AZ

Çin Qərbə strateji mineral ixracına ciddi məhdudiyyətlər tətbiq edib

Pekin nadir metalların ixracını azaldaraq Qərb hərbi sənayesinə təzyiq göstərir...

Çin Xalq Respublikası Qərb ölkələrinin müdafiə sənayesi üçün həyati əhəmiyyət daşıyan nadir torpaq elementlərinin və mühüm mineralların ixracına ciddi məhdudiyyətlər qoyub.

Poliqon xəbər verir ki, bu barədə Wall Street Journal sənaye nümayəndələrinə istinadla məlumat yayıb.

Nəşrin yazdığına görə, nadir metallar və maqnitlərin ixracının azaldılması silah və hərbi texnika istehsalında — mərmilərdən tutmuş pilotsuz uçuş aparatlarına və qırıcı təyyarələrə qədər — gecikmələrə səbəb olub. ABŞ-da fəaliyyət göstərən dron istehsalçılarından biri, Çin komponentlərinə alternativ axtarışında sifarişlərin icrasını həftələrlə təxirə salmaq məcburiyyətində qalıb.

Treyderlər bildiriblər ki, Pekinin məhdudiyyətləri fonunda bəzi vacib materialların qiyməti müharibə öncəsi dövrlə müqayisədə beş dəfə və daha çox artıb. ABŞ silahlanmasında istifadə edilən 80 mindən artıq detal Çin ixrac nəzarətinə tabe olan minerallar ehtiva edir. Eyni zamanda, təchizat zəncirlərinin demək olar ki, hamısı Çinlə bağlıdır, bu isə ABŞ-ın müdafiə qabiliyyəti üçün ciddi risk yaradır.

Bundan əlavə, Çin hakimiyyəti Qərb şirkətlərindən satın aldıqları mineralların istifadəsi ilə bağlı ətraflı məlumat tələb edir ki, onların hərbi məqsədlərlə istifadə edilməsinin qarşısını alsın.

Qeyd edək ki, bu ilin aprelində Çin Ticarət Nazirliyi 16 Amerika şirkətini ixrac nəzarəti siyahısına daxil edərək, ikili təyinatlı məhsulların tədarükünə məhdudiyyətlər qoymuşdu. New York Times yazır ki, Pekin avtomobillər, dronlar, robotlar və raketlərin istehsalı üçün vacib olan bəzi mühüm minerallar və maqnitlərin ixracını dayandırıb.

İyun ayında Wall Street Journal xəbər vermişdi ki, Çin nadir torpaq metalları üzrə bəzi ixrac lisenziyalarını yenidən verməyə başlasa da, bu icazələrin müddəti altı ayla məhdudlaşdırılıb. Hərbi texnika üçün ixtisaslaşmış maqnitlərin ixracı isə hələ də ciddi nəzarət altındadır.

Xatırladaq ki, daha əvvəl Reuters yazmışdı: ABŞ avtomobil sənayesi Çindən nadir torpaq metallarının tədarükündə yaranacaq defisitdən narahatdır.

Poliqon.info

Seçilən
21
poliqon.info

1Mənbələr