Malların texniki reqlamentlərdə müəyyən olunmuş təhlükəsizlik tələblərinə cavab verib-vermədiyi laboratoriya sınaqları nəticəsində müəyyənləşdirilir.
Bunu “APA-Economics”ə açıqlamasında Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin şöbə müdiri Elməddin Quluyev deyib.
O bildirib ki, bu istiqamətdə “Milli standartlaşdırma sisteminin beynəlxalq tələblərə uyğunlaşdırılmasına dair 2023–2025-ci illər üçün Dövlət Proqramı”nda müvafiq tapşırıq nəzərdə tutulub:
“Bu tapşırıq ölkə ərazisində qeyri-qida istehlak mallarının sınaqlarının aparılması imkanlarına malik laboratoriyaların müəyyənləşdirilməsini nəzərdə tutur.
Agentlik tərəfindən həyata keçirilən diaqnostik qiymətləndirməyə 31 dövlət orqanının (qurumunun) tabeliyində olan sınaq laboratoriyaları və 90 akkreditasiya olunmuş müstəqil sınaq laboratoriyası cəlb olunub. Aparılmış qiymətləndirmələr nəticəsində bir sıra sahələrdə laboratoriyaların imkanlarının təkmilləşdirilməsinə və yeni laboratoriyaların yaradılmasına ehtiyac olduğu müəyyən edilib”.
“Ölkəmizdə texniki reqlamentlər qüvvəyə mindikdən sonra idxal və istehsal olunan qeyri-qida mallarının texniki reqlamentlərin tələblərinə uyğunluğu qiymətləndirilməli, o cümlədən laboratoriyalarda sınaqları aparılmalıdır. Diaqnostik qiymətləndirmənin nəticəsi olaraq mövcud imkanlara malik laboratoriyaların fəaliyyətinin təkmilləşdirilməsinə və sınaqları aparıla bilməyən mal kateqoriyaları üzrə yeni laboratoriyaların yaradılmasına nail olunacaq”, - deyə E.Quluyev əlavə edib.