Samuxda gənclərin içki məclisi dava ilə nəticələndi — TƏFƏRRÜAT
Samux rayonunda tanışlar arasında yaranan mübahisə cinayətlə nəticələnib.
Demokrat.az-ın əldə etdiyi xəbərə görə, hadisə rayonunun Kolayır kəndində baş verib. Kənd sakini, 1997-ci il təvəllüdlü Mirzaman yaşadığı evin həyətində Şakir ilə mübahisə edib. Bu zaman o, Şakirin kürək nahiyyəsindən vuraraq ona xəsarətlər yetirib.
Hadisəni törədən Mirzamanın barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa zərər vurma) maddəsi ilə ittiham elan edilib.
Cinayət işi üzrə izahat verən təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O, ifadəsində göstərib ki, zərərçəkmiş şəxs onun tanışıdır, onunla aralarında heç bir düşmənçilik və ədavətləri olmayıb: “Hadisə günü saat 20 radələrində Şakir zəng edərək qonaqlıq vermək istədiyini dedi və məni Gəncə şəhərində yerləşən “ Əlibəyin” kafesi adlanan yeməkxanaya dəvət etdi. Şakir o vaxtdan qonaqlıq verməyi söz vermişdi. Həmin tarixdə saat 21 radələrində hazırda dünyasını dəyişmiş dostum ilə birlikdə Şakirin yaşadığı Gəncə şəhəri “Skonnu” adlanan yerə getdik. Orada Şakirlə görüşdükdən sonra Hüseyn və Şakirlə birlikdə Gəncə şəhərində yerləşən “ Əlibəyin” kafesi adlanan yeməkxanaya yollandıq. Həmin yeməkxanada spirtli içki qəbul etdik. Saat 23:50-də kafe bağlandığı üçün oradan durduq. Kafedən durduqdan sonra Şakir içkili olduğu üçün evlərinə getmək istəmədiyini, onu ortaq tanışlarımız olan İska adlı şəxsin evinə aparmağımızı xahiş etdi. Bundan sonra taksi çağırdıq və birlikdə İskanın yaşadığı evə getdik. Taksidən düşdükdən sonra İskanın evinin qapısını döysək də, evdə olmadığı üçün qapını açan olmadı. Həmin vaxtı Şakir gəlmiş olduğumuz taksinin içərisində yatmışdı. Şakiri bir təhər yuxudan oyatdım və ona İskanın evdə olmadığını dedim. Şakir isə məndən xahiş etdi ki, onu öz evimə aparım, bir gecəlik bizdə qalsın”.
Təqsirləndirilən şəxs qeyd edib ki, daha sonra taksi ilə Şakiri öz yaşadığı Samux rayonu Kolayır kəndində yerləşən evinə aparıb: “Həmin vaxt Hüseyndə bizimlə birlikdə gəldi. Hüseyn bizimlə qonşu kənd olan Sərkar kəndində yaşayın. Şakir mənim yaşadığım evə çatan zaman sərxoş olduğu üçün yatmışdı. Hüseynlə birlikdə Şakiri avtomobildən düşürdərək yerə uzatdıq ki, onu ayıldaq. Mən su gətirərək Şakirin üstünə tökdüm. Bu zaman Şakir ayıldı və əsəbi halda məni söyməyə başladı. Şakiri sakitləşdirmək istəsəm də, dartınaraq məni vurmaq istəyirdi. Hüseyn adlı tanışım isə Şakiri tutmaq istədi. O, Hüseynin əlindən çıxaraq üzərimə gələn zaman süpürləşdik və onu yerə yıxdım. Şakiri yerə yıxdıqdan sonra yerdə əsəbimdən bir neçə dəfə onu vurdum ki, ayıltsın. Daha sonra Şakirin üzərindən durdum. Zərərçəkmişin üzərindən durduqdan sonra qaçaraq evin həyətindən getdi”.
Bu cinayət işinə Samux Rayon Məhkəməsində baxılıb. Məhkəmənin hökmü ilə Mirzaman 5 ay 18 gün azadlığın məhdudlaşdırılması cəzası alıb.
Təqsirləndirilən şəxsin üzərinə yaşayış yerini saat 22:00-dan saat 08:00-dək tərk etməmək, cəza çəkdiyi müddət ərzində Samux rayonu ərazisi hüdudlarını tərk etməmək, elektron nəzarət vasitələrini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifəsi qoyulub.
Bundan əlavə onun müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzasının icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri tapşırılıb.
Fariz Məlikli
Demokrat.az