AZ

İldə 70 milyon manat hara yoxa çıxır? - Məşhur professor üsyan etdi

Azərbaycanda reklam bazarının büdcəsi 70 milyon manatdan artıq olsa da, bu vəsaitin nə qədərinin milli kinonun çəkilişinə, aktyorların inkişafına və ümumilikdə mədəniyyət sahəsinə yönəldiyi məlum deyil. Reklam sahəsindəki bu qeyri-şəffaflıq narahatlığa səbəb olub.

Qeyd edək ki, 2 gün öncə, avqustun 2-də Azərbaycan kinosunun 127 illiyi qeyd olundu. Lakin kino sahəsinin 127 ili qeyd edildiyi bir vaxtda bu sahəyə ayrılan reklam vəsaitlərinin həcmi ilə bağlı ictimaiyyətə konkret rəqəm açıqlanmayıb.

Ümumdünya Reklamçılar Assosiasiyasının üzvü, professor Cahid Həsənov Musavat.com-a açıqlamasında bildirib ki, ölkədə iqtisadi inkişafla paralel olaraq reklam sahəsinin inkişafı üçün münbit şərait yaranıb. Lakin bu bazarda dövr edən milyonlarla manatın cüzi bir hissəsinin belə reklam və mədəniyyət sahəsinə ayrılıb-ayrılmadığı bilinmir.

CAHİ.jpg

"30 ildir bu reklam sahəsində çalışıram, "Reklam haqqında" Qanunun müəlliflərindən biri kimi bu gün də görürəm ki, hələ də geniş müzakirələrə ehtiyac var. Reklamverici şirkətlər və brendlər reklam məsələsinə daha məsuliyyətli yanaşmalıdır", - deyə professor vurğulayıb.

O qeyd edib ki, hazırda bazarda fəaliyyət göstərən bir çox şirkət milyonlarla gəlir əldə etsə də, reklam sahəsinə minimal vəsait ayırır. Bu isə mədəniyyət sahəsinin inkişafına maneə yaradır.

Cahid Həsənov reklam və marketinq şöbələrinin fəaliyyətindən də narazıdır. Onun sözlərinə görə, bəzi müəssisələrin reklam və marketinq departamentlərində "dırnaqarası reklamçılar və marketoloqlar" mənasız tədbirlərə sponsorluq etməklə resursları israf edir:

"Əgər reklam pulları faydasız tədbirlərə xərclənirsə, o zaman bu vəsait mədəniyyətə, sosial reklamlara nə vaxt yönləndiriləcək? Sosial reklamlar nə vaxt inkişaf edəcək?"

Professor həmkarları ilə birlikdə müvafiq qurumlardan reklam bazarına dair hesabat təqdim edilməsini tələb etdiklərini də əlavə edib. O, digər ölkələrdə mədəniyyətin maliyyələşdirilməsinin dövlət və nazirliklər deyil, məhz reklam və marketinq mexanizmləri vasitəsilə həyata keçirildiyini xatırladıb:

"Xarici ölkələrdə kinoya, aktyorların maddi rifahının yaxşılaşdırılmasına dövlət büdcəsindən pul ayrılmır. Bu işlər reklam və marketinq sahəsi üzərindən qurulur. Bizdə isə 70 milyonluq büdcə, uyğun qanunvericilik və yaradılmış şərait olsa da, nəticə göz önündə deyil" .

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Seçilən
4
olaylar.az

1Mənbələr