AZ

“Startup School 3” layihəsi çərçivəsində beynəlxalq təlimlərə başlanılıb

ain.az, Azertag portalına istinadən məlumat yayır.

Bakı, 5 avqust, AZƏRTAC

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) operatoru olduğu “Enterprise Azerbaijan” portalının ABŞ-ın Nevada Universiteti Özmen Sahibkarlıq Mərkəzi ilə birgə həyata keçirdiyi “Startup School 3” layihəsi çərçivəsində “Yaşıl və Rəqəmsal İpək Yolu” beynəlxalq akselerasiya proqramında onlayn təlimlərə start verilib.

İİTKM-dən AZƏRTAC-a bildirilib ki, təlimlərin ilk günündə mərkəzin icraçı direktoru Vüsal Qasımlı dövrümüzdə və gələcəkdə yaşıl və rəqəmsal texnologiyaların iqtisadiyyatda əhəmiyyətindən danışaraq, bu sahələrdə artan investisiya imkanlarını vurğulayıb. O, “Startup School 3” platformasının təşəbbüskarlar və innovatorlar üçün dəstəkləyici yanaşmalarını qeyd edərək, proqramdan böyük gözləntiləri olduğunu bildirib.

İlk təlim “Yaşıl iqtisadiyyat və təsirli startap təlimi” mövzusunda, Maltada fəaliyyət göstərən “A8” Akselerasiya Mərkəzinin Layihələr rəhbəri Qonca Kara tərəfindən təqdim olunub.

Azərbaycan, Türkiyə, Pakistan, Qırğızıstan, Gürcüstan və Cənubi Koreyadan qatılan 126 startap komandasının iştirak etdiyi təlimlər 2 ay davam edəcək.

Qeyd edək ki, “Startup School 3” layihəsinin ABŞ-ın Nevada Universiteti Özmen Sahibkarlıq Mərkəzi, Almaniyanın Süni İntellekt Araşdırma Mərkəzi, Türkiyənin OSTİM Texniki Universiteti də olmaqla, Çin, Pakistan, Qazaxıstan, Rusiya, Estoniya, Özbəkistan və digər ölkələrdən 20-dən artıq beynəlxalq tərəfdaşı var. Layihəyə İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi, Kiçik və Orta Biznesin İnkişafı Agentliyi, İqtisadi Zonaların İnkişafı Agentliyi, Əqli Mülkiyyət Agentliyi, Dövlət Məşğulluq Agentliyi, Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyi, Elm və Təhsil Nazirliyinin Yüksək Texnologiyalar Parkı ilə birlikdə 30-a yaxın yerli qurum tərəfdaşlıq edir.

“Yaşıl və Rəqəmsal İpək Yolu” beynəlxalq akselerasiya proqramının əsas məqsədi yaşıl enerji və rəqəmsallaşma sahələrində fəaliyyət göstərən startapları bir araya gətirmək və bu istiqamətlərdə innovativ ideyaların inkişafını dəstəkləməkdir.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
34
3
azertag.az

4Mənbələr