AZ

Şəhid övladlarının “Əmanətə Sədaqət” Avstriya Yay Düşərgəsi başa çatdı - FOTO

“Zəfər” Şəhid Ailələrinə Dəstək İctimai Birliyi və Avstriya Azərbaycanlıları Cəmiyyətinin təşkilatçılığı, “Azərbaycan Hava Yolları” (AZAL) QSC, “Azərlotereya” ASC və Azərbaycan Diasporuna Dəstək Fondunun tərəfdaşlığı ilə tələbə şəhid övladları üçün Avstriyanın Zalsburq və Vyana şəhərlərində keçirilən “Əmanətə Sədaqət” Yay Düşərgəsi yekunlaşıb.

Modern.az xəbər verir ki, düşərgənin son günündə iştirakçılar Avstriyanın paytaxtı Vyana şəhərinə səfər ediblər. Günün ilk yarısında düşərgə iştirakçıları Vyanada yerləşən Azərbaycan Mədəniyyət Mərkəzini ziyarət ediblər. Qonaqları mərkəzin kollektivi adından salamlayan Elgün Niftəli düşərgə iştirakçılarına mərkəz barədə məlumat verib, bu mərkəzin xaricdə fəaliyyət göstərən Azərbaycan mədəniyyət mərkəzləri şəbəkəsinə daxil olduğunu diqqətə çatdırıb.

Tədbirin davamında Vyanada yaşayan azərbaycanlı pianoçu, dirijor və bəstəkar Abuzər Manafzadə bu tədbir üçün xüsusi olaraq hazırladığı musiqi proqramı ilə çıxış edib. Proqramda Azərbaycan və Avropa bəstəkarlarının, eləcə də A. Manafzadənin özü tərəfindən bəstələnmiş əsərlər ifa olunub. Konsertdən sonra A. Manafzadə hər bir gəncə öz bəstələrinin toplandığı “İnsomnia” albomununun bir nüxəsini hədiyyə edib və belə bir layihə çərçivəsində konsert proqramı ilə çıxış etməkdən qürur duyduğunu söyləyib.

Günün ikinci yarısında isə düşərgə iştirakçıları üçün Vyana şəhərinin tarixi və turistik məkanlarına ekskursiya təşkil olunub. Ekskursiya çərçivəsində Avstriya Parlamentinin binası, Avstriya Milli Kitabxana-Muzey Kompleksi, Hofburq sarayı və Stephanplatz kilsəsi ziyarət olunub. Ekskursiya iştirakçılar tərəfindən maraqla qarşılanıb.

Qeyd edək ki, 28 iyul – 2 avqust 2025-ci il tarixlərində keçirilən düşərgə ərzində yerli və xarici universitetlərdə təhsil alan və yüksək akademik göstəricilərə malik 22 şəhid övladı karyera planlaması, şəxsi inkişaf, liderlik və motivasiya mövzularında peşəkar təlimlərə qatılıb, həmçinin Avstriya mədəniyyətini yaxından tanıyıb və tarixi bölgələrə maarifləndirici səfərlər ediblər.

Seçilən
24
5
modern.az

7Mənbələr