AZ

Dənizdə və quru sahəsində tullantı təhlükəsi: Artan həcmlər, azalan təhlükəsizlik

Bu ilin ilk yarısında “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO) gəmiləri və sahil obyektləri üzrə toplanmış müxtəlif növ tullantılar aidiyyəti üzrə sertifikatlaşdırılmış qurumlara təhvil verilərək ərazilərdən uzaqlaşdırılıb. Bu dövrdə 0,59 ton kağız, 0,57 ton plastmas, 14,9 ton qara metal və 5,4 ton əlvan metal təkrar emala göndərilib. Eyni zamanda, gəmilərdən 62,78 kubmetr plastmas, 318,3 kubmetr qida qalığı, 441,21 kubmetr məişət tullantısı, 176,4 kubmetr neft qalığı və minlərlə kubmetrlə ölçülən digər tullantılar çıxarılıb. Sahil obyektlərində isə yüzlərlə ton çirkab su, abraziv tullantılar, sürtgü yağı, plastmas, rezin və tibbi tullantılar aidiyyəti üzrə təhvil verilib. Bu statistika bir tərəfdən ASCO-nun ətraf mühitə qarşı məsuliyyətli münasibətini göstərsə də, digər tərəfdən, sənaye və məişət fəaliyyəti nəticəsində yaranan tullantıların miqyasını da ortaya qoyur.

Tullantıların ildən-ilə artması həm yerli, həm də qlobal səviyyədə ciddi narahatlıq doğurur. Əhali artımı, sənaye istehsalının genişlənməsi, tək istifadəlik məhsullardan asılılıq, düzgün çeşidlənmə və utilizasiya sistemlərinin kifayət qədər inkişaf etməməsi bu artımın əsas səbəblərindəndir. Əgər bu tendensiya nəzarətsiz qalarsa, torpaq, su və hava çirkliliyi dərinləşə, canlı orqanizmlərin həyatı risk altına düşə bilər. Xüsusilə plastmas tullantılar okean və dənizlərdə canlılara ciddi təhlükə yaradır, qida zəncirinə qarışaraq insan sağlamlığına da zərər verə bilir.

Qlobal miqyasda qarşıda duran əsas təhlükələrdən biri biomüxtəlifliyin azalması və iqlim dəyişikliyinin sürətlənməsidir. Tullantıların düzgün idarə olunmaması bu problemləri daha da dərinləşdirir. Bunun qarşısını almaq üçün ilk növbədə maarifləndirmə işləri genişləndirilməli, tullantıların çeşidlənməsi, təkrar emalı və alternativ ekoloji texnologiyaların tətbiqi təşviq edilməlidir. Dövlət səviyyəsində nəzarət gücləndirilməli, müəssisələrin məsuliyyəti artırılmalı, əhali arasında ekoloji davranış formalaşdırılmalıdır. Əgər bu istiqamətdə konkret və davamlı addımlar atılarsa, tullantı problemini minimuma endirmək və təbiətin sabitliyini qorumaq mümkün olacaq.

Seçilən
17
aznews.az

1Mənbələr