AZ

Türkiyədə PKK-nın tərksilah olunması ilə bağlı siyasi mərhələ başlayır

Parlamentdə hüquqi mexanizmlər üzərində iş gedir, amma prosesin davamlılığı sual altındadır...

Poliqon xəbər verir ki, avqustun 5-də Türkiyə Böyük Millət Məclisində PKK-nın tərksilahı ilə bağlı sülh prosesinə hüquqi baza yaratmaq məqsədilə xüsusi komissiya fəaliyyətə başlayıb.

Əvvəlcədən bu komissiyanın 51 deputatdan ibarət olması planlaşdırılsa da, İYİ Partiyasının iştirakdan imtina etməsi ilə üzvlərin sayı 48-ə düşüb. Komissiyada Ədalət və İnkişaf Partiyası (AKP) — 21, Cümhuriyyət Xalq Partiyası (CHP) — 10, Demokratiya və Bərabərlik Partiyası (DEM) — 4, Milliyyətçi Hərəkat Partiyası (MHP) — 4, Yeni Yol Partiyası — 3 və digər altı partiyadan hər birindən 1 nəfər deputat təmsil olunacaq.

Komissiya parlament sədri tərəfindən konstitusiya və ya qanun əsasında deyil, siyasi qərarla yaradılıb. Bu isə onun hüquqi davamlılığını zəiflədir. Komissiyanın əsas vəzifəsi PKK-nın tərksilahı ilə bağlı qanunvericilik təşəbbüsləri və qərarların hazırlanması olacaq. Bu kontekstdə “Terrorla mübarizə haqqında” qanuna, Türk Cəza Məcəlləsinə və cəza icrası ilə bağlı normativ aktlara dəyişikliklər müzakirə edilir. Prosesə qeyri-hökumət təşkilatlarının da cəlb olunması planlaşdırılır.

Qeyd edək ki, Türkiyədə PKK-nın tərksilahı prosesi ötən ilin oktyabrında MHP lideri Dövlət Baxçalının PKK-nın həbsdəki lideri Abdullah Öcalana təşkilatın buraxılması və parlament qarşısında çıxış etməsi ilə bağlı etdiyi çağırışdan sonra başlayıb. Öcalan bu çağırışı müsbət qarşılayıb, DEM təmsilçiləri ilə görüş keçirib, PKK-nın buraxıldığını bəyan edib və silahlıların silahı yerə qoymağa çağırıb. Bu prosesin nəticəsi kimi iyulun 11-də İraqın Süleymaniyə şəhəri yaxınlığında PKK-nın 30 üzvü silahı təhvil verib, bu silahlar isə rəsmi mərasimdə yandırılıb.

Mətbuata sızan məlumata görə, razılaşmada aşağıdakı məqamlar yer alır:

- PKK üzvləri silahı təhvil verməlidir;
- Cinayətlərdə iştirak etmiş şəxslər məsuliyyətə cəlb olunacaq;
- Haqqında ittiham olmayan şəxslərə amnistiya veriləcək.

Əvəzində PKK-nın bir hissəsi, o cümlədən Öcalanın özü üçün amnistiya və ya cəza yüngülləşməsi nəzərdə tutulur. Amma Öcalanın azad olunacağı gözlənilmir — yalnız həbsdəki şəraitinin yaxşılaşdırılması mümkündür.

Parlament komissiyası bu prosesin hüquqi müşayiəti ilə məşğul olacaq. Hakim AKP üçün bu addım DEM-i — Türkiyədəki əsas kürd siyasi qüvvəsini öz tərəfinə çəkmək baxımından da əhəmiyyətlidir.

Bununla belə, əsas sual açıq qalır: PKK-nın silahlı üzvləri həqiqətən silahı yerə qoyacaqmı? Mövcud məlumatlara əsasən, bir çox PKK üzvü Suriyaya keçərək təşkilatın oradakı qolu olan YPG-yə, yaxud İranın PJAK və “Komala” strukturuna qoşulur.

Poliqon.info

Seçilən
12
poliqon.info

1Mənbələr