AZ

Gözəllik istədilər, xəstəlik tapdılar – “Rəfiqə resepti”nin bəlasına düşənlər

Sosial şəbəkələrdə paylaşılan “arıqlama reseptləri” və ya “tez arıqlama üsulları” qızlar üçün çox ciddi təhlükələr yaradır. Həkim və ya diyetoloq məsləhəti olmadan paylaşılan, daha çox həmyaşıd qızların “mən etdim, gözəl nəticə verdi” tövsiyəsinin fəsadları artıq həyəcan təbili çalmağa ehtiyac yaradıb. Gənc qızlar, xüsusən hələ orqanizmi inkişaf mərhələsində olan yeniyetmələr nəticəni tez görmək üçün bunlara kor-koranə əməl edirlər.

Həkim-terapevt Gülyanə Musayeva Bizim.Media-ya bildirib ki, bu yaşda orqanizm hələ formalaşmaqdadır.

Sərt pəhrizlər, dərmanlar və ya “detoks” adlanan içkilər vitamin-mineral çatışmazlığına, hormonal pozuntulara səbəb ola bilər:
 

MÖVZU İLƏ BAĞLI:

Arıqlamaq istəyənlər üçün HƏYƏCAN TƏBİLİ – Bu pəhriz ÖLDÜRÜR!


“Bu yaşda yeniyetmələr bədən quruluşundan daim narazı olur, mükəmməlliyə can atırlar. Hansısa rəfiqədən, tanıdıqlarından harda nə gördü qatıb-qarışdırıb qəbul edirlər. Nəticədə anoreksiya kimi ciddi yemək pozuntularına gətirib çıxarır. Bundan başqa, kalsium və protein çatışmazlığı nəticəsində sümük və əzələ zəifləməsi, hormonal sistemin, menstrual dövrün pozulması və müxtəlif qarışımların, çayların daxilə qəbulu zamanı mədə-bağırsaq pozuqluğu yaranır”.

Həkim xəbərdarlıq edir ki, bu yanaşmada valideyn və müəllimlərin, digər ailə böyüklərinin üzərinə böyük öhdəlik düşür. Uşaqlara nəzarət olunmalıdır ki, sosial şəbəkələrdə diyetoloq və həkim olmayan şəxslərin məsləhətlərinə inanmasınlar:

Bu əlamətlər varsa, təcili həkim müdaxiləsi lazımdır
 

“Xüsusən qız övladınızın ət yeməklərindən uzaqlaşması, yumurta və kərə yağından iyrənməsi, ümumiyyətlə yeməkdən uzaq durması, menstruasiyasının dayanması və ya zəifləməsi, getdikcə daha çox çəki itirməsi, göz parıltısının itməsi və gözün çuxura düşməsi kimi əlamətlər görsəniz, biganə yanaşmayın. Laqeyd yanaşma övladınızın orqanizmini tamamilə çökdürə bilər və geri dönüşü olmaz”.


Mütəxəssis həmçinin diqqətə çatdırır ki, bu problemi təkcə həkim və müalicə yolu ilə həll etmək olmaz, belə hallarda peşəkar psixoloq dəstəyinə də ehtiyac var.

Şəfiqə Şəfa, Bizim.Media

Seçilən
2
bizim.media

1Mənbələr