AZ

Büdcə siyasətində çeviklik və şəffaflıq üçün yeni hüquqi əsaslar - ŞƏRH

Azərbaycan Respublikasında büdcə siyasətinin səmərəliliyinin artırılması, fiskal idarəetmədə şəffaflıq və çevikliyin təmin edilməsi məqsədilə “Büdcə sistemi haqqında” qanuna bir sıra mühüm dəyişikliklər edilib. Prezident İlham Əliyev tərəfindən təsdiqlənmiş bu qanun dəyişikliyi dövlət büdcəsinin tərtibi, icrası və nəzarət mexanizmlərinin yenidən formatlaşdırılmasını, eləcə də iqtisadi və institusional dayanıqlığın gücləndirilməsini hədəfləyir. Qanun layihəsi həm hüquqi normativ bazanın təkmilləşdirilməsini, həm də büdcə prosesində rast gəlinən praktiki qeyri-müəyyənliklərin aradan qaldırılmasını hədəfləyir. Hesablama Palatasının müvafiq rəy və tövsiyələrini nəzərə alan dəyişikliklər, büdcə idarəçiliyində texniki və funksional uyğunsuzluqların aradan qaldırılmasına yönəlib. Bu, eyni zamanda dövlət resurslarının səmərəli istifadəsinə zəmin yaradır.

Yeni qanunvericilik paketi çərçivəsində həyata keçirilən əsas dəyişikliklərdən biri məqsədli büdcə fondlarında ilin sonuna istifadə olunmamış vəsaitlərin idarəetmə mexanizminin sadələşdirilməsidir. Əvvəllər bu vəsaitlər təkrar büdcəyə daxil edilərkən statistik göstəricilərdə çaşqınlığa səbəb olurdu. Artıq bu vəsaitlərin vahid xəzinə hesabının sərbəst qalığında toplanması və idarə olunması nəzərdə tutulur. Bu yanaşma büdcə uçotunda təkrarlanan qeydlərin qarşısını almaqla yanaşı, likvid vəsaitin daha effektiv idarəsini təmin edə bilər. Eyni zamanda dövlətin maliyyə dayanıqlığını artıran və kənar borclanmaya olan təzyiqləri azaltmağa yönəlmiş pozitiv addımdır.

Dəyişikliklərin diqqət çəkən tərəflərindən biri də dövlət büdcəsində dividendlərin rəsmi olaraq gəlir mənbəsi kimi tanınmasıdır. Bu, dövlətin nizamnamə kapitalında pay sahibi olduğu müəssisələrdən əldə etdiyi dividendlərin artıq büdcəyə şəffaf şəkildə daxil edilməsinə şərait yaradır. Beləliklə, qeyri-vergi gəlirlərinin strukturunda diversifikasiya artır və büdcənin fiskal bazası genişlənir. Bu, xüsusilə neftdənkənar sektorun maliyyə dayanıqlığı və büdcəyə yükün azaldılması baxımından əhəmiyyətlidir. Azərbaycanın qeyri-neft sektorunu gücləndirmə yönündəki siyasətinə uyğun olaraq, bu addım həm də dövlət aktivlərinin kommersiya potensialından daha rasional istifadəni təşviq edə bilər.

Qanunla vahid xəzinə hesabının sərbəst qalığının idarə olunması imkanları da genişləndirilib. Əgər əvvəlki sistemdə bu vəsaitin istifadəsi məhdudlaşdırılmışdısa, yeni yanaşma qısa müddətli artıqlıq yaranan aylar ərzində bu vəsaitlərin dövriyyəyə cəlb olunmasına şərait yaradır. Praktik baxımdan bu dəyişiklik dövlət büdcəsinin likvidlik imkanlarını artırır və imkan verir ki, dövlət ehtiyatda olan vəsaitlərdən optimal dövrdə əlavə gəlir əldə etsin. Bu isə fiskal siyasətin çevik və proaktiv şəkildə idarə olunmasına zəmin yaradır.

Dövlət borcu ilə bağlı xərc mexanizmlərinin yenidən strukturlaşdırılması da qanunda öz əksini tapıb. Dövlətin investisiya layihələrində pay iştirakına aid olan xərclərin əsaslı xərclər kimi ayrıca qeyd olunması, həm hüquqi, həm də büdcə uçotu baxımından aydınlıq yaradır. Beləliklə, borca xidmət və investisiya fəaliyyətləri bir-birindən hüquqi və funksional olaraq ayrılır, bu da maliyyə planlamasında daha şəffaf yanaşmaya gətirib çıxarır. Eyni zamanda, bu addım fiskal risklərin daha düzgün ölçülməsi və idarə olunmasını mümkün edir.

Qanunla büdcə qaydasının tətbiqində çeviklik artırılır. Mövcud qanunvericilikdə büdcə qaydasına əsaslanan yuxarı həddlər (məsələn, qeyri-neft baza kəsiri ilə bağlı limitlər) 4 illik dövr üçün müəyyən edilirdi. Yeni dəyişikliklər bu göstəricilərin daha çevik, dövr sonu üçün müəyyənləşdirilməsini və illik əsasda Nazirlər Kabineti ilə razılaşdırılaraq yenidən nəzərdən keçirilməsini mümkün edir. Bu, xüsusilə dinamik və dəyişkən iqtisadi mühitdə büdcə siyasətinin adaptivliyini artırır. Məsələn, Böyük Qayıdış proqramı və ya geosiyasi şərtlərdən irəli gələn təcili xərclər bu çevikliyə ehtiyac olduğunu göstərir.

Seçilən
8
aznews.az

1Mənbələr