AZ

Almaniyada yeni Plesiozavr cinsinə aid 183 milyon illik fosil aşkarlanıb  

Alimlər Almaniyanın Ştutqart şəhəri yaxınlığındakı zəngin fosil yatağında aşkarlanmış 183 milyon il əvvələ aid dəniz canlısını yeni elmi cins və növ olaraq təsnif ediblər.

AZƏRTAC “Spiegel” qəzetinə istinadla xəbər verir ki, “Plesionectes longicollum” adlı uzunboyunlu canlı bütün plesiozavrlar kimi xarakterik anatomiyaya malik olub. Bu canlılar suda dördüzgəcli hərəkət etdikləri üçün bəzən “üzgəc-kərtənkələlər” (Paddelechsen) adlandırılıblar. Yaxşı qorunmuş skeletin ümumi uzunluğu 295 santimetr, o cümlədən boynu 125, quyruğu isə 81 santimetrdir. Bu canlılar 66 milyon il əvvəl dinozavrlarla birlikdə yox olublar.

“Plesionectes longicollum”un yaxşı qorunmuş qalıqları 1978-ci ildə aşkarlanıb və uzun illər Stutqart Dövlət Təbiət Tarixi Muzeyində saxlanılır. Lakin onilliklər ərzində aparılan tədqiqatlar nəticəsində “Plesionectes longicollum” ilk dəfə rəsmi şəkildə elmi cins və növ olaraq təsnif edilib. Belə ki, analizlər skeletin qeyri-adi xüsusiyyətlər birləşməsini üzə çıxarıb və bu da onu indiyədək məlum olan bütün plesiozavr növlərindən aydın şəkildə fərqləndirir. Məhz bu səbəbdən o, təkcə yeni növ kimi deyil, həm də tamamilə yeni cins kimi təsnif edilib.

Qeyd edək ki, bəzi tədqiqatçılar bu tapıntını daha əvvəl də araşdırmış, lakin onun yaşını növ səviyyəsində təsnifat üçün yetərli hesab etməmişdilər. Holzmaden bölgəsindəki yataqlarda indiyədək beş fərqli plesiozavr növünün fosilləri aşkar edilib. Bu kəşf isə Yer tarixinin mühüm mərhələsində dəniz ekosistemlərinin təkamül tarixinin öyrənilməsində mühüm tapıntı kimi dəyərləndirilib.

Seçilən
10
azerbaijan-news.az

1Mənbələr