AZ

Pərviz Məmmədrzayev: Azərbaycanda iki-üç dramaturq var ki, əsərləri səhnə üçün yararlıdır - MÜSAHİBƏ

“Tağıyev” filminin ikinci hissəsində milyonçu Musa Nağıyevlə Hacı Zeynalabdin Tağıyevin teatr səhnəsi var. Orada Musa Nağıyev Tağıyevin zala daxil olduğunu görən kimi dərhal ayağa qalxır və əl çalır. Bunu görən tamaşaçılar da onunla bərabər ayağa qalxıb Tağıyevi alqışlamağa başlayır.

"Elmlər Akademiyası" metrosunun yaxınlığı. Hüseyn Cavid adına park. Fotoqrafımızla açıq məkanların birində müsahibimizi gözləyirik. Elə bu dəm fotoqrafımız ayağa qalxır, barmaqlarını əks istiqamətə tuşlayıb deyir:

– Tağıyev gəldi.

Həmin səhnənin təntənəsi və fotoqrafımızın təqdimi məni o qədər təsirə salır ki, bir o qalır, ayağa qalxam, Tağıyevin gəlişini alqışlayam və məkandakı digər qonaqlar da mənə qoşulsun.

Səbəb isə çox sadədir: Musa Nağıyev Tağıyevi zalda gözlədiyi kimi mən də müsahibimi nə az, nə çox beş aydan çoxdur ki, gözləyirəm...

“Report” Xalq artisti Pərviz Məmmədrzayevlə müsahibəni təqdim edir.

– Pərviz bəy, hazırda nə işlə məşğulsunuz? Hansı layihələrdə varsınız?

– Hazırda özəl dərslər deyirəm, Musiqili Teatrda fəaliyyətim davam edir. Paralel olaraq seriallardan birində rol almışam, onunla məşğulam.

– Aha, serial maraqlı gəldi, çünki mən sizi heç vaxt serialda görməmişəm.

– Hə, mən serialda çəkilməyi sevmirəm. Bundan öncə olub, amma hər dəfəsində problem çıxıb və ayrılmışam. Sona qədər çəkildiyim serial “Şeyx Sənan” olub ki, 12 hissəlik layihə idi, onu uğurla problemsiz tamamlamışdıq. Amma Rusiyada dəfələrlə çoxseriyalı filmlərdə çəkilmişəm. Sonuncusu 2019-cu ildə olub.

– Seriallardan söz düşmüşkən, müsahibələrinizin birində yerli seriallarla dünyaca məşhur “Breaking bad”, “Prison break” kimi serialları müqayisə etmisiniz. Və fikir belə idi ki, onlara baxanda bizdə çəkilənlər serial deyil. Sizcə, müqayisəniz nə dərəcədə ədalətlidir?

– Müqayisə elə belə olmalıdır, Nihat bəy. Mənim nümunə gətirdiyim seriallar zirvədir. Aktyorun inkişaf xətti, ssenarinin özünün inkişaf xətti, paralellər, kəsişmələr... Adidən adi epizodlar belə bu seriallarda o qədər incəliklə işlənib ki... Az qala, dərslik səviyyəsində işlərdir bunlar.

Bəzi yerli seriallara baxanda istər-istəməz düşünürsən ki, yəni, doğrudanmı bizdə çəkilənlərə serial demək olar...

– “Breaking bad”da milçəyə həsr olunan bölüm var.

– Ay sağ ol. Dediyim də budur. Adidən adi, xırdadan xırda detallar o qədər dərindən işlənib ki, adam heyran qalır. Ona görə adam baxanda istər-istəməz düşünür ki, yəni, doğrudanmı, bizdə çəkilənlərə serial demək olar... Nə bilim? Bu səbəbdəndir ki, mən Azərbaycanda dəfələrlə serial təkliflərinə yox demişəm.

– Sırf ssenariyə görə.

– Bəli.

– Və bu problem düzələnə də oxşamır, düzü. Adama elə gəlir ssenari elə setdə yazılır.

– Elə setdə yazılır. Mən bəzən dostlarla fikrimi bölüşürəm ki, kimin nə problemi var, onu gətirir ssenariyə, bir növ, acığını ssenaridən çıxır. Elə bil müəlliflərin hərəsinin bir problemi olur, onu elə setdə həll edirlər, bu nə dərəcədə doğrudur? Sən obrazın xarakterik keyfiyyətlərinə öz istəyinə, yaxud probleminə görə zərbə vura bilməzsən.

– Bəs indi çəkildiyiniz serialda ssenari məsələsi necədir? Qane edir sizi?

– Yalan danışmayacağam, müəyyən qüsurlar yenə də var, amma nisbətən uğurludur. Artıq dörd bölümünə çəkilmişəm, görək davam edir.

Rusiyada tamaşada rolumu çox bəyənib filmə çəkmək istəyirlərmiş. Amma adamlardan biri erməni olub, yanındakına təəssüflə deyib ki, çox gözəl aktyordur, amma heyf ki, azərbaycanlıdır...

– Aydındır. Pərviz bəy, sizin Pantomima Teatrında çalışmağınız, oranın estetikasını mənimsəməyiniz çəkildiyiniz filmlərdə sizə mane olmur ki? Yaxud bunun müsbət tərəfləri də ola bilər.

– Pantomima Teatrı jest, mimika, baxış və plastika ilə həll deməkdir. Kinoda bunun mənə xeyri, birinci növbədə, sözsüz danışmaq bacarığının olmasıdır. Bəs ziyanı nə oldu? Teatr oyununa öyrəşmiş adam idim. Jestlərin genişliyi, emosianallıq, teatral yanaşma və s. Bax bu sadaladıqlarım, bəli, əvvəllər mənə əziyyət verirdi, amma bunu özümdə, bir növ söndürə bildim.

Rusiyada bir çox filmə çəkilmişəm, tamaşalar oynamışam. Orada çəkildiyim filmlər mənə çox şey öyrədib, teatrallıqdan çıxmağım da məhz orada çəkildiyim filmlərin sayəsində olub. Xatırlayıram, tamaşalardan birindən sonra tamaşanın prodüseri dedi ki, tamaşa gedə-gedə sənin söhbətin gedirdi. Rolumu çox bəyənib, filmə çəkmək istəyirlərmiş. Amma adamlardan biri erməni olub, yanındakına təəssüflə deyib ki, çox gözəl aktyordur, amma heyf ki, azərbaycanlıdır... Bax belə.

Qayıdaq sualınıza. Jest və mimikaları kiçiltmək üçün çox çalışdım, daha çox Jan Qabenin və Entoni Hopkinsin filmlərinə baxandan sonra demək olar ki, özümü bu yöndə tamamilə formalaşdırdım. Stanislavskiyə görə, obrazın dəyişkənliyi daxildən zahirə doğru olmalıdır, amma başqa cərəyanlarda bunun əksidir. Məsələn, Mixail Çexov deyir ki, biz zahirdən daxilə doğru dəyişkənliyi icra etməliyik.

– Filmlərdən danışacağıq. Gənc Tamaşaçılar Teatrı, Pantomima, “Azdrama”, indi də Musiqli Teatr... Teatrlarla bağlı bir xeyli yol keçmisiniz.

– Mən ixtisasca rejissoram. O zaman haradasa, on nəfərlik bir heyətlə Gənc Tamaşaçılar Teatrına müraciət etdik, məndən başqa hamını qəbul etdilər. Dedilər ki, digərləri aktyorluğu bitirib, sən isə yox. Ona görə də ən yaxşı halda sınaq müddətinə götürülə bilərsən və götürüldüm də. Rəhmətlik Xalq artisti Vaqif Əsədov gənclərin hamısını başına yığıb maraqlı bir tamaşa işlədi. Orada mən Dağlar adlı bir obrazı canlandırdım. Elə oldu ki, tamaşa artıq səhnəyə qoyulanda bizim o gənc heyətdən yalnız mən seçildim. Davamında isə həmin tamaşanı artıq professional aktyorlarla – Cəfər Namiq Kamal, Kübra Dadaşova, Ramiz Sərkərov, Mübariz Həmidov, Yasin Qarayevlə oynadım.

Bu tamaşadan sonra artıq işə götürüldüm. 1994-cü ilin mayında Bakıda Pantomima festivalı oldu və Xalq yazıçısı Elçin Əfəndiyev festivaldakı tamaşamızı yüksək qiymətləndirdi, ovaxtkı mədəniyyət naziri Polad Bülbüloğluna dedi ki, bu komandanın dağılmağına icazə vermə. Nazirin əmri ilə teatrın nəzdində “Dəli yığıncağı” adlı Pantomima Teatrı Truppası yaradıldı.

Sonra Pantomima Teatrına getdim, 2010-cu ildə oradan ayrıldım və “Simsar” Müstəqil Teatr Studiyasını yaratdım. Bu layihə də 2013-cü ilə qədər davam etdi, yekunda bəzi çətinlik və anlaşılmazlıqlara görə ayrılmalı olduq. 2013-cü ildə isə İsrafil İsrafilov həm məni, həm də digər dostları Akademik Milli Dram Teatrına dəvət elədi. Mən “Azdrama”ya ritm və plastika üzrə müəllim kimi, digərləri isə studiyanın aktyoru kimi... 2016-cı ildə rəhbərlik dəyişdi, Xalq artisti Azər Paşa Nemətov dedi ki, mənə studiya-filan lazım deyil, vəssalam. Məsəl var, dərziyə dedilər, köçürsən, iynəsini taxdı papağına ki, mən hazır. Biz də eləcə ayrıldıq.

2016-cı ildə Şamil İbrahimov adlı tələbəm teatr yaratdı, inzibati məsələlərə qarışmamaq şərti ilə onunla əməkdaşlıq etdik. Pandemiya dönəminə qədər davam elədik, amma sonra artıq çöküş oldu, vəssalam.

Pantomima Teatrı mənim üçün komfort zona idi, orada teatra güvənirdim, amma ayrılandan sonra artıq özümə güvənməyə başladım

– Pantomima Teatrından ayrılmağınız bir az söz-söhbətlə yadda qalmışdı.

– Məşhur bir gürcü filmi var, qaçaq bir adamın başına pul qoyulur. Bu da oradan-bura, buradan-ora qaça günün birində yaralı halda tapılır, adamlar yığılır başına. Bu da yalvarır ki, məndən uzaq durun, uzaqlaşın. Çünki bilsəniz mən kiməm, insan kimi yanaşmayacaqsınız. Yəni nə qədər yaxşıyıq, yaxşıyıq. İnsan harada körpünü yandırmadan getməli olduğunu bilməlidir. Mən bunu bildim, hiss elədim, getdim və getdiyimə də peşman deyiləm. Yaxşı bir fikir var, öz vətənin sənin ayağından asılan daşdır. Pantomima Teatrı mənim üçün komfort zona idi, orada teatra güvənirdim, amma ayrılandan sonra artıq özümə güvənməyə başladım.

– O zaman ayrılmağınızı özünü inkişaf baxımından faydalı hesab edirsiniz.

Tamamilə. Mən anladım ki, hər şeyi bir adamın adına bağlamaq lazım deyil. Öz gücünü hiss eləmək, dərk eləmək üçün ayrılmalısan, ayrıca özünü yoxlamalısan. Şərq təfəkküründə belə bir deyim var, yalnız ata öləndən sonra oğul kişi olur. Mən isə tək qalandan sonra öz gücümü hiss edə bildim. Özüm özümə hesabat verdim, özüm öz ayaqlarım üstündə dura bildim.

Müstəqil teatr özbaşına teatr demək deyil

– Pərviz bəy, həm dövlət teatrlarında çalışmısınız, həm də özünüz müstəqil teatr yaratmısınız. Nədir sizin üçün müstəqil teatr?

– Müstəqil teatr özbaşına teatr demək deyil. Müstəqil teatr odur ki, mən istədiyim əsəri etik hədləri aşmadan, senzura basqısı olmadan səhnəyə qoya bilim. Bu, mənim üçün teatr müstəqilliyidir. Dövlət teatrlarında, əlbəttə, müəyyən nəzarət mexanizmi olur, bəzi məsələlərə həssas yanaşılır. Müstəqil teatrda belə deyil. Mən müstəqil teatrda həm də aktyor yetişdirirəm, bu, məni xoşbəxt edir. Adlar çəkə bilərəm ki, filankəslər, bir növ, mənim yetirməmdir. İkincisi, mən tamaşanı kassa doldurum, yaxud kimsə bəyənəcək deyə qoymuram. Problemi görürəm və onu səhnəyə çıxarıram, vəssalam. Bir tamaşamızı xatırlayıram: “Mənim”. Tamaşada yalnız bircə söz işlədilirdi: mənim. Vəssalam. İki “bomj”dur, biri axtarır, fikirləşir, yığır. O biri qıraqdan baxır və qəflətən onu götürüb mənimsəyir, deyir, mənim. Bizim cəmiyyətdə bu hal varmı? Var. İnsanımızın xarakteridirmi? Bəli. Deməli, onu səhnəyə qoymaqda problem olmamalıdır. Biri yaradıcıdır, biri istifadəçi.

– Azərbaycanda teatrlar azaddırmı?

– Əslində, seçim baxımından azaddırlar, heç bir təzyiq yoxdur.

– Siz hazırda Musiqili Teatrdasınız, o azadlığı hiss edirsiniz?

– Musiqili Teatrda repertuar problemi var, bunu deməliyəm. Yeni təyinat alan direktor Aqil Bəhramlı müəyyən islahatlar görməkdə israrlıdır. Məsələn, onun arzusudur ki, teatrda “müzikl” olsun, amma bunun üçün ciddi maliyyə lazımdır. Həm tərcüməsi üçün, həm lisenziyası üçün və sair.

Əliqismət Lalayevin dövründə də repertuarla bağlı təzyiq olduğunu xatırlamıram, sadəcə, hesab edirəm ki, o zaman nəzarət çox güclü idi. Bilmirəm, bəlkə də, belə lazım idi, amma mən özüm nəzarət olmadan belə məsuliyyəti dərk edə bilirdim.

– Neçə ildir, oradasınız?

– Artıq səkkiz ildir. Bu səkkiz il ərzində üç tamaşada əvvəldən seçilmişəm, məşq edib oynamışam. Digərlərində sonradan rol verilib. Yəni aktyor tamaşadan çıxıb, onu bir neçə məşqdən sonra əvəz etmişəm.

– Belə əvəzedici kimi oynamağın çətinliyi varmı?

– Belə olan halda, aktyor kimi öz yaradıcı keyfiyyətlərindən imtina etməli olursan. Çünki səndən əvvəlki aktyor artıq o rolu qəlibə salır, sən də məcbur ora girirsən.

– Musiqili Teatrda repertuar probleminin olduğunu dediniz. Bizdə tez-tez Azərbaycan teatrlarının repertuarı, köhnə olması barədə müzakirələr olur.

– Nihat bəy, Azərbaycanda dramaturq problemi var. Dramaturji əsər, verdiyi mesaj problemi var. Bu danılmazdır. Mənim özüm üçün də bu, çox ciddi problemdir. Hazırda Azərbaycanda iki-üç dramaturq adı çəkmək olar ki, onların əsərləri yararlıdır, mükəmməldir demirəm, sadəcə, səhnənin qanunlarına uyğundur. Mən o qədər tamaşalardan imtina etmişəm ki... Eləcə də aktyorlarımız bu problemə görə əziyyət çəkirlər. Mən hansısa tamaşadan imtina edirəm, deyirlər, naz edirsən, nə bilim, problem yaradırsan. Mən axı baxıram, görürəm ki, sənin tamaşanda insan və həyat işartısı yoxdur, köhnə fikirlər baş alıb gedir. Bu tamaşa bu günün deyilsə, oynamaq istəmirəm, bu mənim fikrimdir, sən buna hörmətlə yanaşmalısan.

– Aydındır. Gələk “Tağıyev” filminə. Maraqlıdır, Tağıyev obrazına necə hazırlaşdınız? Nələri oxudunuz, kimləri oxudunuz?

– Oooo... Mən haradasa 12-13 yaşlarından Tağıyevi tanıyıram. Atam Manaf Süleymanovun “Eşitdiklərim, oxuduqlarım, gördüklərim” kitabını almışdı. Mən o kitabı iki-üç günə oxuyub bitirdim, özü də böyük bir zövqlə. Və mənim üçün Tağıyev şəxsiyyəti....

Bir qədər düşünür...

"Tağıyev"ə dəvət edilənə qədər heç bir halda ağlıma gəlməzdi ki, nə vaxtsa belə bir film çəkilə və mən baş rola dəvət alaram

– Bütləşdi.

– Yox, bütləşdi deməzdim, sadəcə, Tağıyev mənim üçün aysberq kimi görünməyə başladı. Bir növ, onunla qarşılaşdım. Onunla üzləşdim.

O vaxtlar “Ədəbiyyat və incəsənət” qəzetində Tağıyev barəsində olan məqalələri, xırda yazıları kəsib saxlayırdım. Orada bir dəfə elan gördüm: yazılmışdı ki, Tağıyevə aid portret Azərbaycan Milli Tarix Muzeyinə qaytarılıb. Mən dərhal getdim muzeyə, gördüm ki, portreti Tağıyevin yataq otağının yanında xanımına aid istirahət otağının eyvanında bükülü şəkildə divara söykəyiblər. Bu məni çox məyus elədi. Sovet dövrü idi, bu cür etinasızlıq, yəqin, ondan qaynaqlanırdı...

Sonra qarşıma çıxdıqca müxtəlif məqalələr, kitablar oxudum. Heç bir halda, ağlıma gəlməzdi ki, nə vaxtsa belə bir film çəkilə və mən baş rola dəvət alaram. Bu film barəsində söhbət gedəndə belə ağlımdan keçməmişdi. Sosial mediada Bakının keçmişi ilə bağlı müxtəlif səhifələr izləyirəm, orada da daha çox Tağıyev barəsində, onun şəxsiyyəti, ailəsi və digər məsələləri oxuyuram.

– Bəs filmə necə dəvət olundunuz?

– Qaxda çəkilişdə idim. Filmin kastinq direktoru zəng vurdu ki, belə bir layihə var, sizin də iştirak etməyinizi istəyirik.

– Dedilər baş rol üçün?

– Yox, yox. Sadəcə, dedilər, gəlin, iştirakınızı istəyirik. Dedim ki, hələ çəkilişdəyəm, haradasa on günə-filan qayıdacağam, gələrəm. Bir gün öncədən mənə mətn atıldı. Mətn Tağıyevə dair idi, dedilər, əzbərlə. Dedim, yaxşı. Mətn Tağıyevin fəhlələr qarşısındakı çıxışından idi.

Xülasə, əzbərlədim, gəldim. Rejissor Zaur Qasımlı ilə görüşdük. Soruşdu ki, əgər öz versiyan varsa, əvvəl onu çəkək, sonra mən deyəni. Razılaşdıq. Rasim Cəfər də orada idi, filmdə Musa Nağıyev obrazını canlandırır. Öz versiyamı oynadım, bəyənildi, sonra rejissorun versiyasını oynadım. O da bəyənildi. Vəssalam.

Tağıyev roluna hazırlaşmaq üçün beş kitab, onlarla məqalə oxumuşam

– Təsdiqləndiniz.

– Yox, sadəcə, dedilər ki, get, xəbər edəcəyik. Bu proses iyul ayında olmuşdu, mənə bir də xəbər gəldi dekabrın ikinci ongünlüyündə. Dedilər ki, sabah mütləq gəl filan yerə, mən o zaman Füzulidə tamaşa qoymuşdum. Gələ bilmədim, danışdıq ki, ayın sonu gələcəm. Elə də oldu, gəldim, dedilər ki, siz Tağıyev roluna təsdiqlənmisiniz. İnanın, tüklərim biz-biz oldu, özümü tamamilə itirdim. İndi də yadıma düşür, qəribə oluram. Belə yəni...

Çəkilişlərimiz isə mart ayından başladı. Buna qədər Zaur Qasımlı ilə tez-tez görüşürdük, mənə Tağıyevlə bağlı iki kitab verdi. Biri tarixçi-alim Fərhad Cabbarovun kitabı idi. Belə ümumilikdə o ərəfədə Tağıyevlə bağlı beş kitab oxudum. Daha sonra onlarla məqalə, internetdən tapdığım digər vəsaitlər və sair. Kitabları qısa müddətə bitirdim, haradasa 15-20 günə. Ondan sonra özüm üçün Tağıyev obrazını yaratdım, yerişindən, gülüşündən, danışığından tutmuş, ən adi davranışlarına qədər. Zaur Qasımlı özü Tağıyev barədə bir xeyli material toplamışdı, mənə çox ciddi istiqamət verirdi.

Sizə deyim ki, Zaur Qasımlı ilə işləmək mənə zövq verdi. Biz bu filmdə sanki hörgü hörmüşük, bir-birimizlə effektiv şəkildə paslaşmışıq. Bu çox uğurlu tandem idi. Mən indiyə qədər onunla heç bir layihədə işləməmişəm, amma bu filmdə bir-birimizi çox yaxşı başa düşdük.

– Kinoda, yaxud elə teatrda obrazın mütləq şəkildə insan təbiətinin mürəkkəbliyi, təzadları üzə çıxmalıdır. Amma mən Tağıyevdə daxili mürəkkəblik sezə bilmədim.

– Siz, sadəcə, iki bölümə baxmısınız.

– Yəni bundan sonra obraza aid ziddiyyətli tərəflər görünəcək?

– Bəli, görünəcək. Amma siz ilk bölümdə Tağıyevlə bağlı heç mənfi situasiya görmədiniz?

– Yəqin ki, həyat yoldaşının ölümü məsələsini nəzərdə tutursunuz.

– Vəssalam da. Bu nədir bəs?

– O səhnə mən dediyim problemi tam ödəmir axı, məncə.

– Buna ehtiyac da yoxdur. Elə o səhnədə Tağıyevlə oğlunun toqquşması var, atasına qarşı çevrilməsi səhnəsi var, bu nədir bəs? İnsan düşünür ki, ailəm və onun gələcəyi üçün mən bunu əldə etməliyəm. Amma gələcəyini düşündüyü ailəsini diqqətdən kənarda qoyur, bir növ, unudur. Bu kifayət qədər tutarlı ziddiyyətdir.

Rəssamlıqda primitivizm anlayışı var, bir növ, hər şeyin aşkar şəkildə təqdimi. Filmdə tamaşaçı primitivizm axtarır, hər şeyi açıq-aşkar görmək istəyir, buna nə ehtiyac var? Tağıyev danışdığımız səhnədə oğlunun qarşısında diz çöküb ağlayır. Bu nədir? Bu onun səhvlərinin, sizin dediyiniz problemli tərəflərinin təqdimi və onu qəbul etməsidir.

İnsanın tamamilə müsbət biri olması mümkünsüzdür. O baxımdan Tağıyev obrazı da tam müsbət deyil. Uşaq vaxtı mollaxanadan qaçmasından tutmuş ta qocalığına qədər bütün məsələlər ümumilikdə səkkiz bölümlük filmdə açılacaqdı, amma dörd seriya çəkildi.

– Bunu soruşacaqdım, əslində. Filmin rejissoru Zaur Qasımlı müsahibəsində deyib ki, növbəti dörd bölüm də çəkiləcək.

– Bilmirəm, vallah. Texniki tərəflər barədə heç bir bilgim yoxdur. Mən sadəcə öz obrazım barədə danışa bilərəm və sizi əmin edirəm, üçüncü seriyada konflikti ən yüksək şəkildə görəcəksiniz. Mən özüm hər seriyanın premyerasında zalda əsirəm, həyəcan keçirirəm. Görəsən, necə olacaq, nə olacaq... bir tamaşaçı kimi. Səhnəyə çıxanda tər-su içində oluram, son dərəcə həyəcan keçirirəm.

– Siz, sadəcə, Tağıyevi çox sevirsiniz.

– Tağıyev çox böyük ziyalı olub. Özü təhsilsiz olmağına baxmayaq, insanların təhsilli olması üçün nələr edib, nələr... Müəyyən səhvləri ola bilər, amma bu adam təpə-dırnaq saf adam olub, millətini sevən olub.

Sosial mediada "Tağıyev"lə bağlı rəyləri oxuyuram, rəylərdən biri bu idi ki, filmdə baş rolda parça-bozbaş oynayır

– Aydındır. Sosial mediada fəalsınız. Film haqqında gələn fikirləri oxuyursunuzmu?

– Bəli, bəli, oxuyuram. Həm müsbət rəylər olur, həm mənfi, hamısına diqqət edirəm. Hətta bir dəfə belə bir fikir oxudum ki, deyir, filmə baxmamışam, zəmanəmizin Tağıyevi filankəsdir, elə olmalıdır, görəsən, filmdə bu şeylər nəzərə alınıbmı? Ona cavab gəldi ki, Tağıyev filmində baş rolda parça-bozbaş oynayır. İnanın, mən şoka düşdüm. O adamın özünə yazdım, maraqlandım. Mənə arqument gətirdi ki, orada fəhlələrlə bağlı yemək səhnələrində filan şey olub... nə olub... Dedim, çox sağ ol. Fəhlə nəyi düşünməlidir? Yeməyi. Bunu filmdə olduğu kimi göstərməyin nəyi pisdir? Nə bilim... Bəzən belə fikirlər də olur.

Sonra bir nəfər yazmışdı ki, Tağıyev çox nurlu adam olub, bu aktyorun üzündən “moşenniklik” yağır. Bu rəylər, düzü, məni sevindirir. Çünki fikirlər birmənalı deyilsə, demək, film uğurludur. Hər kəsin xoşuna gəlmək mümkünsüzdür.

– Pərviz bəy, xüsusi səs tembriniz var, sizcə, bu səs tembri Tağıyev obrazı üçün uğurludurmu?

– Vallah, onu tamaşaçılar deyə bilər. Nə deyirlər?

– Bəzən fikirlər olur ki, səs tembriniz Tağıyev üçün uyğun deyil?

– Yəni nazikdir, hə? O adamlar Tağıyevin səsini harada eşidiblər ki? Bəlkə, elə belə olub? Bəlkə, bundan da incə? Sizə bir sual: Ağa Məhəmməd şah Qacarın səsi necə olub?

Bilmirəm.

– Bu da belə.

– Yəni siz problem görmürsünüz?

– Qətiyyən. Hətta mənə səslə bağlı bir xeyli təriflər gəlir. Neqativ rəyi ilk dəfə sizdən eşitdim, düzü. Amma bu da normaldır, olmalıdır.

– Bəzən hansısa bir uğuru obraz aktyorun həyatına köklü təsir edir. Bizdə də buna nümunələr çoxdur. Valeh Kərimov, məsələn, yaxud qardaşı Loğman Kərimov. Siz necə düşünürsünüz? Pərviz Məmmədrzayev bundan sonra Tağıyevin həyatını yaşaya bilər?

Gülür.

– Yox, elə bir həyat yaşayacağımı düşünmürəm.

– Qızınız, səhv eləmirəmsə, “Sübhün səfiri”ndə çəkilib. Bu sahədə davam edirmi?

– Bəli, çəkilib, amma yox, övladlarımın hər biri tamamilə fərqli yollar seçiblər.

Valideynlərim uşaq vaxtı incəsənət sahəsinə yönəldiyimə görə mənə çox ciddi maneə yaradıblar

– Yəni qoymamısınız.

– Yox, sadəcə, özləri öz yollarını seçiblər, mənim heç bir təzyiqim olmayıb. Amma sizə deyim ki, valideynlərim uşaq vaxtı mənə çox ciddi maneə yaradıblar. Mən rəssam olmaq istəyirdim, çox yaxşı bacarığım da vardı. Hətta uşaq ikən müəllimim Moskvada fərdi sərgimi keçirmək təklifi də etmişdi. Amma evdən icazə vermədilər. Sonra idmana marağım yarandı, yenə qoymadılar.

İncəsənət Universitetinə hazırlaşanda da müəyyən narazılıqları oldu. Haradasa səkkizinci sinifdən müəlliməm məndə belə bir istedadın olduğunu gördü, davamlı şəkildə İncəsənət Universitetinə sənəd verməyimə israr etdi. Birinci il qəbul ola bilmədim, mənə dedilər ki, səndən aktyor olmaz. İkinci il də qəbul ola bilmədim. Evdəkilər deyirdi, başqa sahəyə yönəl, orada çörək yoxdur və sair, dedim yox, ancaq bu yol, vəssalam. Nəhayət, üçüncü cəhddə qəbul oldum. Birinci kursun birinci semestrində Dövlət Televiziyasında balaca bir epizoda çəkilmişdim. Atam mağazada alış-veriş edən zaman həmin epizodu görüb. Satıcı da səhnəyə baxıb nəsə əsəbiləşib ki, bu niyə belə edir... Atam da deyib ki, a kişi, ağzını dinc saxla, mənim oğlumdur... Ondan sonra bir az yumşaldı.

– Xoşu gəlib.

– Hə, xoşu gəlmişdi. Amma dedi ki, bu sənətdə çörək yoxdur.

– Düz deyir.

– Düz deyir, bəli. Mən bu gün gör eyni anda nə qədər işlə məşğulam. Elə bunu deyirmiş kişi...

Mən uşaq vaxtı heç vaxt ana yeməyi yeməmişəm, övladlarım da belə olmasın deyə həyat yoldaşımı səhnədən uzaqlaşdırdım

– Pərviz bəy, həyat yoldaşınız da aktrisa idi, amma sizin istəyinizlə səhnədən uzaqlaşıb. Elə bilirəm, bu bir az da ailənizin uşaq yaşlarından sizə təzyiqi və...

– Tam səmimi iki səbəb deyəcəyəm. Birinci səbəb odur ki, mən uşaq vaxtı heç vaxt ana yeməyi yeməmişəm. Çünki atam kimi anam da işləyib. Evə gedirdim, anamı görmürdüm, onun isti yeməyini yeyə bilmirdim. Anam xəstələnib yatağa düşəndən sonra mən normal şəkildə anamı evdə görmüşəm. Məktəbdə dalaşırdım, evə gəlib paltarımı yuyub qurudurdum, anam gələndə heç bilmirdi ki, mən dalaşmışam. Başa düşürsünüz? Mən istəmədim ki, övladlarım belə olsun. Həyat yoldaşım da mənimlə eyni fikirdə oldu.

İkinci səbəb isə odur ki, teatrda müəyyən söz-söhbətlər yaranmağa başladı. Deyirdilər rollar düzgün bölünmür, ayrı-seçkilik var və sair. Bu cür dedi-qoduları qətiyyən sevmirəm. Və ona seçim şansı verdim, o da bunu seçdi.

– Peşman deyil?

– Nihat bəy, mən ona dəfələrlə deyirəm ki, istəyirsən, qayıt, səninlə gələrəm, yanında olaram. Deyir, yox, çox uzaq düşmüşəm, qorxuram... Birdən alınmaz, uğursuz olar.

Müasir yerli ədəbiyyatda maraqlanmıram

– Aydındır. Ədəbiyyatla aranız necədir? Xüsusilə müasir yerli ədəbiyyatdan kimləri tanıyırsınız?

– Müasir yerli ədəbiyyatla maraqlanmıram. Bəzən qarşıma çıxarsa, oxuyuram, amma belə maraqlı deyil. Məsələn, İlqar Fəhmini tanıyıram, oxuyuram. Amma belə təzə imzalar barədə bilgim yoxdur.

– Amma biz bayaq dramaturq çatışmazlığından danışdıq. Bəlkə, maraqlansanız, oxusanız, imzalar kəşf edə bilərsiniz.

– Dramaturqlarla maraqlanıram. Amma belə digərləri ilə yox.

– Sizcə, bir aktyor müasir yerli ədəbiyyata biganə qalmalıdırmı?

– Nihat bəy, mən görürəm ki, bu adam, bu imza pul qazanmaq üçün yazır, o məni çəkmir. İsa Hüseynov, İsmayıl Şıxlı, Süleyman Rəhimov, İlyas Əfəndiyev kimi imzaları oxuduqdan sonra bu imzalar məni çəkmir. Oxumağa cəhd edirəm, yarımçıq qalır. Ona görə də oxumuram və maraqlanmıram.

Foto: Mircavid Eminoğlu

Seçilən
17
report.az

1Mənbələr