AZ

Diaspor gənclərimiz azad Xankəndidə

Dünyanın müxtəlif yerlərində yaşayan və ölkəmizi layiqincə təmsil edən soydaşlarımız, həmçinin Azərbaycana dost münasibəti bəsləyən xalqların nümayəndələri Diaspor Gənclərinin VI Yay Düşərgəsi çərçivəsində azad Qarabağda toplaşıblar. Avqustun 4-də Xankəndidə yay düşərgəsinin açılış mərasimi keçirilib.

Məclisdə çıxış edən Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Elçin Yusubov bildirib ki, 2023-cü ildə Azərbaycan ordusunun həyata keçirdiyi lokal xarakterli antiterror əməliyyatlarından sonra Xankəndi şəhəri və ətraf yaşayış məntəqələri düşmən işğalından azad edilib.

İşğaldan sonra Azərbaycan dövləti tərəfindən bu ərazilərdə genişmiqyaslı tikinti-bərpa işlərinə başlanıb. Görülən işlər nəticəsində hazırda Xankəndi şəhəri, Ağdərə və Xocalı rayonlarının ərazisində 15 minə yaxın əhali yaşayır. Siyahıya doğma ata-baba torpaqlarına qayıdan keçmiş məcburi köçkünlər, bu ərazilərdə fəaliyyət göstərən dövlət və özəl qurumlarda çalışanlar və onların ailə üzvləri, Qarabağ Universitetinin pedoqoji və tələbə kollektivi daxildir.

Xüsusi nümayəndə, onu da qeyd edib ki, hazırda Ağdərə rayonunun Suqovuşan, Həsənriz və Talış kəndlərinə, eləcə də Xocalı şəhəri və rayonun Ballıca, Təzəbinə, Xanyurdu kəndlərinə keçmiş məcburi köçkünlərin bir qisminin qayıdışı təmin edilib, bu yaşayış məntəqələrinə həyat yenidən qayıdıb. İşlər köç planına uyğun olaraq mərhələli şəkildə icra edilməkdədir.

Bundan başqa, 2025-ci il ərzində ümumilikdə 18 yaşayış məntəqəsinə, o cümlədən Xocalı rayonunun 11 (Ballıca, Xanyurdu, Təzəbinə, Daşbulaq, Badara, Seyidbəyli, Xanabad, Şuşakənd, Almalı, Mehdibəyli və Çanaqçı), Ağdərə rayonunun isə 7 kəndinə (Həsənriz, Vəngli, Kolatağ, Çıldıran, Heyvalı, Çapar və Aşağı Oratağ) əhalinin köçü ilə bağlı təmir-bərpa işləri aparılır. Nəticədə, qeyd olunan kəndlər üzrə 6 min 400-ə yaxın keçmiş məcburi köçkünün məskunlaşması təmin edilib. Hazırda növbəti illər üçün bu və digər yaşayış məntəqələri üzrə köç planın tərtib olunması və bununla bağlı aidiyyətı istiqamətlərdə müvafiq işlər aparılır.

Mərasimdə digər çıxış edənlər bildiriblər ki, Diasporla İş üzrə Dövlət Komitəsi və Heydər Əliyev Fondunun birgə təşkilatçılığı ilə “Konstitusiya və Suverenlik İli”nə həsr olunmuş Diaspor Gənclərinin VI Yay Düşərgəsi avqustun 9-dək davam edəcək. Qeyd edək ki, tədbirə dünyanın 61 ölkəsindən 128 azərbaycanlı və Azərbaycana dost münasibəti bəsləyən xalqların gəncləri qatılıblar.

Mahir Rəsuloğlu,
“XQ”nin Qarabağ müxbiri
Xankəndi

Seçilən
9
9
xalqqazeti.az

10Mənbələr