8 ayda 12 min 762 layihəyə 330,24 milyon manat ayrılıb
2024-cü il noyabrın 11-dən 2025-ci il iyunun 30-dək olan dövr ərzində Azərbaycanda, ümumilikdə, 12 min 762 “yaşıl” maliyyə krediti verilib. Həmin kreditlərin ümumi həcmi isə 330,24 milyon manat təşkil edib.
8 aya yaxın müddətdə verilmiş “yaşıl” kreditlərin əlavə dəyər baxımından ən böyük hissəsi, yəni 134,01 milyon manatı “yaşıl” nəqliyyat sahəsinə yönəldilib. Bu istiqamətdə 287 kredit üzrə maliyyə dəstəyi göstərilib. İkinci yerdə dayanıqlı kənd təsərrüfatı, heyvandarlıq və akvakultura sahəsi qərarlaşıb. Bu sahədə verilmiş 12 min 285 kredit üzrə ayrılmış vəsaitin həcmi 91,05 təşkil edib. “Yaşıl” kreditlərlə bağlı siyahıda ilk üçlüyü enerji səmərəliliyi sahəsi tamamlayıb. Sözügedən sahə üzrə 89 kredit müqabilində 37,51 milyon manat ayrılıb. Bundan əlavə, bərpa olunan enerji üzrə verilmiş 5 kreditin ümumi həcmi 18,64 milyon manat olub.
Ölkə üzrə verilmiş “yaşıl” kreditlər üzrə diqqətçəkən sahələr arasında su resurslarının dayanıqlı idarə edilməsi (14,60 milyon manat), dairəvi iqtisadiyyat və tullantıların idarə olunması (14,70 milyon manat) və biomüxtəlifliyin mühafizəsi (1,25 milyon manat) də əhəmiyyətli yer alıb. Hesabata əsasən, ümumi kredit portfelində “yaşıl” olmayan, dayanıqlılıqla əlaqəli kreditlərin həcmi cəmi 0,09 milyon manat, ölkə daxilində “yaşıl” istiqrazlara və digər sahələrə isə 18,18 milyon manat yönəldilib.