AZ

Azərbaycanın Yaxın Şərq siyasəti güclənir -

Xəbər verdiyimiz kimi, Avqustun 2-də Türkiyə-Suriya təbii qaz boru kəmərinin açılışı ilə Azərbaycandan təbii qazın Kilis vasitəsilə Suriyaya ixracı başlayıb. Millət vəkili Pərvanə Vəliyeva Metbuat.az-a açıqlamasında bildirib ki, Azərbaycan Yaxın Şərqdə nizamlanma prosesində, sabitlik və inkişafa nail olunmasında, eləcə də yenidən quruculuq işlərində yaxından rol oynayır. Azərbaycan və Suriya arasında əlaqələr yeni inkişaf mərhələsinə qədəm qoyub: “Suriyada hakimiyyət dəyişikliyindən sonra iki ölkə arasında təmaslar yenidən qurulub və Azərbaycan Suriyaya dəstəyini bəyan edən ilk dövlətlərdən biri olub. Azərbaycanın Suriyaya humanitar yardım göndərməsi ölkənin Yaxın Şərq regionunda fəal və etibarlı tərəfdaş kimi mövqeyini bir daha nümayiş etdirir. Azərbaycan Prezident İlham Əliyevin rəhbərliyi ilə Suriyanın münaqişədən sonrakı bərpa və quruculuq prosesinə töhfə verməyə hazır olduğunu bəyan edib. Türkiyə ilə birgə bu istiqamətdə fəaliyyət göstərən Azərbaycan Suriyanın inkişafına dəstək olmaq məqsədilə konkret addımlar atır”. P.Vəliyeva qeyd edib ki, Azərbaycan-Suriya əlaqələri ölkənin Yaxın Şərq siyasətinin mühüm tərkib hissəsidir: “Prezident İlham Əliyevin uzaqgörən xarici siyasəti nəticəsində Azərbaycan Avropa və Mərkəzi Asiya ilə yanaşı, Yaxın Şərqdə də fəal və etibarlı tərəfdaş kimi tanınır. Ölkənin ərazi bütövlüyünü və suverenliyini tam bərpa etdikdən sonra Azərbaycan qlobal xarici siyasət konsepsiyasına keçərək müxtəlif istiqamətlərdə fəal siyasət yürütməyə başlayıb. Prezidentin şəxsi nüfuzu Azərbaycana yeni tərəfdaşlıq modelləri və imkanlar qazandırıb. Azərbaycanın Suriya ilə bağlı sülh proseslərindəki rolu da diqqət çəkir. Azərbaycan Suriya ilə İsrail, eləcə də Türkiyə ilə İsrail arasında gərginliyin aradan qaldırılmasında vasitəçilik edərək bir platforma kimi mühüm rol oynayıb. Bu, Azərbaycanın regionda sülh və sabitliyə verdiyi dəyəri bir daha göstərir”. Millət vəkili Azərbaycan-Suriya əlaqələrinin yeni istiqamətlərindən biri olan enerji sahəsində əməkdaşlıqdan da danışıb: “Azərbaycan bu günə qədər 12 ölkəyə təbii qaz ixrac edir, əsasən Avropa bazarına. Lakin Yaxın Şərq regionu Azərbaycan qazı üçün yeni coğrafiya kimi formalaşır. Suriya prezidentinin Bakıya səfəri çərçivəsində Türkiyə üzərindən təbii qazın Suriyaya ixracı məsələsi müzakirə olundu. Suriya həm özü Azərbaycan qazını idxal edə bilər, həm də tranzit ölkə rolunu oynaya bilər. Türkiyə ilə Suriyanı birləşdirən qaz kəməri bərpa edilib, Suriyanı İordaniya ilə birləşdirən kəmərin bərpası isə Azərbaycan qazının Misirə qədər çatdırılması perspektivini açır. Bununla da Azərbaycanın qaz ixrac etdiyi ölkələrin sayı 13-ə çatır. Bundan əlavə, Azərbaycanın elektrik enerjisi istehsalı sahəsində də Yaxın Şərqə ixrac potensialı mövcuddur. Bu, Azərbaycanın enerji diplomatiyasını daha da gücləndirərək regionda iqtisadi təsirini artırır. Azərbaycan qazının ixrac istiqamətlərinin diversifikasiyası ölkəmizin enerji bazarında rəqabət qabiliyyətini daha da möhkəmləndirir. Tarixən Azərbaycan və Suriya arasında yaxşı əlaqələr olsa da, Əsəd rejimi bu münasibətlərin inkişafına maneə törədib. Hazırkı dövrdə isə Suriyada yeni hakimiyyətin formalaşması ilə ikitərəfli əlaqələr üçün yeni imkanlar yaranıb. Azərbaycanın Suriyanın bərpa-quruculuq prosesinə dəstəyi, enerji sahəsində əməkdaşlıq və regionda sülhün təmin olunmasına verdiyi töhfələr iki ölkə arasında münasibətləri daha da dərinləşdirəcək”.

Sevinc İbrahimzadə / Metbuat.az

Seçilən
1
3
metbuat.az

8Mənbələr