr