
Bu ilin birinci yarısında Rusiyada anksiyolitiklərin (depressiya və narahatlıq əleyhinə dərmanlar) pərakəndə satışında ciddi artım müşahidə olunub.
Yeniavaz.com xəbər verir ki, “RNC Pharma” şirkətinin son araşdırmasına görə, bu müddətdə 9,3 milyon paketdən çox anksiyolitik satılıb.
Bu dərmanların ümumi satış dəyəri 4,6 milyard rubl (92 milyon manat) təşkil edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 17%-lik artım deməkdir. Paket sayında isə 10%-ə yaxın artım qeydə alınıb.
Araşdırmalar göstərir ki, anksiyolitik dərmanlara olan tələbat son üç ildə davamlı olaraq artır. 2024-cü ildə 2023-cü illə müqayisədə satışlar həm pul ifadəsində, həm də fiziki ölçüdə 5-17% artım göstərib.
Rusiya mətbuatı iddia edir ki, bu tendensiya COVID-19 pandemiyasının psixoloji nəticələri ilə əlaqələndirilir. Bildirilir ki, insanlar post-COVID dövründə artan narahatlıq, depressiya və yuxusuzluq kimi problemlərlə üzləşirlər.
Bazarda “Afobazol” adlı Rusiya istehsalı dərman lider mövqeyindədir – ümumi satışların təxminən 45%-i bu dərmana aiddir. Mütəxəssislər qeyd edirlər ki, “Afobazol” reseptsiz satıldığı üçün əhali arasında əlçatan və məşhurdur. COVID-19 sonrası dövrdə bu dərmana olan tələbat xüsusilə yüksəlib.
Digər anksiyolitiklər isə əsasən reseptlə və ya PKU siyahısı (mövzu-kəmiyyət uçotu) əsasında satılır. PKU siyahısına daxil olan dərmanların, məsələn, “Phenazepam”, “Lyrica”, “Alprazolam” kimi trankvilizatorların satışı ciddi nəzarət altındadır. Bu dərmanlar üçün xüsusi resept blankı tələb olunur və onların yalnız bir neçə aptekdə satılması mümkün olur.
PKU dərmanlarının əldə edilməsindəki çətinliklər saxta reseptlərin artmasına səbəb olub. Psixiatrlar reseptlərin fotoşəkillərinin saxtalaşdırılması hallarını təsdiqləyirlər. Xüsusilə “Alprazolam” satışında 33%-lik artım, bu dərmanın nəzarətsiz istifadəsinə dair narahatlıqları artırır.
Bazarda Fransanın “Stresam” dərmanı satış artımında liderlik edir – 2025-ci ilin ilk yarısında satışlar 54% artıb. “Atarax” və “Grandaxin” kimi dərmanlar da müvafiq olaraq 23% və 18% artım göstəriblər.
Anksiyolitiklərin satışının təxminən 33%-i dörd böyük bölgənin payına düşür: Moskva, Moskva vilayəti, Sankt-Peterburq və Krasnodar. Ən az satış isə Nenets, Tıva və Çukotka bölgələrində qeydə alınıb. Kirov vilayətində isə satışlar 9% azalıb.
Mütəxəssislərin fikrincə, dərmanlara tələbat mövsümi xarakter daşıyır, xüsusilə mart və dekabr aylarında tələbatda artım müşahidə olunur. Bu dövrlərdə bayramlardan sonra psixo-emosional gərginliyin artması əsas səbəb kimi göstərilir. Həmçinin iqtisadi və siyasi qeyri-sabitlik də amillər sırasındadır.
2024-cü ilin sonuna olan məlumata görə, Rusiyada 4 milyona yaxın şəxs psixiatr qeydiyyatındadır. Onların çoxu narahatlıq və depressiya pozuntularından əziyyət çəkir. Psixiatr Sergey Kuznetsov qeyd edir ki, bəzi hallarda anksiyolitiklər bu sahədə ixtisası olmayan həkimlər tərəfindən təyin edilir ki, bu da asılılıq riskini artırır.
Effektivliyi mübahisəli olan “Phenibut” dərmanının da nəzarətsiz istifadəsi asılılığa səbəb ola bilər. Bəzi ölkələrdə qadağan edilən bu dərman, Rusiyada hələ də reseptlə satılır, lakin PKU siyahısına daxil deyil.
Murad Məmmədov