Yeni mövsümdə Türkiyəni Çempionlar Liqasının əsas mərhələsində təmsil edəcək ''Qalatasaray''la bağlı xəbərlər var.
İstanbul nəhəngi bir futbolçu ilə müqaviləni yeniləyibsə, bir oyunçu ilə yollarını ayırıb. Müqaviləsi yenilənən futbolçuların sırasına Yunus Akgün də qoşulub. İstedadlı vingerin əvvəlki müqaviləsi 2026-da başa çatırdı. Rəhbərlik onunla uzun müddət anlaşa bilmirdi. Amma tərəflər sonda ortaq məxrəcə gələ bildi və 25 yaşlı futbolçu 2029-cu ilə qədər nəzərdə tutulan yeni müqaviləyə imza atdı.
Maraqlıdı ki, Yunusun maaşı təxminən 7 dəfə artırılıb. O, daha öncə illik cəmi 17 milyon lirə qazanırdısa, yeni maaşı artıq 118 milyon lirə təşkil edəcək ki, bu da 2,5 milyon avro deməkdi. Akgün maaşı artıq lirə ilə yox, avro ilə alacaq. Kərəm Aktürkoğlunun ayrılmasından sonra ''Qalatasaray''ın liderlərindən birinə çevrilən və Türkiyə yığmasının da aparıcı üzvlərindən olan Yunus Akgün geridə qoyduğumuz mövsümdə 44 rəsmi oyunda iştirak edərək aktivinə 12 qol, 13 məhsuldar ötürmə yazıb.
Qeyd edək ki, Yunus bu yay Kaan Ayhan, Əbdülkərim Bardakcı, Metehan Baltacı və Barış Alpər Yılmazdan sonra yeni müqaviləyə imza atan 5-ci futbolçu oldu.
Ayrılığa gəlincə, Türkiyə çempionu Pşemislav Frankovski ilə vidalaşıb. Polşalı cinah müdafiəçisi Fransa təmsilçisi ''Renn''ə ''1+1'' illik icarəyə verilib. Fransızlar ikiillik icarə haqqı kimi 5,5 milyon avro ödəyəcəklər.
Bundan başqa ''Renn'' daimi transfer haqqını də ələ keçirib. Klub bu haqdan yararlanmaq istəsə, 2027-nin yayında ''sarı-qırmızılar''a əlavə 5,7 milyon avro ödəməli olacaq. Müqavilədə şərtə bağlı olan maksimum 1,3 milyon avroluq bonuslar da mövcuddu. Qeyd edək ki Frankovskiyə görə ''Qalatasaray'' ümumilikdə 8 milyon avro ödəyib.
Ötən mövsümün qış transfer dönəmində 30 yaşlı futbolçu ''Lans''dan 1 milyon avroya icarəyə götürülmüşdü. Məcburi transfer maddəsi qüvvəyə mindiyindən komanda bu yay əlavə 7 milyon avro ödəməli olmuşdu.
Frankovski ötən mövsüm yalnız 15 rəsmi oyunda forma geyərək 1 məhsuldar ötürmə ilə fərqləndi.
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta