Avqustun 12-dən 20-dək Ermənistan ərazisində ABŞ və Ermənistan Silahlı Qüvvələrinin iştirakı ilə “Qartal tərəfdaşı 2025” adlı birgə hərbi təlim keçiriləcək.
Bu, tərəflər arasında son illərdə baş verən yaxınlaşmanın daha bir hərbi-siyasi nümayişi kimi dəyərləndirilir.
Ermənistan Müdafiə Nazirliyinin məlumatına görə, təlimin məqsədi Ermənistan ordusunun sülhməramlı əməliyyatlarda iştirak qabiliyyətini artırmaq, həmçinin ABŞ və NATO standartlarına uyğun hazırlıq səviyyəsini yüksəltməkdir. Təlimdə əsasən erməni sülhməramlı bölmələri ilə ABŞ hərbçiləri arasında qarşılıqlı koordinasiya, mülki əhalinin müdafiəsi və taktiki hazırlıq ssenariləri məşq olunacaq.
Təlimlərin keçirilməsi ilə bağlı "Operativ Məlumat Mərkəzi-OMM"-ə ə açıqlama verən Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Arzu Nağıyev bildirib ki, bu hərbi təlimlər plana uyğun olaraq keçirilir və burada əsasən yaralıların daşınması imitasiyası və humanitar məsələlərlə bağlı, müharibə gedən ərazilərdə, yəni, humanitar məsələlərin həllinin necə aparılması, humanitar, eyni zamanda sülhməramlı hazırlıq məqsədi adı ilə keçirilir.
Müsahibimiz bildirdi ki, bu təlimlər nə qədər sülhməramlı hazırlıq məqsədi daşısa da, məlumdur ki, bunun özünün strateji mənası var. Bir neçə aspektdən yanaşsaq, sülhməramlı hazırlıq məqsədi ilə keçirilən təlim NATO standartlarına uyğun komanda idarəetmə sistemləri, evakuasiya, koordinasiyalı şəkildə işlər Ermənistan ordusunun struktur islahatları və yeni standartlara keçid planları ilə üst-üstə düşür.
“Təbii ki, Rusiya buna öz kontekstindən, prizmasından yanaşır. Yəni, başa düşülən odur ki, Ermənistan Qərblə əlaqələri daha da gücləndirmək istəyir. Və NATO ölkələri ilə ardıcıl təlimlərin keçirilməsi, məlum məsələdir ki, Rusiyaya xoş gələ bilməz. Elə 102 saylı hərbi bazanın, Rusiyanın ətrafında gedən son söhbətlərlə bərabər, paralel olaraq bu vaxt bunun keçirilməsi Moskvanın təbii ki, xoşuna gəlmir və sərt reaksiyasına səbəb ola bilər. Rusiya artıq dəfələrlə Qərb-Ermənistan hərbi yaxınlaşmasını təxribat kimi qiymətləndirir. Bu, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) üzvü olan bir dövlətə, eyni zamanda həmin qurumun özünə bir zərbə kimi qiymətləndirilir. Məlumdur ki, Amerika Birləşmiş Ştatları belə təlim keçirməklə həm də çalışır regionda aktivliyini artırsın. Yəni bu gün Kanzas Milli Qvardiyasının, eyni zamanda Avropa-Afrika briqadalarının bu təlimlərə qatılması, Cənubi Qafqazda rolunu artırmaq istədiyi açıq-aydın görünür. Burada da həm regional sabitlik, həm də enerji təhlükəsizliyi baxımından öz mövqeyini gücləndirməyə çalışır. Yəni məlumdur ki, bu təlimlər əgər Gümrüdə keçirilsə və yaxınlıqda 102 saylı hərbi bazanın yerləşdiyi yaxın ərazidə baş verərsə, bu birmənalı şəkildə Ermənistana qarşı Rusiyanın bir bəyanatı ilə nəticələnə bilər. Məlumdur ki, bu, Azərbaycan üçün elə bir ciddi problem yaratmır. Biz bu təlimlərin nədən ibarət olduğu barədə artıq qabaqlayıcı məlumatlarımız da var, koordinasiyalı şəkildə alınan məlumatlar, təhlillər burada nə baş verdiyini göstərə bilər. Buna görə də biz belə təlimlərin keçirilməsinə hazırıq və öz daxili və xarici siyasətimizə uyğun olaraq mütləq şəkildə bunu izləyəcəyik. Ermənistan təhlükəsizlik siyasətində bu addımları atmaqla sanki israrlı şəkildə Qərblə əlaqələrini yenidən qurmağa çalışır, Qərbə qarşı meyllənir. Rusiya-Ermənistan münasibətlərinin soyumasına və Rusiyanın nüfuzunun regionda azalmasına çalışır. Ermənistan-Avropa İttifaqı, Ermənistan-NATO əlaqələrində bu intensivləşdirmə müşahidə olunur və bu da təbii ki, onun partnyorlarına, əsasən də Rusiyaya xoş gəlmir. Bu təlimlərin keçirilməsində Türkiyə də ciddi şəkildə təhlillər aparır. Birmənalı şəkildə seçkiöncəsi platformalarında Paşinyan hakimiyyəti çalışır ki, Qərbə meylliliyini daha da dərindən və israrla göstərsin”,- deyə A.Nağıyev vurğuladı.
“Qartal tərəfdaşı 2025” təlimi Ermənistan üçün həm hərbi hazırlıq, həm də siyasi mesaj xarakteri daşıyır. ABŞ isə bu yolla Cənubi Qafqazda mövqelərini möhkəmləndirməyə çalışır. Təlimin nəticələri təkcə Ermənistan-Rusiya münasibətlərində deyil, ümumilikdə regionun təhlükəsizlik arxitekturasında da yeni cizgilər formalaşdıra bilər.