Bakı, 6 avqust, AZƏRTAC
Britaniyada tədqiqat qrupu ana genlərinin uşaqların piylənmə ehtimalına güclü təsir göstərdiyini aşkarlayıb. Bu, hətta onların övladlarının həmin DNT bölgələrini miras almadığı hallarda belə baş verir.
AZƏRTAC xarici mediaya istinadla xəbər verir ki, London Universitet Kollecinin (UCL) mətbuat xidmətinin məlumatına görə, bu kəşf uşağın böyüdüyü mühitin və qidalanma vərdişlərinin formalaşmasında dolayı genetik faktorların mühüm roluna işarə edir.
Alimlər bildirirlər ki, ananın genetikası onun övladlarının çəkisinə və piylənmə ehtimalına daha çox təsir edir. Müşahidələr göstərir ki, anaların genləri uşağın inkişaf etdiyi mühitin formalaşmasında həlledici rol oynayır ki, bu da dolayısı ilə onların bədən kütləsi indeksində özünü göstərir.
Tədqiqatçılar 2,6 min britaniyalı ailənin həyat və sağlamlığının hərtərəfli monitorinqindən sonra bu qənaətə gəliblər. Artıq 25 ildir ki, alimlər ata, ana və uşağın həyat və fəaliyyətlərinin müxtəlif aspektlərinin bədən kütləsi indeksinə və 3-17 yaşarası insanlarda piylənmənin inkişaf ehtimalına necə təsir etdiyini müşahidə edirlər.
Bu müşahidələr çərçivəsində alimlər valideynlərdən DNT nümunələri toplayıb, ata və ananın genomunda piylənmənin inkişafına kömək edən hansı mutasiyaların mövcud olduğunu və uşağa ötürüldüyünü öyrəniblər. Əldə olunan nəticələr həkimlərə ilk dəfə olaraq piylənmənin inkişafı ilə bağlı valideyn genetik amillərinin uşaqda artıq çəki ilə bağlı problemlərin inkişafına birbaşa və dolayı töhfəsini qiymətləndirməyə imkan verib.
Təhlillər göstərir ki, atanın uşağın artıq çəkisinin yaranmasında demək olar ki, bütün “töhfəsi” birbaşa genetik faktorlarla - DNT-nin piylənmənin inkişafına kömək edən bölmələri ilə bağlı olub və genomun ata yarısı ilə birlikdə uşaqlara ötürülür. Eyni zamanda, anaların uşaqlarının bədən kütləsi indeksinə “töhfəsinin” 20 faizdən 33 faizə qədəri dolayı genetik amillərlə - qadının özündə piylənmə ehtimalına təsir edən, lakin övladı tərəfindən miras alınmayan genlərlə əlaqəli olduğunu bildirib.
Alimlər qeyd edirlər ki, bu DNT bölgələri hamiləlik zamanı qadınların qidalanma vərdişlərinə təsir edir, həmçinin anaların uşaqları əmizdirdikdən sonra hansı qidalar qəbul etməsinə əhəmiyyətli dərəcədə təsir göstərir. Tədqiqatın nəticələri piylənmə ilə mübarizədə istifadə ediləcək.