Futbol üzrə Azərbaycan II Liqasının 2025/2026-cı illər mövsümündə iştirak edəcək klubların sayı müəyyənləşib.
"Unikal" Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən xəbər verir ki, turnir 12 komandanın iştirakı ilə keçiriləcək. “Qusar” komandası rəsmi müraciətə və dəfələrlə olan xatırlatmalara baxmayaraq, 2025/2026-cı il mövsümündə iştirakını təsdiqləmədiyinə görə, eyni zamanda, II Liqanın 2024/2025-ci illər mövsümündə komandanın oyunlarında dəfələrlə təkrarlanmış neqativ hallar (sistematik şəkildə Əsasnamə tələblərinin pozulması) nəzərə alınaraq, idman prinsipləri rəhbər tutularaq bu komandanı II Liqada ötən il Region Liqasında 3-cü yeri tutmuş “Ağstafa Gəncləri” komandası əvəzləyəcək.
Peşəkar Futbol Liqası AFFA ilə məsləhətləşmələrdən sonra Region Liqasının potensialını, eləcə də komandaların II Liqaya marağını nəzərə alaraq, turnirin formatında dəyişiklik edib. Belə ki, 2025/2026-cı illər mövsümündə II Liqada yarışın qalibi birbaşa 1-ci Liqaya yüksələcək, 2-ci yerin sahibi isə I Liqada 9-cu yeri tutmuş komanda ilə 1 oyundan ibarət pley-off oyununda üz-üzə gələcək. Region Liqasından isə II Liqaya 3 komandanın yüksəlmək şansı olacaq. Belə ki, Region Liqasında 1-ci yerin sahibi birbaşa II Liqaya vəsiqə qazanacaq, 2-ci və 3-cü yerlərin sahibləri müvafiq olaraq, II Liqada 11-ci və 10-cu yerləri tutmuş komandalarla 1 oyundan ibarət pley-off oyunu keçirəcəklər.
II Liqada yeni mövsüm 27 turdan ibarət olacaq. Komandalar ilkin olaraq 2 dövrədən ibarət 22 turda, daha sonra 5 turdan ibarət “altılıq” sistemində yarışacaqlar. Liqa üçün nəzərdə tutulmuş maliyyə 12 klub arasında bərabər bölünəcək.
Qeyd edək ki, II Liqada 2025-2026-cı illər mövsümü sentyabrın 6-da başlayacaq.