AZ

Stress, hərəkətsizlik, qidalanma: Gənclərin ürəyini nə yorur?

ain.az, Bakivaxti portalına istinadən məlumat verir.

Bir neçə gün öncə 6 aylıq körpənin miokard infarktından vəfat etməsi haqqında xəbərlər yayıldı. Qeyd edək ki, uşağın ölüm səbəbi aparıldığı klinikanın həkimlərinin verdiyi rəsmi məlumata görə respirator infeksiya sonrası ağırlaşma olub. Bu da gecikmiş vəziyyətdə beynin və digər orqanların ciddi zədələnməsinə və təəssüf ki, körpənin həyatını itirməsinə səbəb olub.

Ümumiyyətlə, son zamanlar gənc yaşlarda (30-40 yaş arası) ürək-damar xəstəliyi ilə müraciət edən, təcili tibbi yardım briqadası ilə gətirilən xəstələrin sayında artım müşahidə olunur.

Mövzu ilə bağlı Bakıvaxtı.az-a danışan mütəxəssis-kardioloq Emil Hasilov bildirib ki, bunun səbəbi COVİD-19 pamdemiyası, pandemiya dövründə stressin artması, bu xəstəliyin vurduğu fəsadlar, gənclərdə zərərli vərdişlərə meylin artması, energetik içkilərin gündəlik həddindən artıq istifadəsi, fiziki idmanla məşğul olmamaq, sosial faktorlar və ən əsası da texnologiyanın inkişafı iləəlaqədar fiziki aktivliyin əhali arasında ümumi azalmasıdır.

Müsahibimiz təəssüflə qeyd edib ki, virtual aləmdə gənclər daha çox vaxt keçirir, nəinki real həyatda. Onun sözlərinə görə, bütün bu faktorlar və sosial amillərin də böyük təsiri nəticəsində ürək xəstəlikləri artmaqda davam edir:

“Təsəvvür edin ki, artıq 20-30 yaşlı piylənmə, şəkərli diabet və arterial hipertenziyalı onlarla gənc müraciət edir. Əksəriyyəti də yazılan müalicə və tövsiyələrə əməl  etmirlər”.

Emil Hasilov: Sosial amillərin də böyük təsiri nəticəsində ürək xəstəlikləri artmaqda davam edir

Kardioloq deyib ki, gənclərdə xolesterin mübadiləsinin pozulması, piylənmə, az hərəkətli həyat tərzi, şəkərli diabet və arterial hipertenziya artıq miokard infarktı, ürək çatışmazlığı, ürək-damar və beyin hadisələrinə (beyin qanaması və ya işemik insult) bağlı öıümün artmasına gətirib çıxarır.  

“Gənc pasientlərə tövsiyəm budur ki, çəkinizi azaldın, təzyiqinizi arabir ölçdürün, bu problemlər varsa həkimə müraciət edin ki, sonra gec olmasın. 35 yaşlı gənc pasient 3 koronar damarın tıxanması və infarkt sonrası ağır ürək çatışmazlığından dünyasını dəyişdi. Bunlar bizə xəbərdarlıqdır! Sağlam həyat tərzinə diqqət edin ki, ömrünüz keyfiyyətli və uzun olsun”, - deyə Emil Hasilov vurğulayıb.

Nərgiz Məmmədli

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
3
1
bakivaxti.az

2Mənbələr