AZ

Azərbaycanda təhsilin müddəti QISALDILIR?

Orta və ali məktəblərdə ümumilikdə 17 il davam edən təhsil prosesi artıq müasir dövr üçün vaxt itkisi hesab olunur. Bu qənaətə türkiyəli professorlar gəlib. Onlar belə hesab edirlər ki, uzun illər nəzəri dərslərə sərf edilən vaxt insanları iş həyatına gec hazırlayır və real bacarıqlardan uzaq salır. Çünki müasir əmək bazarı illərlə eyni proqramları təkrar oxudan təhsillə natamam qalır.

Yəni “Təkrar biliyin anasıdır” deyimi burada keçmir. İndi dəqiq ixtisas biliklərinə söykənən, daha yığcam, praktik bacarıqlara yönəlik təhsil sistemi qurulmalıdır.

Azərbaycanda təhsil illəri azaldılıb, diqqət daha çox praktikaya verilərsə, nə qazanarıq?

Təhsil eksperti Böyükxan Babayev Bizim.Media-ya bildirib ki, əslində bu təklif gənclərin həm daha tez ixtisaslaşmasına, həm də erkən yaşdan təcrübə toplamasına şərait yarada bilər.

Digər tərəfdən qısa təhsil prosesi ailələr və dövlət üçün də maliyyə yükünü azaldar:
 

“Hazırda 11 il təhsil alan uşağı bəzi valideynlər ibtidai sinifdən repetitor yanına qoyur. Onlar da eyni üsulla tədris metodunu təkrarlayırlar. Bu uşaqlar əgər ibtidai sinifdən hazırlığa gedəcəksə, məktəbdə nə işi var? Ailə də cibinə ağırlıq verir, dövlət də əlavə xərc çəkir.


Mən də tərəfdarıyam ki, ondansa daha praktiki metoda keçilsin. Amma onu da mərhələli şəkildə və ehtiyatla etmək lazımdır. Çünki yalnız praktik bacarıqlara söykənən qısa tədris ümumi dünyagörüşünü, elmi yanaşmanı zəiflədə bilər. Xüsusilə humanitar sahələrə meyillənən uşaqlar üçün nəzəriyyə vacibdir”

Mütəxəssis deyir ki, ən optimal yol təhsilin məzmununun yenilənməsidir.
 

Yəni, illərlə eyni fənləri təkrarlamaq əvəzinə, əsas nəzəri biliklər daha yığcam şəkildə verilməli, paralel olaraq real təcrübə proqramları keçirilməlidir. Bu modeldə həm nəzəri baza qorunur, həm də gənclər vaxt itirmədən praktikaya adaptasiya olurlar.


Qeyd edək ki, dünyanın inkişaf etmiş bəzi ölkələrində – Finlandiya, Almaniya, Sinqapur kimi nümunələrdə məhz bu metod – qısa nəzəriyyə və çoxsaylı real layihələr tətbiq edilir.

Şəfiqə Şəfa, Bizim.Media  

 

Seçilən
36
bizim.media

1Mənbələr