AZ

“Onsuz da milyoner olan deyilik”

ain.az, 525.az saytına istinadən bildirir.

Müsahibimiz Əməkdar mədəniyyət işçisi, rəssam Əziz Məmmədovdur. O, "Bağ mövsümü", "Qətl günü", "Etiraf", "Yuxu", "Güllələnmə təxirə salınır", "Arxada qalmış gələcək", "Məkanın melodiyası", "Girov", "Hökmdarın taleyi", "Qala", "Dərvişin qeydləri", "Mahmud və Məryəm", "Məryəm", "Əlvida, Şmidt" kimi filmlərin quruluşçu və dekor rəssamıdır.

     .

- Əziz bəy, gəlin söhbətimizə quruluşçu rəssamın iş fəaliyyətindən başlayaq.

- Biz kinoya başlayanda ilk növbədə ssenarini oxuyuruq. Daha sonra rejissor və operatorla birlikdə çalışırıq. Əsas məsələ filmin ümumi həllinə, estetik görünüşünə və rəng palitrasına uyğunlaşmaqdır. Əgər tarixi filmdirsə, ona uyğun dekorlar hazırlanır, müasir filmdirsə, yanaşma fərqli olur. Məkanlara gedirik, hazırlıq dövründə hər şeyi əsərin ruhuna uyğun planlaşdırırıq.

- Ötən əsrin ən qarışıq, böhran dövründə sənətdə olmusunuz. Həmin illər yaradıcılığına necə təsir göstərdi, rekvizit və dekor çatışmazlığına səbəb oldumu?

- Bilirsiniz, həmin dövrdə elə bil həyat dayanmışdı. Sovetlər birliyi dağıldı, respublikalar ayrıldı, yeni dövlətlər formalaşmağa başladı. Dövlət sistemi kökündən dəyişdi, bütün qurumlar yenidən təşkil olunmalı idi. Bu dəyişikliklər təkcə siyasi və ideoloji sahədə deyil, həm də iqtisadi və mədəni sahələrdə ciddi sarsıntılara, maddi çətinliklərə səbəb oldu. Ən çox zərbə alan sahələrdən biri də kino sənayesi idi. Kino istehsalı kəskin şəkildə azaldı. Düzdür, özəl filmlər çəkilirdi, amma çox az idi. İşsizlik yayıldı, bir çox sənət adamı fəaliyyətini dayandırdı. Kino sisteminin özü və gələcək inkişafı bu böhrandan zərər gördü. Yeni kadrların yetişməsi xeyli gecikdi. Düzdür, sonradan vəziyyət qismən düzəldi, amma öz universitetimiz açılanadək o çətinliklər kinoya çox mənfi təsir göstərdi. Sovet dövründən qalan rekvizitlər, geyimlər var idi, amma filmlər çəkilmədiyinə görə istifadə olunmurdu. Ən böyük problem isə maddiyyat idi.

- Bu gün "Azərbaycanfilm" kinostudiyasının fəaliyyətinə dair tez-tez mənfi, qalmaqallı fikirlər səsləndirilir. Bəziləri hətta kinostudiyanın fəaliyyətinin lazımsız olduğunu bildirirlər. Siz necə düşünürsünüz?

- Yox, niyə lazım olmasın ki? "Azərbaycanfilm" kinostudiyası bu gün də çox vacibdir. Tələbələr, kino sahəsində çalışanlar, gənc mütəxəssislər - hamısı buraya gəlir və "Azərbaycanfilm"in texniki bazasından istifadə edirlər. Studiyanın onlara göstərdiyi dəstək də pulsuzdur. "Azərbaycanfilm" sadəcə bir kinostudiya deyil, bizim tariximiz, keçmişimizdir. Bütün klassik filmlərimiz burada çəkilib. Mən özüm 21 yaşımda bu studiyada işə başlamışam, indi 70 yaşım var. Həyatımın böyük bir hissəsi burada keçib.

- Bəs indi kinostudiyanın fəaliyyəti necədir?

- Kinostudiya hazırda bədii film çəkmir. Dövlət tərəfindən studiyaya bədii film layihəsi verilmir. Amma geyim, rekvizit, texniki yardım göstərilməlidir. Hələlik bu istiqamətdə qərar yoxdur.

- Bu, sizin maddi durumunuza təsir edir?

- Yox, mən sərbəst rəssamam. Hər hansı bir şirkət məni layihəyə dəvət edəndə, ora gedib işləyirəm. Hazırda Elxan Cəfərovla birlikdə uşaq filmi üzərində çalışırıq.

- Bəzən eşidirik ki, aktyorlar, rejissorlar kinodan aldıqları gəlirdən narazıdır və buna görə başqa sahələrə üz tuturlar.

- Azərbaycanın reallığı budur. Dünya ilə müqayisə etmək olmaz. Hər bir ölkənin öz qiymətləri, imkanları var. Bizdə olan budur, bundan artığını hələ ki gözləmək çətindir. Sadəcə iş görmək lazımdır, vəssalam.

- Onda hər şeylə qane olursunuz, hə?

- Neyləyək? Bizdə də belədir. Maddiyyat nədir ki? Onsuz da milyoner olan deyilik. Nə varsa, imkan daxilində yetərlidir. Əsas olan sənətə yanaşmadır, onun dəyərini göstərməkdir.

İçəri girəndən küncə qoyulmuş güzgü diqqətimi çəkir. Söhbət zamanı qəfil yadıma düşür ki, bu, Afətin cehizlik güzgüsüdür...

- Məşhur filmlərdən dekorlar qalırmı? Məsələn, "Qayınana" filmindəki güzgü...

- Bəli, bəzi əşyalar qalıb. Məsələn, o güzgü həm də "Sevil" filmində istifadə olunub, amma insanlar onu daha çox "Qayınana" filmindən tanıyır, çünki daim ekranda olub. O ağ mebel əslində "Sevil" filmindən qalıb.

- Əşyaların bir neçə filmdə istifadə olunması çatışmazlıqdan qaynaqlanır?

- Yox, bu yalnız dövrə uyğunluqla bağlıdır. Əgər dövr uyğun gəlirsə, istifadə olunur. Əks halda yenisi alınır. Müasir film üçün yeni mebel, tarixi film üçün xüsusi sifarişlə hazırlanan dekorlar lazım olur.

- Özünüz xatirə kimi nəsə saxlamısınızmı?

- Yox, heç nəyi şəxsi olaraq saxlamırıq. Çünki bütün rekvizitlər dövlətin mülkiyyətidir. Biz sadəcə eskizləri çəkirik və iş bitdikdən sonra onları da kinostudiyaya təhvil veririk.

- İlk işiniz hansı olub?

- Eldar Quliyevin "Sevinc buxtası" filmində rəssam köməkçisi olmuşam. Sonra "Şir evdən qaçdı", "Babək" kimi filmlərdə dekor rəssamı kimi çalışmışam.

- "Babək" filmində işləyərkən hansı duyğular sizi müşayiət edirdi?

- "Babək" filmində işləyəndə biz çox gənc idik. Hətta 50 dərəcə isti bizim üçün bir şey deyildi. Çölün düzündə gah bu yana, gah da o yana qaçırdıq, yorulmaq nədi bilmirdik.

- Yəni istinin, çətinliyin heç bir əhəmiyyəti yox idi sizin üçün?

- Əlbəttə, yox. Gənc idik axı. Həmin dövrdə istiliyi, əziyyəti o qədər də hiss etmirdik. Həmişə Eldar Quliyev deyirdi ki, bu filmə ancaq gənclər lazım olacaq, yalnız onlar bu ağır işin öhdəsindən gələ bilərlər. Özü də gənclərlə işləməyi çox sevirdi. Demək olar ki, filmin heyətinin böyük əksəriyyəti gənclər idi. Hətta "Babək" qalasını dağın başında tikmək üçün şəxsən mən getmişdim. Dekor rəssamı idim. Təxminən bir ay ərzində o qalanın dekorasiyanı tikdik. Çətin idi, amma çox maraqlı və dəyərli bir təcrübə oldu.

- Səhv etmirəmsə, filmdə baş obrazın geyimi itmişdi.

- Çəkilişlər çöldə, açıq ərazidə aparılırdı. Hər şey ortalıqda idi. O qarışıqlıqda geyimlərdən biri itdi. Orada 2000-3000 adam çəkilirdi, indiki kimi qrafika yox idi. Hər gün 2500-3000 nəfər kütləvi səhnələrdə iştirak edirdi. Ona görə belə hallar olurdu. İtən geyim üst geyim idi, sonradan yenidən tikildi, düzəldildi.

- Rejissor Həsən Seyidbəylinin Eldar Quliyevlə əvəzlənməsi heyətin digər üzvlərində dəyişikliyə səbəb oldu?

- Yox, heyətdə ciddi dəyişiklik olmadı. Yalnız bəstəkar dəyişdi.

- Mənə elə gəlir ki, bu gün artıq o qədər maraqlı işlər görülmür...

- Əslində, olur. Film olanda, həqiqətən də gözəl və maraqlı işlər ortaya çıxır.

- Rəssamlar, quruluşçu dizaynerlər əksər hallarda filmin önündə olmurlar, aktyor və rejissorlarla müqayisədə adları az tanınır. Bu, sizi narahat etmir?

- Yox, bu, bizim işin təbiətidir. Biz səhnənin arxasında qalırıq. Dekoru qururuq, aktyorlar həmin məkanlarda oynayır, operator çəkir. Bizim iş görünür, amma özümüz görünmürük. Əgər bizim işimiz yox, özümüz önə keçsəydik, gördüyümüz iş iş olmazdı.

- 21 yaşınızdan bu sahədəsiniz. Həmin dövrdəki həmkarlarınız indi haradadır? İtirdiyiniz dostlarınız olubmu?

- Əlbəttə. Zaman keçdikcə çox şey dəyişir. Bəziləri həyatda deyil, bəziləri hələ də bu sahədə çalışır. Hər birinin öz yeri var.

- Yeni gələn kadrlar həmin boşluğu doldura bilirmi?

- Hər dövrün öz ruhu, öz insanları olur. Amma gənclər arasında çox istedadlı, bacarıqlı insanlar var. Sadəcə onlara şərait yaradılmalıdır. Kino layihələri çoxaldıqca, kadr çatışmazlığı da daha aydın hiss olunur. Ona görə gərək tələbələr işləsin, təcrübə qazansın. Təcrübəsiz kadrı heç kim işə götürmək istəmir, amma heç kim də təcrübəsiz kadrı təcrübə qazanmağa buraxmır. Bu paradoksdur. Sovet dövründə bir filmdə iki operator, iki rəssam, iki rejissor olurdu. Ona görə də o illərdə kadr çox idi. İndi də o sistemə qayıtmaq lazımdır.

- Demək olar ki, bu gün kadr çatışmazlığının əsas səbəbi maddiyyatdır?

- Bəli, şirkətlər bəzən maddiyyata çox önəm verirlər, ona görə də az kadr götürürlər. Halbuki biri təcrübəli, biri gənc iki nəfəri bir yerə götürsələr, gələcəkdə həmin gənc püxtələşər. Həm də, təkcə universiteti bitirmək kifayət etmir, praktikada iştirak vacibdir.

- Təhsil sistemimizdə ümumiyyətlə praktika problemi var.

- Tamamilə doğrudur. Mən elə adamlar tanıyıram ki, nə Mədəniyyət və İncəsənət Universitetini bitiriblər, nə də peşəkar təhsil alıblar, amma setdə işləyə-işləyə öyrəniblər. Rejissorun, operatorun yanında dayanıblar, praktiki bacarıq qazanıblar. İstedadla yanaşı, təcrübə də vacibdir. Yəni sadəcə oxumaqla yox, işləməklə də öyrənmək lazımdır.

- Sonda, bütün gördüyünüz işlər arasında ən qürur duyduğunuz hansıdır?

- Mənim üçün bütün filmlərim bir həyat yoludur. Hər birinə eyni dərəcədə məsuliyyətlə yanaşmışam. Çalışmışam ki, işlərim yüksək səviyyədə olsun.

- Azərbaycanın məşhur rejissorları ilə çalışmışmısınız, onlardan biri ilə yaddaqalan bir xatirənizi bölüşə bilərsiniz?

- Əslində onlarla bir yerdə işləməyin özü bir xatirədir. Hər bir rejissorla çalışmaq mənim üçün təcrübə idi. Hər film yeni bir dünya idi və bu dünyanı qurmaqdan böyük zövq almışam.

Ləman İLKİN

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
11
525.az

1Mənbələr