AZ

Azərbaycan riyaziyyat olimpiadasında niyə yer tutmayıb? - Rəsmi açıqlama

Ötən günlərdə 110 ölkənin iştirak etdiyi Avstraliyada keçirilən 66-cı Beynəlxalq Riyaziyyat Olimpiadasında yekun nəticələr açıqlanıb. Lakin nəticələrə görə, Azərbaycan bu olimpiada yer qazana bilməyib. 

Azərbaycanlı məktəblilərin başqa ölkələrdə keçirilən müxtəlif müsabiqə və elmi yarışlarda qələbə qazanmasına rəğmən, bu olimpiadada fərqlənə bilməməsinin təəccüb doğurur. 

Bəs, bunun səbəbi nədir? Niyə 110 ölkə arasında adımızı görə bilmədik? 

Azərbaycan Respublikasının Təhsil İnstitutundan News24.az-ın sorğusuna cavab olaraq bildirilib ki, məktəblilərimiz hər il müxtəlif beynəlxalq fənn olimpiadalarında iştirak edirlər: "Beynəlxalq fənn olimpiadalarında ölkəmizi təmsil edəcək komanda respublika fənn olimpiadalarında yüksək nəticə göstərmiş şagirdlər sırasından seçim əsasında formalaşdırılır. Beynəlxalq olimpiadalara hazırlıq mərkəzində yerli və əcnəbi mütəxəssislər tərəfindən həmin şagirdlərin hazırlıq prosesi həyata keçirilir.

Sözügedən olimpiadada iştirak edən komandamızın nəticələri tərəfimizdən təhlil edilir və çatışmazlıqların aradan qaldırılması üçün tədbirlər görüləcək”.

İnstitutdan əlavə olaraq bildirilib ki, son 5 ildə sözügedən Beynəlxalq Riyaziyyat Olimpiadasında məktəblilərimiz 2 gümüş və 8 bürünc olmaqla ümumilikdə 10 medal qazanıblar: “Bundan başqa, Azərbaycan məktəbliləri 2024-2025-ci tədris ilində riyaziyyat fənni üzrə bir neçə beynəlxalq olimpiadada iştirak edib və uğurlu nəticə göstəriblər:

- Özbəkistanda keçirilən Beynəlxalq Əl-Xərəzmi Olimpiadası– 2 qızıl və 2 gümüş medal

- Şimali Makedoniyada keçirilən Yeniyetmələrin Beynəlxalq Balkan Olimpiadası - 1 qızıl, 2 gümüş və 2 bürünc medal (JBMO 2025)

- Qazaxıstanda keçirilən Beynəlxalq Jautıkov Olimpaidası - 1 bürünc medal ( İZHO 2025)

- Bosniya və Hersoqovinada keçirilən Balkan Riyaziyyat Olimpaidası – 1 gümüş və 2 bürünc medal (BMO 2025)

- Avstraliyada keçirilən Beynəlxalq Riyaziyyat Olimpaidası – 4 həvəsləndirici mükafat ( IMO 2025)".

Həmçinin məsələ ilə bağlı təhsil eksperti Elçin Əfəndi də fikirlərini bölüşüb. Bildirib ki,  Avstraliyada keçirilən 66-cı Beynəlxalq Riyaziyyat Olimpiadasında uğur qazana bilməməyimiz üçün daha çox çalışmalar olmalıdır: 

“Bəli, digər ölkələrin  medal qazandığı halda, Azərbaycanın heç bir mükafat qazanmaması riyaziyyat sahəsində olan vəziyyətin real göstəricisidir. Ümumiyyəylə ölkədə riyaziyyat məsələsi çox problemli məsələdir".

Ekspertin sözlərinə görə, riyaziyyat sahəsinin öyrənilməsi ilə bağlı ciddi tədbirlər görülməlidir: "Yaxşı olardı ki, təhsil ocaqlarında riyaziyyat  sahəsinə uyğun təfəkkür layihələri həyata keçirilsin. Bununla yanaşı olimpiadaya gedən şagirdlərin hazırlanması ilə bağlı əlavə büdcə təşkil olunmalıdır".

Seçilən
97
3
news24.az

4Mənbələr