AZ

Qarabağda qanunsuz ucaldılmış abidənin qanuni demontajı: Suveren ərazi, legitim addım - TƏHLİL » AzadMedia.az


Son günlər erməni mənşəli rus akademik klassik və romantik rəssam İvan Ayvazovskinin heykəlinin sökülməsi ilə bağlı Rusiyada səsləndirilən emosional bəyanatlar və bəzi media orqanlarının nümayiş etdirdiyi isterik yanaşma, təəssüf ki, məsələnin siyasi və hüquqi mahiyyətini kölgədə qoyur. Bu məsələ nə rus mədəniyyətinə qarşı hörmətsizlik, nə də millətçilik aktıdır. Əksinə, sözügedən heykəl Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazisində – Qarabağda, Azərbaycanın razılığı olmadan, separatçılar və Rusiya hərbi kontingentinin himayəsi ilə qanunsuz şəkildə ucaldılıb. Üstəlik, bu, 2020-ci il 10 noyabr Bəyanatından sonra baş verib və həmin sənəddə Rusiya özü Qarabağı Azərbaycanın ərazisi kimi tanıyıb. Belə olan halda, Azərbaycan qanunsuz ucaldılmış bir abidəni sökməkdə tam hüquqludur. Bu məsələ dövlət suverenliyinə və beynəlxalq hüquqa hörmət çərçivəsində qiymətləndirilməlidir, manipulyasiya və siyasi təzyiqlər üçün vasitəyə çevrilməməlidir.

Abidənin alətə çevirməsinə dair siyasi qiymətləndirmə

Prezident yanında İdarəçilik Akademiyasının müşaviri, Bakı Politoloqlar Klubunun sədri Zaur Məmmədov APA-ya açıqlamasında vurğulayıb ki, Ayvazovskinin heykəlinin sökülməsi ilə bağlı yaradılan süni isterika əsassızdır və bu hadisə digər ölkələrdəki rus abidələrinin sökülməsi ilə eyni kontekstdə dəyərləndirilməməlidir.


Onun sözlərinə görə, Ayvazovskinin heykəlinin sökülməsi ilə bağlı qonşu ölkədə yaranmış süni isterika tamamilə anlaşılmazdır: “Rusiya qonşuluğunda yerləşən ölkələrdəki abidə və heykəllərə xüsusi həssaslıqla yanaşır. Xüsusilə Ukraynada, Ermənistanda, Gürcüstanda və digər ölkələrdə İkinci Dünya müharibəsində vuruşmuş rusların abidələrinin və heykəllərinin sökülməsi ilə bağlı həmin ölkələrin hakimiyyətlərinə qarşı rəsmi bəyanatlar səsləndirir, həmin ölkələr rus tarixinə və rus döyüşçülərinə qarşı hörmətsizlikdə, millətçilikdə və digər məsələlərdə ittiham olunur. Rusiya bu addımları qəti şəkildə pisləyir. Lakin Ayvazovskinin heykəlinin sökülməsi ilə bağlı məsələ əvvəlki oxşar hadisələrlə eyni kontekstdə qiymətləndirilməməlidir”.

“Stepanakert” və “Artsax” ritorikası: Rusiya mediası yeni reallıqlarla barışmaq istəmir

Zaur Məmmədov bildirib ki, digər qonşu ölkələrdəki heykəllər vaxtilə qanuni qaydada qoyulub, Ayvazovskinin heykəli isə Ermənistan tərəfindən dəstəklənən separatçılar və Rusiya hərbi kontingentinin himayəsi ilə Azərbaycanın suveren ərazisi olan Qarabağda qanunsuz şəkildə ucaldılıb. “Sözgedən heykəl 2020-ci ilin 10 noyabr tarixində Azərbaycan, Rusiya və Ermənistan liderləri tərəfindən imzalanmış üçtərəfli Bəyanatdan sonra qoyulub. Həmin bəyanatla Rusiya Prezidenti və Ermənistan Baş naziri Qarabağın Azərbaycanın tərkib hissəsi olduğunu tanıyıblar. Əgər Rusiya özü Qarabağı Azərbaycanın tərkib hissəsi kimi tanıyırsa, necə ola bilər ki, orada Azərbaycanın razılığı olmadan qanunsuz şəkildə heykəl qoyulsun? Və həmin heykəlin Azərbaycan hakimiyyəti tərəfindən sökülməsi ilə bağlı indi Rusiyada sərt və emosional bəyanatlar verilsin? Bəzi Rusiya media orqanları isə Azərbaycanı millətçilikdə və şovinizmdə ittiham edirlər. Halbuki bu məsələ nə millətçilik, nə də düşmənçiliklə əlaqəlidir. Məsələ Azərbaycanın suveren hüququna və ərazi bütövlüyünə hörmətlə yanaşmaqla bağlıdır. Hətta bəzi Rusiya KİV-lərində Ayvazovski ilə bağlı yayımlanan süjetlərdə "Stepanakert", "Artsax" kimi qeyri-qanuni və separatçı ifadələrdən istifadə olunması da göstərir ki, müəyyən dairələr var ki, Cənubi Qafqazda yaranmış yeni reallıqları qəbul etmir, tarixə qayıtmaq istəyirlər və Azərbaycana müxtəlif formalarda təzyiq göstərirlər. Lakin mən düşünürəm ki, artıq qatar gedib. Əgər kimsə Azərbaycanla əməkdaşlıq etmək istəyirsə, onun ərazi bütövlüyünə hörmətlə yanaşmalıdır. Azərbaycanın hüquqi sistemində yalnız və yalnız Azərbaycan xalqı tərəfindən qəbul olunmuş Konstitusiya və bu Konstitusiyanın verdiyi səlahiyyətlərlə qərar qəbul edən siyasi hakimiyyət mövcuddur və bu qərarlara hörmət göstərilməlidir.”

Azərbaycanın sabitlik strategiyası və geosiyasi təzyiqlərə müqaviməti

Geosiyasi inqilab” – Coğrafiyanı fürsətə çevirmək siyasəti: Azərbaycan coğrafiyasına 11 parametr üzrə baxış

Politoloq qeyd edib ki, Azərbaycan Cənubi Qafqazda baş verən həssas geosiyasi proseslər fonunda qeyri-regional güclərin bölgəyə müdaxiləsinə qarşı çıxaraq, sabitlik və bərabərhüquqluluğa əsaslanan xarici siyasət kursu ilə regional əməkdaşlığı və qarşılıqlı hörməti prioritet kimi müəyyənləşdirib.

“Hazırda Cənubi Qafqazda çox həssas və dinamik proseslər baş verir. Ayrı-ayrı geosiyasi güclər bölgədə nüfuz uğrunda mübarizə aparır. Lakin Ermənistandan fərqli olaraq, Azərbaycan öz xarici siyasətində qeyri-regional ölkələrin bölgəyə daxil olmasına, bölgədə hərbi və siyasi mövcudluq əldə etməsinə imkan vermir. Əksinə, Azərbaycan son 5 ildə, eləcə də ondan əvvəlki dövrlərdə daim bəyan edib ki, o, region ölkəsi kimi bölgədə sabitliyin qorunmasına çalışır və bölgədə heç bir ölkənin digər ölkələrin maraqlarını təhdid etməsini istəmir. Bu, həm qonşu ölkələrlə, həm də beynəlxalq dairələrlə münasibətlərdə Azərbaycanın bərabərhüquqluluq və qarşılıqlı hörmət prinsipinə əsaslanan siyasət yürütməsinin sübutudur. Bu siyasətə dəyər vermək lazımdır. İranın yeni seçilmiş prezidenti Pezeşkianın yaxınlarda verdiyi bir bəyanatı da xatırlatmaq yerinə düşər. O bildirmişdi ki, İran–Azərbaycan münasibətlərinin zaman-zaman gərginləşməsinin səbəbi İsrail–Azərbaycan əlaqələri deyil, məhz İran hakimiyyətinin apardığı yanlış regional siyasətdir. O, başa düşür ki, bu münasibətlərin pozulmasında günah İran rəhbərliyindədir. Bu fikirləri Rusiya–Azərbaycan münasibətlərinə də aid etmək olar. Siyasi liderlər səviyyəsində münasibətlər hər zaman qarşılıqlı anlaşma üzərində qurulub və bu, ikitərəfli əlaqələrin inkişafına təkan verirdi. Lakin 2024-cü ilin dekabrından etibarən müşahidə olunan proseslər göstərir ki, Rusiyada bu münasibətlərin inkişafında maraqlı olmayan dairələr mövcuddur. Həmin dairələr, bəlkə də, Rusiya–Azərbaycan münasibətlərini zədələmək fonunda öz maraqlarını həyata keçirməyə çalışırlar. Lakin Azərbaycan Rusiya ilə münasibətlərin inkişafında maraqlıdır və “Ayvazovski məsələsi" bu münasibətlərə xələl gətirməməlidir. Çünki Ayvazovskinin heykəli separatçılar tərəfindən qeyri-qanuni şəkildə Azərbaycan ərazisində yerləşdirilib. Artıq bu separatçı rejim mövcud deyil və onların irsi də bu torpaqlarda yaşaya bilməz,” deyə o, fikrini yekunlaşdırıb.

Ayvazovskinin heykəlinin sökülməsi məsələsinə dair hüquqi qiymət

Ayvazovskinin heykəlinin Qarabağ ərazisində sökülməsi ilə bağlı səsləndirilən əsassız ittihamlar fonunda bu məsələni hüquqi və beynəlxalq hüquq müstəvisində qiymətləndirmək zərurəti yaranır. Çünki istənilən rəsmi münasibət və ya beynəlxalq müzakirə hüquqi əsaslarla dəyərləndirilməlidir. Heykəlin 2021-ci ildə Azərbaycanın müvafiq dövlət orqanlarının razılığı olmadan, separatçı rejimin və Rusiya sülhməramlılarının iştirakı ilə qeyri-qanuni şəkildə ucaldılması, onun sökülməsini hüquqi baxımdan zəruri və legitim bir addıma çevirir. Bu kontekstdə obyektiv hüquqi qiymətləndirmə vacibdir.

Sözügedən məsələyə hüquqi qiymət verən Azərbaycan Respublikasının Milli Məclisinin deputatı Nizami Səfərov qeyd edib ki, Ayvazovskinin heykəlinin Azərbaycanın rəsmi razılığı olmadan qanunsuz şəkildə ucaldılması səbəbindən sökülməsi, ölkənin suveren hüquqlarına uyğun bir addım olub, bu məsələyə dair irəli sürülən ittihamlar əsassızdır.


“2021-ci ilin dekabrında Rusiya sülhməramlı kontingentinin və qondarma separatçı rejimin nümayəndələrinin iştirakı ilə Ayvazovskinin heykəlinin ucaldılması Azərbaycan Respublikasının rəsmi orqanları ilə razılaşdırılmadan və müvafiq icazə alınmadan həyata keçirilmiş qanunsuz bir addım idi. Məhz bu səbəbdən də həmin abidə demontaj edilib. Bu kontekstdə səsləndirilən “düşmənçilik aktı”, “mədəni irsin məhv edilməsi”, “dağıdıcı fəaliyyət” kimi ittihamların Azərbaycan qanunvericiliyinə və suveren hüquqlarına əsasən görülən tədbirlərlə heç bir əlaqəsi yoxdur,” - Nizami Səfərov bildirib.

Deputat xatırladıb ki, Azərbaycan UNESCO-nun tamhüquqlu üzvü kimi BMT-nin ixtisaslaşmış təşkilatı ilə ölkə ərazisində, o cümlədən Qarabağ bölgəsində yerləşən bütün mədəni irs obyektlərinin qorunması istiqamətində səmərəli və fəal əməkdaşlıq edir.
Seçilən
5
4
azadmedia.az

5Mənbələr