AZ

Medianın İnkişafı Agentliyi manipulyativ başlıqlarla xəbərlər dərc edən saytla bağlı açıqlama yayıb  

Son dövrlər “News24.az” veb-saytında dərc olunan xəbərlərdə mütəmadi olaraq auditoriyanı aldatmaq, bilərəkdən yanlış istiqamətə yönləndirmək məqsədilə təqdim olunmuş manipulyativ başlıqlara rast gəlinməkdədir. Qeyd olunan media subyekti ardıcıl olaraq xarici ölkələrdə baş verən müxtəlif hadisələri yerli qurumların və ya məhsulların fotoları ilə təqdim edərək ictimai fikri çaşdırmağa cəhd etməkdədir. Müvafiq veb-sayt bu gün dərc etdiyi “Çörək bahalaşdı” sərlövhəli xəbərində əslində qonşu ölkəyə aid mövzunu aldadıcı foto ilə süni şəkildə Azərbaycan reallığına proyeksiya edərək auditoriyanı yanlış istiqamətə yönləndirib. Saytın lentində rast gəlinən “Dollar kəskin bahalaşdı” başlıqlı xəbər də bu qəbildəndir.

AZƏRTAC xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin açıqlamasında bildirilib.

Açıqlamada xatırladılır ki, cəmiyyəti dəqiq və obyektiv məlumatlarla təmin etmək, yalan və saxta xəbər tirajlamamaq medianın ölkə qanunvericiliyinin tələblərindən irəli gələn vəzifələrindəndir. Oxucuları sensasiyalı və ya şişirdilmiş başlıqlar, şəkillər və ya videolarla linkə daxil olmağa təşviq etmək “Redaksiya siyasəti və peşə etikası qaydaları”nın kobud şəkildə pozulmasıdır.

“Bir daha qeyd edirik ki, media subyektləri öz fəaliyyətlərində ölkə qanunvericiliyinin müvafiq tələblərinə və peşə etikası qaydalarına əməl etməlidirlər. Cəmiyyəti və jurnalistləri bu kimi hallara qarşı hər zaman prinsipiallıq nümayiş etdirməyə səsləyirik”, - deyə açıqlamada vurğulanıb.

Seçilən
13
35
azerbaijan-news.az

10Mənbələr