İstiyə aldanmayın — Həkimdən XƏBƏRDARLIQ
“Yay mövsümündə havanın qeyri-sabit keçməsi insan sağlamlığına bir sıra təsirlər göstərir. Bu təsirlər həm müsbət, həm də mənfi ola bilər və hər iki halda diqqətli olmaq vacibdir. Günəşli hava orqanizm üçün bir sıra faydalar gətirir. Günəş şüaları orqanizmdə D vitamini sintezini sürətləndirir ki, bu da sümük sisteminin möhkəmlənməsində və immun sisteminin güclənməsində mühüm rol oynayır. Eyni zamanda, günəş işığı insanın psixoloji vəziyyətinə də müsbət təsir edir – əhval-ruhiyyəni yüksəldir, depressiya və stres hallarını azaldır”.
Bu barədə həkim, terapevt Günay Lətifova Demokrat.az-a açıqlamasında bildirib.
O diqqətə çatdırıb ki, yay aylarında qeyri-sabit və bəzən ifrat isti hava şəraiti sağlamlıq üçün təhlükəli vəziyyətlər də yarada bilər:
“Xüsusilə uzun müddət günəş altında qalmaq dəri yanıqlarına, günvurmaya, bədəndə maye itkisinə (dehidrasiya), baş ağrısına, ürəkbulanma və təzyiq dəyişikliklərinə səbəb ola bilər. Bu cür hallarla daha çox uşaqlarda, yaşlı insanlarda, hamilə qadınlarda və xroniki xəstəlikləri olan şəxslərdə rast gəlinir. Maye itkisinin qarşısını almaq üçün gündəlik su və maye qəbuluna xüsusi diqqət yetirilməlidir. İsti havalarda qazlı, şəkərli və kofeinli içkilərdən uzaq durmaq, əvəzində təmiz su, ayran, südlü içkilər və meyvə şirələrindən istifadə etmək məsləhət görülür. Əgər hər hansı bir narahatlıq – baş gicəllənməsi, ürəkbulanma, halsızlıq və ya bədən temperaturunun yüksəlməsi müşahidə olunarsa, vaxt itirmədən tibbi yardıma müraciət edilməlidir. Unutmayaq ki, yay mövsümü yalnız istirahət üçün deyil, eyni zamanda sağlamlığımıza qarşı diqqətli olmalı olduğumuz bir dövrdür. Sadə qorunma qaydalarına əməl etməklə həm özümüzü, həm də yaxınlarımızı mümkün risklərdən qoruya bilərik”.
Leyla Turan
Demokrat.az