AZ

Pənahəli xanın nəslinin nümayəndəsi: Xankəndidə olmaq həyəcanvericidir

Xankəndi , 5 avqust. TELEQRAF

Qarabağ xanı Pənahəli xanın nəslinin nümayəndəsi Zeynəb Əkbərova Teleqraf-ın suallarını cavablandırıb.

Onunla müsahibəni təqdim edirik:

– Sizi və ailəniz daha yaxından tanıyaq. Ailə üzvləriniz hazırda hansı sahədə fəaliyyət göstərirlər?

– Mən İspaniyanın Madrid şəhərində doğulmuşam və orada yaşayırıq. Atam 1996-cı ildən İspaniyaya köçüb. Ailəmiz altı nəfərdən ibarətdir. Atam Qulam Əkbərov, anam Aygün Əkbərova, üç bacım və bir qardaşım var. Qardaşım Məhəmmədəli kriminalistika üzrə təhsil alıb. O da əvvəlki illərdə Şuşada keçirilən diaspora gənclərinin yay düşərgəsində iştirak edib və çox gözəl dostluqlar, əlaqələr qurub. Bacım Fatimə kompüter mühəndisliyi üzrə təhsil alıb, digər bacım Məryəm isə Madrid şəhərində hüquq fakültəsində oxuyub. Atam bizneslə məşğuldur, anam isə evdar qadındır.

– Xan nəslinə mənsub olduğunuzu necə öyrənmisiniz? Bu barədə sizə kim danışıb?

– Atam bu barədə uşaqlıqdan bizimlə danışıb. Həmişə xatırladıb ki, biz xan nəslindən gəlirik. Hansı soydan olduğumuzu, bu nəslin tarixini, Pənahəli xanın kim olduğunu bizə danışıb. O, daim vurğulayıb ki, mənsub olduğumuz soyla fəxr etməli və keçmişimizi unutmamalıyıq.

– Xankəndinə ilk səfərinizdir. Təəssüratlarınız necədir?

– Bəli, bu mənim Xankəndinə ilk səfərimdir. Burada olmaq mənim üçün həyəcanvericidir. Şəhər çox gözəldir, insanlar isə çox mehribandır. Pənahəli xanın nəslindən biri olaraq ulu babamın əsasını qoyduğu bu torpaqlarda olmaq xüsusi bir duyğudur.

– İspaniyada məktəbdə, dostlarınız xan nəslindən olduğunuzu bilirlərmi? Onların buna reaksiyalar necə olur?

– Xeyr, bunu bilmirlər. Amma oxuduğum məktəbdə azərbaycanlı olduğumla bağlı fəxrlə danışıram. Dərslərdə və təqdimatlarda Qarabağ və tariximizlə bağlı mövzularda çıxış etmişəm.

– Təhsil və gələcəklə bağlı planlarınız nələrdir?

- Bu il məktəbi bitirmişəm. Hüquq üzrə təhsil almağı planlaşdırıram.

– Ailəniz Azərbaycana tez-tez gəlirmi? Sonuncu səfəriniz nə vaxt olub?

– Ən son 2023-cü ildə Azərbaycanda olmuşuq. Son illər tez-tez gələ bilməmişik. Ailə üzvlərim Şuşada olublar. Cıdır düzü, Xurşidbanu Natəvanın evi, Molla Pənah Vaqifin məqbərəsi, Yuxarı Gövhərağa məscidi, İsa bulağı və digər görməli yerləri ziyarət ediblər. Mən isə hələ Şuşada olmamışam.

– Evdə əsasən hansı dildə danışırsınız?

– Biz uşaqlıqdan evdə Azərbaycan dilində danışırıq. Atam hər zaman bunun vacibliyini vurğulayıb. Deyib ki, dilimizi bilməsək, köklərimizdən uzaq düşərik. Ona görə də valideynlərimiz çalışıblar ki, Avropada yaşasaq da, dilimizi və adət-ənənələrimizi qoruyub saxlayaq.

- Qarabağda yaşamaq, fəaliyyət göstərmək istərdinizmi?

- Bəli, mümkün olarsa, istəyərəm.

– Xankəndidə VI Yay Düşərgəsində iştirak edirsiniz. Düşərgə ilə bağlı təəssüratlarınız necədir?

– Düşərgə çox maraqlı keçir. Biz Qarabağ Universiteti ilə tanış olduq. Burada müxtəlif ölkələrdən gələn azərbaycanlılar bir- biri ilə tanış olurlar.

Seçilən
65
1
teleqraf.com

2Mənbələr