AZ

Memorialda üçüncü olan Azərbaycan atleti: "Bu səbəbdən daha yaxşı nəticə qazana bilmədim"

Azərbaycan atleti Nazim Babayev Qazaxıstanın Almatı şəhərində keçirilmiş XXXIV Qosanov Memorialında texniki səbəblərə görə daha yüksək əyarlı medal qazana bilməyib.

İdman.biz xəbər verir ki, 27 yaşlı idmançı bu barədə "Report"a açıqlama verib.

Uzunluğa tullanmada bürünc mükafata sahib çıxan Babayev yarış vaxtı özünü yaxşı hiss etdiyini deyib: "Növbəti dəfə bu turnirdə iştirak edirdim. Dünya Atletikasının bürünc səviyyəli yarışıdır. Əslində fikrim orada üçtəkanla tullanmada uğurlu çıxış etmək idi. Amma ilk gün uzunluğa tullanmada özümü sınamağı üstün tutdum və bürünc medal əldə etdim. Özümü yaxşı hiss edirdim. Turnirdə də bunu göstərmək istəyirdim. Texniki səbəblərə görə üçüncü pillədə qərarlaşdım. İlk cəhddə bu nəticəni göstərmişdim. Növbəti cəhdlərdə nəticənin daha yaxşı olacağını düşündüm. Amma texniki səbəblərdən çatışmazlıqlar oldu və bunu edə bilmədim".

Atlet Memorialın ikinci günündə üçtəkanla tullanmada mübarizə apardığını sözlərinə əlavə edib: "Amma əfsuslar olsun ki, hava şəraitinə görə çıxışım zəif alındı. Güclü yağış olsa da, turnir təxirə salınmadı. Belə vəziyyətdə zədə riski də yüksək olur. Amma təşkilatçılıq ümumilikdə yaxşı idi".

Qeyd edək ki, Nazim Babayev XXXIV Qosanov Memorialında 7.48 metr nəticə ilə bürünc medal qazanıb.

İdman.biz

Seçilən
4
2
idman.biz

3Mənbələr