AZ

Elçinlə həyatda bircə dəfə görüşən bunu bilirdi...

Bəzən bir qəfil xəbər gəlir və səni alt-üst edir, sarsıdır. Yazıçı Elçinin vəfatı xəbəri ikiqat sarsıdıcı oldu. Dünən Arif Babayev, bu gün Elçin...

Sevdiklərimizin “yarpaq tökümü”dürmü? Ard-arda gələndə daha çətin, daha ağır olur qəbullanmaq... Biri musiqimizin, muğamımızın ustadı, o biri ədəbiyyatımızın...

Xəbəri ilk eşidəndə xatırladım ki, iki gündür Elçin müəllim yadımdan çıxmır. Elə-belə, səbəbsiz, qeyri-ixtiyari yadıma düşür, inanırsınız? 2012-ci ildə Nazirlər Kabinetindəki iş otağında, sonra Şuşadakı görüşlərimiz, telefon danışıqları... Gözümün önündə kino lenti kimi xatirələr canlanır: Müsahibəni Anar Niftəliyev alacaqdı. Amma telefonda dedi ki, “Aynur, sən də gəl, fürsətkən, səni də görüm”. Elə belə də dedi. Səmimi, içdən, doğmalıqla... Yolu yeriyərək getmədim, qanadlandım, uçdum. Anarın aldığı bəzi müsahibələrdə iştirak elədiyim üçün bilirdim ki, ədəbiyyatla bağlı nəhəng bir söhbətə şahidlik edəcəyəm. Sual verən Anar Niftəliyev, cavab verən Elçin Əfəndiyev. Dadı damaqdan getməyəcək doyumsuz söhbət, dialoq, şedevr.

Təsəvvür etdiyimdən də gözəl alındı... Sanki bir kitab oxudum, bir film seyr etdim... O qədər təsirlənmişdim ki, işə qayıdan kimi bir yazı yazdım. Yazdım ki, mənim yazıçım İlyas Əfəndiyevdir, uşaqlığımın yazıçısı, məndən mən yaradan, qəlbimdə ayrıca hücrəsi, taxtı olan. Amma Elçin bütün dövrlərin yazıçısıdır, onda sənə aid olan və olmayan hər şey var, bir dünya var, başqa bir dünya var. Həm məntiq, həm də qeyri-səlis məntiq...

Sonrakı telefon danışığımızın birində yazıya görə təşəkkür edəndə “Oxumusunuzmu” deyə təəccübləndim. “Sənin bütün yazılarını oxuyuram, - dedi: Hər səhər sürücü “Gündəlik Telеqraf” qəzetini köşkdən alıb gətirir”...

Şuşadakı görüşlərimizdən birində isə ona yaxınlaşanda, “Necəsən, Vüsalə?” - dedi. “Yaxşıyam, Elçin müəllim” deyə cavab verdim və ikimiz də güldük. Elçin müəllim isə yanlışını düzəldirmişcəsinə xüsusi incəliklə, özünəxas ağayana tövrlə “Aynur...” dedi və susdu. Birlikdə susduq. Bəzən susmaq da səssiz danışmaqdır, özünüifadədir, gözəl ifadədir, qızıl kimi qiymətli.

Elə xoşbəxt görünürdü. Şuşada xoşbəxt olmamaq mümkünmü? Sisi, dumanı çəkilmiş Şuşada, gözəl Şuşada, bizim Şuşada. İndi düşünürəm ki, Elçinin ölümü də xoşbəxt ölümdür əslində. Qızlarının yerində olsam, ağlamaram: uzun yaşadı, - uzun yaşamaq Tanrı lütfüdür mənə görə, - ləyaqətli yaşadı, özünü mətn-mətn, kitab-kitab ifadə etdi və Azərbaycanın Ucalığını gördü; işğalın bitməsini, şərəfli qələbəni, Şuşanı... Və o Ata uzun yaşayacaq, həmişə olacaq, həmişə qalacaq! Bir insan daha nə istər Tanrıdan, Kainatdan?! Bir azərbaycanlı daha nə istər...

Mən indi bu sətirləri yaza-yaza Yazıçılar Birliyinin son qurultayını da xatırlayıram. O toplantıya həvəslə getdiyimi... Onda da bir yazı yazmışdım. Yazmışdım ki, mənimçün bu qurultayın ən ümdə üstünlüyü, dəyəri, önəmi odur ki, korifeyləri bir arada görə bildim, artıq yaşlanmış, ömrünün qürubunu yaşayan korifeylərimizi, əvəzsiz mətn ustalarımızı - yazıçılarımızı. Orada əziz Elçin də vardı. Nə yaxşı ki, vardı. İndi hər yerdə var...

Elçin Əfəndiyev Azərbaycan ədəbiyyatının, düşüncə dünyasının nəhəng bir sütunudur. Elçin heç vaxt yox olmayacaq – onun sözləri, əsərləri, düşüncə izi, özünəməxsus postmodernist üslubu...

Elçin yalnız yazıçı deyildi – o, Azərbaycan ədəbiyyatında bütöv bir məktəb yaratmışdı. 60-cı illərdə ilk hekayələrini yazanda hələ çox gənc idi, ilk hekayəsi çap olunanda 16 yaşı vardı. Amma artıq fərqli bir təhkiyəsi, fərqli baxış bucağı, şəhər mədəniyyətinin dərin təsiri, Bakı, Xəzər vardı. Onun qələmi həyatın və insanın iç dünyasının şəklini bütün rəngləriylə - görünən və görünməyən çəkirdi, səsini - eşidilən və eşidilməyən - bəyan edirdi... Ədəbiyyatşünaslar bu yeni nəsli “altmışıncılar” adlandırırdılar və Elçin həmin nəsildə söz və düşüncə formasına görə mövqe tutmuşdu.

Onun ilk hekayələrini oxuyanlar gördülər ki, bu gənc yazıçı yalnız hadisəni danışmaqla kifayətlənmir, insanın ruhunun dərin qatlarına enir, oxucunu öz təsir dairəsinə alır, sözünün, ifadə tərzinin sehrinə sala bilir. “O inanırdı”, “Sarı gəlin”, “Qatar. Pikasso. Latur. 1968” kimi hekayələr - “Min gecədən biri” adlı ilk hekayələr kitabı az qala hər birimizin içində gizlətdiyi sevinc, qorxu və tənhalığın izharı idi, ədəbiyyatla və dünya ilə qarşılaşma, tanışma idi...

Elçinin romanları Azərbaycan oxucusunun həyatında ayrıca bir səhifədir. “Mahmud və Məryəm” romanı yalnız sevgi hekayəsi deyildi. Bu əsərdə tarixi fon, dini ziddiyyətlər, xalqın mənəvi dəyərləri və vicdan, ədalət mübarizəsi vardı. O romanda Elçin sevgini yalnız bir hiss kimi yox, bir imtahan kimi göstərirdi.

“Baş” romanı isə millət olaraq ən böyük dərslərimizdən biriydi. Tarixi yaddaşımızın faciəli səhifələri, məğlubiyyətlərimizin səbəbləri, içimizdəki parçalanmalar acı həqiqətlərlə təsvir edilirdi. Bu əsər ədəbiyyatın təkcə sənət yox, həm də düşüncə məktəbi olduğunu sübut etdi.

“Ağ dəvə” xalqımızın yaddaşının tozlu qatlarını silkələdi. Elçin əsərlərində keçmişlə bu günü birləşdirir, oxucunu tarixdən dərs çıxarmağa çağırırdı.

Elçin yalnız yazmırdı, həm də ədəbi mühitin təşkilatçısı, düşüncə mərkəzi, ötürücüsü idi. Uzun illər “Ədəbi proses” müzakirələrinin təşəbbüskarı, aparıcısı və məruzəçisi oldu. Bu konfranslar təkcə yazıçıların görüş yeri deyildi – ədəbiyyatın problemləri, yeni istiqamətləri, gənc yazarların düzgün yolu, istiqaməti tapması üçün müzakirə meydanı idi.

O, heç vaxt sükutu seçmədi. Bütün əsərlərində demək olar, cəmiyyətin hətta özündən belə gizlətməyə çalışdığı mövzuları açır, həqiqəti çılpaqlığı ilə ortaya qoyurdu. Bəzən yazdıqlarına görə mübahisələr olurdu, amma Elçin üçün sözün gücü hər şeydən üstün idi.

Elçin dramaturq kimi də böyük işlər gördü. “Poçt şöbəsində xəyal” pyesi Azərbaycan teatrının ən çox səhnələşdirilən əsərlərindəndir. Onun pyesləri yalnız səhnə üçün yazılmış mətn deyildi – orada da insanın mənəvi böhranı, həyatın kəskin sualları və cavab axtarışları vardı.

Teatr rejissorları deyirlər ki, Elçinin əsərləri aktyorlar üçün böyük məktəbdir. Çünki o, dialoqları elə yazır ki, sanki səhnə üçün doğulub...

***

Elçinlə heç olmasa, bircə dəfə görüşən hər kəs onun sadəliyindən saatlarla danışa bilər. Böyük yazıçı idi, amma təkəbbürlü deyildi. Heç vaxt olmadı. Uşaqla uşaq, böyüklə böyük idi.

Onunla görüşəndə nəyi sezmişdim? Sual verəndə cavab verməzdən əvvəl bir anlıq dayanardı – sanki sözün məsuliyyətini içindən keçirirdi. Və sonra cavablandırırdı...

Böyük ictimai-siyasi xadim, xalq yazıçısı... Fəxri adları, titul və mükafatları sadalasam, böyük bir siyahı alınar. Amma mən onu sadəcə, “sevimli yazıçım” deyə təqdim etmək istəyirəm. Məncə, ən gözəl rütbə, ad, təqdimat elə budur. Sevimli yazıçım, sevimli yazıçımız... Özü ən gözəl hekayə, roman, kitab olan Elçin.

Onun gedişi ilə Azərbaycan ədəbiyyatında yaranan böyük boşluq dolacaqmı? Yazıçılar Birliyinin vəsiqəsini daşıyan və daşımayan neçə min yazıçı var ölkədə. Amma bircə imza yoxdur ki, müqayisə edək, deyək ki, Elçin kimi yaza bilir. Yoxdur! Demək ki, Tanrı onu, onları məhz belə yaradıb, belə göndərib: təkrarsız, yeganə, əvəzolunmaz, unudulmaz... Və “boşluq” demək də böyük ədalətsizlikdir. Onun yeri doludur, dopdolu, kitablarıyla, əsərləriylə, mətnləriylə. Həmişə də belə olacaq: dopdolu, dupduru...

Onunla bağlı xatirələr indən sonra daha çox danışılacaq. Yazıçı dostları, doğmaları, tələbələri, oxucuları – hər kəs Elçinlə keçirdiyi anları bölüşəcək. Əminəm, hər dəfə o da deyiləcək ki, Elçin yalnız ədəbiyyat adamı və yazıçı deyildi, insanların həyatına toxunan, toxuna bilən böyük şəxsiyyət, böyük azərbaycanlı, böyük ürək sahibi idi.

Elçin bu dünyanı cismən tərk etdi. Amma... Böyük sənətkarların bir üstünlüyü var – onlar əslində ölmürlər. Onların yazdıqları yaşayır və o əsərlərlə onlar da yaşayırlar. Elçinin əsərləri uzun illər oxunacaq, yeni nəsillərin dünyagörüşünü formalaşdıracaq. O kitablar həmişə masaüstü, qəlbüstü, ruhüstü kitablar olacaqlar...

Yazıçının ömrü də yazıdır. İndi biz onun yazılarında onu tapacağıq. Onların sözünün ömrü öz ömürlərindən daha böyükdür, əbədidir. Bu isə yazıçı üçün ən böyük qələbədir, məncə. Yazıçılar həmişə bir addım öndədirlər, bir pillə irəlidədirlər, həmişə öndə, irəlidə olacaqlar...

Yazıçı Elçin bu gün mənə bu həqiqəti də öyrətdi:

Söz insan ömründən uzun yaşayır. İnsan gedir, Söz qalır...

Elçin müəllim, tez-tez görüşəcəyik, kitablarınızı hər dəfə vərəqləyəndə, hər sətiriniz gözümüzdən könlümüzə yer edəndə, hər cümləniz əzbərimizə çevriləndə...

Ona görə “əlvida” demirəm, sevmirəm bu sözü, bu sözlə gizlənən ayrılığı, vidanı, qüssəni. Ayrılıq, ayrılmaq həmişə ağırdı, son mənzilə gedən yolda lap ağırdı...

Görüşərik, Elçin müəllim, kitablarınızın səhifələrində!

Görüşərik, yazıçım, müəllimim, ruh dostum, böyük dostum!..

Seçilən
6
3
axar.az

4Mənbələr