ain.az, 525.az portalına istinadən məlumatı açıqlayır.
Son illərdə Azərbaycanda dövriyyədə olan pul kütləsinin həcmi ilə bağlı rəqəmlər diqqət çəkir. Ötən il dövriyyədə olan kağız və metal pullar 130 milyon 896 min manat artıb. Müasir iqtisadi sistemlərdə "pul kütləsi" anlayışı olduqca vacib yer tutur. Bu anlayış, ölkə daxilində müəyyən dövrdə dövriyyədə olan bütün pulların - həm nağd, həm də bank hesablarındakı vəsaitlərin - ümumi həcmini əhatə edir. Bəs pul kütləsinin həcminin artması nə deməkdir və bu artım nə ilə nəticələnə bilər? Pul kütləsi dedikdə, ölkə iqtisadiyyatında dövriyyədə olan pulların ümumi miqdarı nəzərdə tutulur. Dövriyyədə olan pul kütləsinin həcminin artması iqtisadiyyata daxil olan pul axınının artdığını göstərir. Bu artım müxtəlif səbəblərdən qaynaqlana bilər.
Dövriyyədə olan pul kütləsinin artması iqtisadiyyat üçün həm bir fürsət, həm də risk daşıyan bir hadisədir. Əgər artım real iqtisadi fəaliyyətlə (istehsal, xidmət, ixrac) uzlaşarsa, ölkədə iqtisadi inkişaf baş verə bilər. Əks halda, bu artım inflyasiya, valyuta təzyiqləri və iqtisadi qeyri-sabitlik yarada bilər. Buna görə də, Mərkəzi Banklar bu prosesi diqqətlə izləyir və pul-kredit siyasətləri vasitəsilə balansı qorumağa çalışırlar.
Son aylarda Azərbaycanda geniş pul kütləsinin artması ilk növbədə bank sektorundakı likvidlik səviyyəsinin yüksəlməsi və pul kredit mexanizmlərinin genişlənməsi ilə bağlıdır. Xüsusilə dövlətin infrastruktur xərcləri, subsidiyalar və sosial proqramlar bu artımı dəstəkləyir.
Mütəxəssislər deyir ki, əgər bu artım istehsal və real sektorla paralel getməzsə, bu zaman inflyasiya riski ortaya çıxır. Mərkəzi Bank bu balansı qorumaq üçün faiz siyasətində çevik olmalıdır. Pul kütləsinin artımı həm müsbət, həm də riskli tərəflər daşıyır. Müsbət tərəf daxili tələbin stimullaşdırılması, biznes kreditlərinin əlçatanlığı. Riskli tərəfi inflyasiya təzyiqlərinin artması, valyuta bazarına təsiridir.
İqtisadçı ekspert Rəşad Həsənovun sözlərinə görə, bazarda pul kütləsinin artmasını şərtləndirən müxtəlif faktorlar var. Bunlardan biri zaman keçdikcə pulun dəyərsizləşməsidir: "Eyni dövriyyənin həyata keçirilməsi üçün daha böyük məbləğdə vəsaitə ehtiyac duyulur. Bu da pul kütləsinin artmasını zəruri edir. Məsələn, ötən il bir kiloqram yağa 17 manat xərcləyirdinizsə, bu il 24 manat ödəyirsiniz. Bu zaman dövriyyəyə daha çox vəsaitin buraxılmasına ehtiyac yaranır".
R.Həsənov bildirib ki, pul dövriyyəsini artıran digər məqam hazırkı dövrdə nağdsız dövriyyənin populyarlaşmasıdır: "Bəzən bu, nağdsız dövriyyənin miqyasının dəyişməsi ilə bağlı olur. Nağdsız dövriyyə azalır, nağd pula tələbat artır. Buna qeyri-qanuni fəaliyyətlər, infrastruktur çatışmazlıqları səbəb ola bilər. Bu zaman dövriyyədə olan pul artırılır, yeni pulların çap olunmasına zərurət yaranır".
İqtisadçının sözlərinə görə, pul kütləsi həm də dövlət xərcləmələri çoxaldığı zaman artır: "Bu, Mərkəzi Bank yumşaq monetar siyasət həyata keçirdikdə ortaya çıxır. Bu zaman hökumətlər və mərkəzi banklar pul kütləsini inflyasiya, iqtisadi böyümə hədəflərinə uyğunlaşdırırlar. Bəzi hallarda durğun iqtisadi dövrlərdə hökumətlər pul kütləsini artırmaqla iqtisadi aktivliyi dəstəkləməyə çalışırlar. Bu da iqtisadiyyatda geniş istifadə olunan metodlardandır".
İqtisadçı bu artımın vətəndaşlara təsirinə də toxunub: "Pul kütləsinin artmasının insanların hesablarında olan vəsaitlərə birbaşa təsiri yoxdur. Yalnız bu prosesdən iqtisadi mənfəət əldə edən subyektlərə münasibətdə onların daha çox gəlir əldə etməsi halı ortaya çıxır. Pul kütləsinin artması o demək deyil ki, vətəndaşların vəsaiti artıb. Əgər pul kütləsi artırsa, bunun səbəblərindən asılı olaraq, müəyyən nəticələr ortaya çıxa bilər. Məsələn, pul kütləsi dövlət xərcləri hesabına artırsa, onun bir qismi sosial xərcləmələrə yönəldilir. Məsələn, müavinətlər, təqaüdlər, əməkhaqları şəklində. Belə olanda, vətəndaşlar büdcədən faydalanmaq imkanı qazanırlar".
R.Həsənovun fikrincə, pul dövriyyəsinin artımı heç də həmişə yaxşı nəticələnmir: "Bu artım investisiya layihələrinin həyata keçirilməsinə yönəldilə bilər. Bu zaman biznes subyektləri üçün faydalı olacaq. Əgər monetar ekspansiyadan söhbət gedirsə, Mərkəzi Bank tərəfindən bazarda pul kütləsinin artırılması siyasətidirsə, bu halda vətəndaşların daha çox borclanması üçün şərait formalaşır. Bu vəsaitlər bazarda vətəndaşların daha rahat borclanması mühitini formalaşdırmaqla onların borc yükünün artmasına gətirib çıxaracaq bir vəziyyətlə nəticələnir. Amma həmin borclar iqtisadiyyatda xərclənir. Bu da iqtisadiyyatı hərəkətə gətirir, aktivliyi artırır. Bundan biznes, əmək bazarı iştirakçıları faydalanırlar. Pul kütləsinin bazarda artması sabit şəraitdə, digər iqtisadi faktorlar dəyişmədiyi halda baş verirsə, bu, inflyasiyanın artımı ilə nəticələnə bilər".
İqtisadçı ekspert Xalid Kərimli qeyd edib ki, ilin əvvəli ilə müqayisədə yarım milyard pul kütləsi artıb: "Ümumiyyətlə, pul kütləsinin artması istehlak və investisiya sektoruna müsbət təsir göstərir. Bununla da dövriyyədə olan pul kütləsinin həcmi daha da artır. Həmçinin, kredit faiz dərəcələrinin aşağı düşməsinə səbəb olur. Ümumiyyətlə, pul kütləsinin artması iqtisadiyyatı genişləndirən faktdır. Ancaq bu halın mənfi cəhəti odur ki, təklif kifayət qədər olmasa qiymətlərə pis təsir edər, hətta qiymət artımı belə yaşanar. O cümlədən, pul kütləsinin həcmi ilə bağlı məsələyə birtərəfli baxılmır. Tək pul çoxalsın, dəyəri aşağı düşsün, insanlar necə gəldi xərcləsin deyil, inflyasiya məsələsi də nəzərə alınır".
Ekspert onu da əlavə edib ki, bazarda pul kütləsinin artması bir sıra amillərdən asılıdır: "Keçən illərlə müqayisədə Azərbaycanın dövlət büdcəsi artıb. Büdcə artdıqca pul kütləsi də çoxalır. Yəni insanların əməkhaqqı, pensiyası artırsa, bunun üçün pul kütləsi də lazımdır. Təbii ki, bazarda pul kütləsinin çox olması iqtisadiyyatın stimullaşdırılması deməkdir. Bu hal iqtisadi aktivliyi dəstəkləyən faktordur, amma bir tərəfdən də inflyasiyanı dəstəkləyir. 2025-ci ildə büdcə kəsirlə təsdiqləndi. Bu o deməkdir ki, büdcə gəlirləri və Neft Fondundan transferlər iqtisadiyyata axdı. Bu, büdcəyə əlavə pul daxil olmasına gətirib çıxardı. Bu da dövriyyədə olan pulun artması deməkdir. Həmçinin Mərkəzi Bankın uçot dərəcəsini aşağı salması ilə ölkədə kredit aktivliyi artır. Son dövrlərdə istehlak kreditlərində artım müşahidə olunur. Bu da banklar vasitəsilə dövriyyəyə daha çox pulun buraxılması deməkdir".
Bank məsələləri üzrə ekspert Əkrəm Həsənov qeyd edib ki, valyuta ehtiyatlarının artması manatın məzənnəsinin sabitliyinə birbaşa təsir göstərən amillərdəndir: "Valyuta ehtiyatlarının artması o deməkdir ki, bu il ən azı devalvasiya üçün təhlükə yoxdur. Manat sabit olaraq qalacaq. Çünki valyuta ehtiyatlarının artması birbaşa pul siyasətinə təsir edən amildir".
Mərkəzi Bank bazardakı pul kütləsinin həcmini mütəmadi olaraq tənzimləyir.
Məsələn, bazarda nəzərdə tutlduğundan artıq pul kütləsi olanda tənzimləyici qurum dərhal müdaxilə edir. Pul bazasının genişlənməsi tələbi artırır, kiçilməsi isə istehlak tələbini məhdudlaşdırır. İstehlak tələbinin azalması isə təklifin dəyişmədiyi halda antiinflyasiya effektinə malik olur. Digər tərəfdən, pul bazasının kiçilməsi real sektorun vəsaitə olan tələbinin ödənilməsi baxımdan arzuolunan deyil. Baza genişləndikcə xərcləmələr və real sektorda tələb də yüksəlir. Bu da istehsal üçün daha çox imkanlar yaradır. Bu kontekstdən, pul bazasının optimallığı həm inflyasiya yaradıcı effektlərin tənzimlənməsinə, həm də real sektorun dəstəklənməsinə xidmət etməlidir.
Ekspert əlavə edib ki, manatın məzənnəsi yaxın dövürdə hər hansı təhlükə ilə üz-üzə deyil: "Manatın dollara bağlı olması və valyuta ehtiyatlarının əsasən dollarda saxlanılması səbəbindən, ehtiyatlar nə qədər çoxdursa, manat da o qədər sabitdir".
Valyuta ehtiyatlarının artmasının inflyasiya və kredit siyasətinə təsirlərini də şərh edən ekspert bildirib ki, bu artım qısa müddətdə inflyasiya və kredit siyasətinə ciddi təsir göstərməyəcək: "Manatla verilən kreditlərin və əmanətlərin həcmi arta bilər ki, bu da bank sektorunun aktivliyinə müsbət təsir edə bilər".
Sevinc QARAYEVA
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.