Yüksək təzyiqdən əziyyət çəkənlər duzdan mümkün olduğu qədər az istifadə etməlidirlər. Belə xəstələr yeməkləri dadlandırmaq üçün ədviyyatlara üstünlük verə bilərlər.
Publika.az xəbər verir ki, bu barədə dietoloq Serhio Torres bildirib.
Onun sözlərinə görə, qara istiot, sarıkök, reyhan və kəklikotu qan təzyiqini artırma riski olmadan yeməyin dadını yaxşılaşdırır.
Həkim xatırladıb ki, həddindən artıq duz istehlakı maye balansını pozur. Duz bədəndə mayenin saxlanmasına və dövran edən qanın həcminin artmasına səbəb olur. Bu da öz növbəsində qan damarlarının divarlarına təzyiqi artırır.
Həkim ürək-damar sisteminin sağlamlığını qorumaq üçün pəhrizə tərəvəz, meyvə, paxlalı bitkilər və yüksək miqdarda Omeqa-3 ehtiva edən məhsullar əlavə etməyi də məsləhət görüb. Məsələn, balıq, çərəzlər və zeytun yağı Omeqa-3 ilə zəngindir.
Mütəxəssis daha çox su içməyin zəruriliyini də xüsusi vurğulayıb.