“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Çempionlar Liqasının 3-cü təsnifat mərhələsində “Şkendiya”ya qarşı keçirdikləri ilk oyunu şərh edib.
Arena.az xəbər verir ki, Azərbaycan və Şimali Makedoniya çempionları arasındakı ilk qarşılaşma bu gün Skopye şəhərində baş tutub.
Ağdam təmsilçisi çətin səfər matçından 1:0 hesablı qələbə ilə ayrılıb. Qurban Qurbanov oyundan sonra təşkil edilmiş mətbuat konfransında bunları söyləyib:
“Futbolçularımıza təşəkkür edirəm, sona kimi mübarizə apardılar. Belə matçlarda axıra qədər oyundan qopmamaq çox vacibdir. Futbolçularımız nəticə üçün oynamağı bacardılar, onları təbrik edirəm.
Rəqib barədə də xoş sözlər demək istəyirəm. Əvvəlki mərhələdə “Styaua”ya hər iki görüşdə qalib gəlmişdilər. Bugünkü çıxışları ilə sübut etdilər ki, hər iki matçda çox güclü komanda üzərində layiqli qalibiyyət əldə etmişdilər. Bizə də çox gərginlik yaratdılar. Belə rəqibə qarşı səfər oyunundan qələbə ilə dönmək böyük üstünlükdür. Amma Bakıda daha diqqətli və ciddi olmalıyıq. Çünki qarşımızda məğlubiyyəti sevməyən kollektiv var”.
Qurban Qurbanov azarkeşlərin stadionda gözəl atmosfer yaratdıqlarını söyləyib:
“Futbolun yaraşığı azarkeşdir, bu cür atmosferdir. Belə yaxşı stadionda bu qədər azarkeşin olması matçı daha da gözəlləşdirmişdi. Bu ab-hava “Şkendiya” komandasına da əlavə motivasiya vermişdi. Gözəl atmosferə və baxımlı oyuna görə həm yerli azarkeşlərə, həm də rəqib komandaya təşəkkür edirəm”.
Xatırladaq ki, “Şkendiya” ilə “Qarabağ” arasındakı cavab qarşılaşması avqustun 12-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək. Həlledici oyuna saat 20:00-da start veriləcək.