AZ

“Yalan-palan” başlıqlarla oxucunu azdıran saytlara sərrast xəbərdarlıq edildi...


Şakir Ağayev: “Başqa bu cür çaşdırıcı başlıqlar qoyan saytlar da bundan öz hesabını götürməlidir”

Son dövrlər “News24.az” veb-saytında dərc olunan xəbərlərdə mütəmadi olaraq auditoriyanı aldatmaq, bilərəkdən yanlış istiqamətə yönləndirmək məqsədilə təqdim olunmuş manipulyativ başlıqlara rast gəlinməkdədir.

Qeyd olunan media subyekti ardıcıl olaraq xarici ölkələrdə baş verən müxtəlif hadisələri yerli qurumların və ya məhsulların fotoları ilə təqdim edərək ictimai fikri çaşdırmağa cəhd etməkdədir. Müvafiq veb-sayt bu gün (4 avqust-red.) dərc etdiyi “Çörək bahalaşdı” sərlövhəli xəbərində əslində qonşu ölkəyə aid mövzunu aldadıcı foto ilə süni şəkildə Azərbaycan reallığına proyeksiya edərək auditoriyanı yanlış istiqamətə yönləndirib. Saytın lentində rast gəlinən “Dollar kəskin bahalaşdı” başlıqlı xəbər də bu qəbildəndir.

Bu barədə Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin açıqlamasında bildirilib.

Açıqlamada xatırladılır ki, cəmiyyəti dəqiq və obyektiv məlumatlarla təmin etmək, yalan və saxta xəbər tirajlamamaq medianın ölkə qanunvericiliyinin tələblərindən irəli gələn vəzifələrindəndir. Oxucuları sensasiyalı və ya şişirdilmiş başlıqlar, şəkillər və ya videolarla linkə daxil olmağa təşviq etmək “Redaksiya siyasəti və peşə etikası qaydaları”nın kobud şəkildə pozulmasıdır: “Bir daha qeyd edirik ki, media subyektləri öz fəaliyyətlərində ölkə qanunvericiliyinin müvafiq tələblərinə və peşə etikası qaydalarına əməl etməlidirlər. Cəmiyyəti və jurnalistləri bu kimi hallara qarşı hər zaman prinsipiallıq nümayiş etdirməyə səsləyirik”.

Media Agentliyi məsələyə ictimaiyyətin gözlədiyi və ürəyindən olan bir münasibət sərgiləyib. Doğrudan da bəzi saytlarda yazılara qeyri-uyğun, yazının məzmununa uyğun gəlməyən, oxucunu aldadan başlıqlar qoyulur. Tutalım, “Dollar kəskin bahalaşdı” başlıqlı yazını götürək, açırsan görürsən ki, içində Azərbaycana aid heç nə yoxdur, söhbət Türkiyədən gedir. Belə şey olar? Saytların çoxu son vaxtlar belə işləyir, oxucunu aldatmaqla məşğul olurlar.

İctimaiyyət arasında çox rast gəlinən məqamlardan biri onların bu kimi xəbər başlıqlarına etirazlarıdır. İnsanlar deyirlər ki, filan saytın belə başlıqlı yazılarını artıq açıb oxumuram, çünki məni aldatdıqlarını bilirəm. Yəni oxucu linki açır və görür ki, söhbət göstərilən ölkədən getmir, tamam başqa bir məsələdən gedir. Ona görə də oxucular açıq şəkildə etiraz edirlər ki, biz belə başlıqlara daha baxmırıq. Təbii ki, onlara baxanlar da var, belə başlıqlar oxucunu aldadır. Bu, peşə etikası qaydalarına qəti şəkildə uyğun gəlməyən bir məsələdir.

“Novoye Vremya” qəzetinin baş redaktoru Şakir Ağayev “Bakı-Xəbər”ə bildirdi ki, MEDİA Media haqqında qanunvericiliyə uyğun olaraq addımlar atır. Bu yaxınlarda “Media haqqında” qanuna əlavə və dəyişikliklər edildiyini xatırladan Ş.Ağayev qeyd etdi ki, bütün bunları nəzərə alaraq MEDİA cəmiyyətdə, oxucuda çaşdırıcılıq yaradan saytlara, orda gedən yazılara, xəbərlərə reaksiya vermək hüququna malikdir. “ Bilirsiz ki, “News24.az” veb-saytında bəzi məqalələrdə, xəbərlərdə məzmunla uyğunlaşmayan başlıqların təkrarlanması hallarına görə Agentlik qanunvericiliyə uyğun olaraq bəyanat yayıb. Hesab edirəm ki, çaşdırıcı xəbərlər yaymaq, oxucunu aldatmaq, yalan başlıqlar qoymaq kimi məsələlərə təkcə adı keçən sayta deyil, neçə-neçə başqa saytlarda da rast gəlinir. Mən bir baş redaktor, bir oxucu kimi belə hallarla qarşılaşıram. Bəzən elə başlıqlara rast gəlirsən ki, “dünyanın dağıldığını”, hər şeyin “alt-üst” olduğunun, “üçüncü dünya müharibəsinin” başlandığını zənn edirsən, yazını açırsan görürsən ki, içində belə bir şey yoxdur, yalan xəbərdir və ona çaşdırıcı başlıq qoyulub. Məqsəd də “layk” toplamaq, yalan xəbərə oxucu cəlb etməkdir.Əlbəttə, bu, peşə etikasına, xəbər yayımı prinsiplərinə tamamilə ziddir. Bu, xəbər yaymaq məsuliyyəti ilə bir çərçivəyə sığmır”.

Ş.Ağayev qeyd etdi ki, MEDİA bir saytı qeyd etməklə əslində belə yalan dolu, məzmuna uyğun gəlməyən xəbər başlıqları qoyan digər saytlara da xəbərdarlıq edib: “Başqa bu cür çaşdırıcı başlıqlar qoyan saytlar da bundan öz hesabını götürməlidir. MEDİA-nın bu bəyanatı tam reallığı əks etdirir. Bu, yerində verilən bəyanatdır. Xəbərlər, yazılar, analitik məqalələr və sair mövcud reallıqlara söykənməli, qərəzsiz, obyektiv olmalıdır, oxuculara təqdim edilən yazılar, başlıqlar tamamilə reallığı əks etdirməlidir. Jurnalistlər qərəzli mövqe tutmamalıdır, jurnalist hər hansı bir mövqedən çıxış etməməlidir. Jurnalist xəbəri verir və onun xəbəri analiz etmək ixtiyarı var, orda qərəz göstərilməməli və sensasiya xatirinə cəmiyyəti çaşdıran başlıqlar, yarımbaşlıqlar verməməlidir. İndi sosial şəbəkələr əsridir, xəbər tezliklə yayılır və insanlar arasında çaşqınlıq yaradır. Bunlar yolverilməzdir. Hesab edirəm, Medianın İnkişafı Agentliyi verdiyi bəyanatla bu cür yalan başlıqlar qoyan, saxta məzmunlu xəbərlər yayan saytlara, platformalara bir daha xəbərdarlıq etdi ki, bu cür işlərlə məşğul olmasınlar”.

İradə SARIYEVA

Seçilən
11
baki-xeber.com

1Mənbələr