AZ

Göygöl rayonunda minadan zərərçəkənlərin siyahısı dəqiqləşdirilir, onların ehtiyacları öyrənilir - FOTOLAR

Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə Azərbaycanda Minadan Zərərçəkənlərin Assosiasiyası (AMZA ) İctimai Birliyi “Mina/PHS hadisəsi və onun təsirlərinin azaldılmasına dəstək” layihəsi çərçivəsində Göygöl rayonunda minadan zərərçəkənlərin siyahısı dəqiqləşdirilir, onların ehtiyacları öyrənilir.

Qaziler.az bildirir ki, bu barədə  AMZA-nın sədri Rey Kərimoğlu məlumat verib.

Onun sözlərinə görə, layihənin əsas məqsədi Qarabağ müharibəsində və ondan sonrakı mərhələdə mina/PHS (Partlamamış Hərbi Sursatlar) hadisəsi ilə bağlı müvafiq məlumatların, o cümlədən mina/PHS hadisəsindən zərərçəkmiş şəxslərin sosial ehtiyaclarının öyrənilməsi təşkil edir:

“Xəbər verildiyi kimi, təşkilatımız  ötən il Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə 11 rayon və şəhərdə (Füzuli, Beyləqan, Ağdam, Ağcabədi, Bərdə, Tərtər, Goranboy, Naftalan, Bakı və Sumaqyıt, Abşeronda) uğurla həyata keçirib.

Bu il isə layihə çərçivəsində səkkiz rayonda və şəhərdə (Qazax, Tovuz, Ağstafa, Şəmkir, Göygöl, Daşkəsən, Gədəbəy rayonlarında, Gəncə şəhərində) icra edəcəyik. Qeyd edim ki, adıçəkilən rayon və şəhərlərdə beynəlxalq forma olan İMİSMA agentləri ilə sorğular keçiriləcək. Toplanacaq məlumatlar mina/PHS-lərin insanların həyat və sağlamlığına vura biləcəyi zərərin qarşısının alınması və zərərin azaldılması, zərərçəkmiş şəxslərin sosial vəziyyətinin yaxşılaşdırılması üzrə effektiv proqramların hazırlanması üçün istifadə etməyi nəzərdə tuturuq. Artıq ötən aydan Göygöl rayonunda sorğuların keçirilməsini icra edirik. Müəyyən edilmiş mina qurbanları ilə daha çox qapı-qapı gəzərək şəxsən görüşürük, onlardan sorğular götürürük. Vəfat edənlərin isə ailə üzvləri ilə görüşməyə çalışırıq. İşimizin çətinliyi ondan ibarətdir ki, bəzi minadan zərərçəkənlər qeydiyyatda olduqları ərazi üzrə yaşamırlar. Ya Bakıda və digər şəhərə, rayona köçüblər, ya da xarici ölkələrdə yaşayırlar. Buna baxmayaraq, biz onların ailə üzvləri ilə görüşürük, onların vasitəsi ilə həmin şəxsləri sorğuya cəlb etməyə çalışırıq.”

R. Kərimoğlu qeyd edib ki, layihənin icrası zamanı Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (ANAMA) rəhbərliyi, Beynəlxalq Avrasiya Mətbuat Fondu yaxından köməklik göstərir. Göygöl rayonunda isə rayon İcra Hakimiyyətinin rəhbərliyi və aidiyyəti şəxslər dəstək olurlar.

O, adı çəkilən təşkilatların rəhbərliyinə xüsusi minnətdarlığını bildirib.
Xatırladaq ki, ANAMA-nın təqdim etdiyi rəsmi məlumatlara görə, 1991-ci ildən 2025-ci ilin 2 iyun tarixləri müddətində mina qurbanlarının sayı 3 400-dən artıqdır. Onlardan 362 nəfəri uşaq, 38 nəfəri qadınlardır. 2020-ci ilin noyabr ayından 2025-ci ilin bu gününə qədər mina qurbanlarının sayı 400 nəfər təşkil edir. Onlardan 70-i həlak olub, 328-i yaralanıb.

Seçilən
12
2
qaziler.az

3Mənbələr