AZ

“Zaqar” almaq istəyənlər əvvəlcə bunu oxusun

Günəş işığı həyat üçün vacib olsa da, uzun müddət qorunmadan ultrabənövşəyi (UB) şüalara məruz qalmaq dəriyə ciddi zərər verə bilər.

“Qafqazinfo” xəbər verir ki, günəş yanığı bu zərərin ən ilkin, lakin təhlükəli nəticələrindən biridir.

Xüsusilə yay aylarında günəşdən qorunma tədbirlərinə əməl edilməməsi, həm dəri xərçəngi riskini artırır, həm də vaxtından əvvəl qocalmaya səbəb olur.

Günəş yanığı-dəriyə UV şüalarının zərərli dozada təsiri nəticəsində baş verən iltihabi reaksiyadır.

Bu zədə bədənin iltihab cavabını işə salır: dəri qızarır, həssaslaşır və bəzən qabıq bağlayır.

Dünya Sağlamlıq Təşkilatının araşdırmaları sübuta yetirir ki, açıq dərili insanlar, uşaqlar və yaşlılar, immuniteti zəif olan şəxslər, dərman qəbul edən və dərisi həssaslaşanlar (antibiotik və ya retinoid istifadə edənlər), xüsusən dəniz səviyyəsindən hündürdə və ya ekvator xəttinə yaxın yaşayanlar bu xəstəliyin əsas risk qruplarıdır.

Uzun müddət UV şüasına məruz qalmaq dəri hüceyrələrinin DNT-sinə zərər verə bilər və bu da dəri xərçəngi riskini artırır.

Bu şüalar kollageni parçalayaraq dərinin elastikliyini azaldır və qırışların yaranmasına səbəb olur. Günəş ləkələri, hiperpiqmentasiya və çillər kimi vizual problemlərə yol aça bilir.

Risklərdən qorunma yolları:

-SPF tərkibi (Sun Protection Factor) 30 və yuxarı olan kremlər UV şüalarından qoruyur.

-“Broad spectrum” etiketli kremlər bu şüalara qarşı təsirlidir. Azı 20-30 dəqiqə əvvəl çəkilməli və hər 2-3 saatdan bir yenilənməlidir.

-Uzunqol, sıx toxunmuş və açıq rəngli geyimlər

-Geniş kənarlı papaq və UV qoruyuculu eynəklər.

-UV filtri olan pəncərə plyonkaları və çətirlər.

Qeyd etmək lazımdır ki, günəş şüalarının ən güclü olduğu saatlar 10:00–16:00 aralığıdır. Bu zaman birbaşa günəşdə qalmaq tövsiyə olunmur.

D vitamini defsiti olan kəslərə isə gündəlik 10-15 dəqiqəlik qısa müddətli və erkən saatlarda günəşə çıxmaq kifayətdir.

Əlavə olaraq, “zaqar” almaq üçün istehlak edilən krem və spreylər dərinin rəngini dəyişsə də, adətən onların qoruma funksiyası olmur.


Seçilən
3
2
qafqazinfo.az

3Mənbələr