AZ

AQTA qida məhsulları ilə təmasda olan material və məmulatlarla bağlı sahibkarlara müraciət edib

ain.az, Azertag portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Bakı, 5 avqust, AZƏRTAC

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) Kollegiyasının müvafiq Qərarı ilə “Qida məhsulları ilə təmasda olan material və məmulatlara dair sanitariya norma və qaydaları” təsdiq edilib. Həmin Qaydalar insan həyat və sağlamlığını, eləcə də istehlakçıların hüquqlarının müdafiəsini təmin etmək məqsədilə qida məhsullarının ilkin istehsalı, emalı, dövriyyəsi və utilizasiyası mərhələlərində istifadə olunan qida məhsulları ilə təmasda olan material və məmulatlara dair tələbləri müəyyənləşdirir. Eyni zamanda, ölkədə istehsal və emal edilən, habelə Nazirlər Kabinetinin müvafiq Qərarı ilə təsdiq edilmiş “Qida təhlükəsizliyi nəzarətinə aid edilən malların xarici iqtisadi fəaliyyətin mal nomenklaturasının kodları üzrə siyahısı”nda göstərilən material və məmulatları əhatə edir.

Agentliyin İnformasiya təminatı və innovativ həllər şöbəsindən AZƏRTAC-a bildirilib ki, Qaydalara əsasən, qida məhsulları ilə təmasda olan material və məmulatlar insan sağlamlığına təhlükə yaratmamalı, qida məhsulunun tərkibini mənfi istiqamətdə dəyişməməli, habelə qida məhsulunun orqanoleptik (rəng, qoxu və s.) xüsusiyyətlərinin pisləşməsinə səbəb olmamalıdır.

Bundan əlavə, Qaydalarda müxtəlif növ, o cümlədən kağız, metal və şüşə əsaslı material və məmulatlara, habelə onların etiketlənməsinə dair xüsusi tələblər əksini tapıb, həmin məhsulların istehsalı ilə bağlı bəzi məhdudiyyətlər müəyyyən edilib.

Qida məhsullarının qablaşdırılmasında istifadə olunan material və məmulatların istehsalı zamanı həmin Qaydaların tələblərinə əməl edilməsi bu sahədə keyfiyyət və təhlükəsizlik göstəricilərinin yüksəldilməsi işinə ciddi töhfə verəcək.

“Məlumat üçün qeyd edirik ki, İnzibati Xətalar Məcəlləsinin 220.8-ci maddəsində “Qida təhlükəsizliyi haqqında” Qanuna uyğun olaraq müəyyən edilmiş tələblərə cavab verməyən qida və yem məhsullarının, habelə qida məhsulları ilə təmasda olan material və məmulatların istehsalına, emalına, satış məqsədilə saxlanmasına, satışına və ya başqa cür özgəninkiləşdirilməsinə görə fiziki, vəzifəli və hüquqi şəxslər üçün müəyyən məbləğlərdə cərimələr nəzərdə tutulub. Bildiririk ki, Qaydalar 2025-ci il avqustun 20-dən qüvvəyə minir”, - deyə məlumatda vurğulanıb.

Qaydalarla link vasitəsi ilə yaxından tanış olmaq mümkündür.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
23
10
azertag.az

10Mənbələr