AZ

“Agentlər və agentura şəbəkəsi haqda bir neçə kəlmə...”

Son zamanlar dövri mətbuatda agentlər və agentura şəbəkəsi haqda müxtəlif yazılar gedir, konkret adlar çəkilir və görünən, hiss edilən də budur, cəmiyyətin, oxucuların məlum mövzuya marağı son dərəcə böyükdür.

Əvvəla, ondan başlayım ki, “agent” sözünün anlamı (mahiyyəti) özündə çox geniş çərçivəni ehtiva edir və bəzən, hətta, vətəndaşın cinayətkarlıqla mübarizədə iştirakı kimi belə səciyyələnir.

Fəqət, “şpion”, “casus”, “xain”... Bu artıq başqa məsələdir. Yəni, icraat da, ifadə də, səsləniş də, qəbullanma da eynimənalıdır.

***

İnsanlar, xüsusən də ictimai-siyasi fəallar həmin tələyə necə düşürlər və ya hansı formada şəbəkə üzvünə çevrilirlər?

Müxtəlif cür;

1) Ciddi səhvlər və boşluqlar ucbatından “kompromat” verərək.

Kompromat dediyimizin əhatə dairəsinə isə çox müxtəlif detallar, səbəblər daxildir. Video, foto, səs, hadisə və sair, ilaxır...

Bu halda çoxları dərhal təslim olurlar. Niyə?! Çünki öz aləmlərində biabır olmaqdan qorxurlar. Hərgah, hətta bu məqamda belə daha dərin düşünmək lazım. Məsələn, tutaq nəsə eləmisən. Ya da hansısa ailə üzvün, yaxının. Və bununla şantaj olunursan.

Nəsə eləmisənsə, təbii, əvvəla çox böyük qələt eləmisən. Hətta, başını yekə daşlara döyüb eləmisən. Amma ta eləmisən də. Gəl, dövlətinə, onun müvafiq qurumlarına xəbər ver ki, şantaja məruz qalmısan. Neyləyəcək dövlət? Danlayacaq. İlk öncə özü sorğulayacaq və uzaq başı işini itirəcəksən.

Buna görə dövlət, vətənmi satarlar?

2) Könüllü təklif.

Gedib özləri xahiş edirlər, satılıq qiymətlərini söyləyirlər və qarşılıqlı anlaşma əsasında “verbovka”ya çevrilirlər.

Nümunə: “Söyüş müxalifəti” adlandırılan qrupun demək olar, bütün üzvləri.

Belələrinin sir-sifətinə, fizianomiyasına, xüsusən də göz ifadələrinə nəzər salan kimi adamın ağlında dərhal belə bir fikir dolaşır: Onlar Azərbaycana qayıtmamaq, hüquq-mühafizə orqanlarına təslim olmamaq üçün hər şeyə gedərlər, bütün dəyərləri satarlar. Necə ki, gediblər. Necə ki, satıblar!

Amma nə hacət? Nə gərək?

Axı istifadədəsən. Satqınsan. Namərdsən. Damğa alnındadır. Həqiqətənmi anlamırsan bunu? Ayrıca, onundamı fərqində deyilsən ki, səni özü üçün çalışdıran qüvvələr bir gün istifadəyə yaramadığında arxandan təpiyi dərhal vuracaq və bütün qapıları üzünə bağlayacaq?

450 avroluq kirayəyə, 3-5 manatlıq dolanışığa, ildə 1 dəfə turist kimi də yox, məhz xəfiyyə kimi hansısa ölkəyə edilən səfərə görə dövlət, vətən, milli maraqmı satarlar?

3) İxtiyari vəzifəlinin, ya da eks – vəzifəlinin dövlətdən, hakimiyyətdən açıq küskünlüyü dəqiq bilindiyi halda qarşı tərəfdən (xarici agentura şəbəkəsindən) gələn təklif.

Təbii, burada psixoloji məqamlar mütləq şəkildə dəyərləndirilir və ilk öncə “zəif bənd”lər prioritet kimi önə çıxarılır. Yəni, məlum və təxribatçı qüvvələr heç də hər adama eyniadlı təklifi etmirlər. Yanaşma individualdır. Daha dəqiq desəm: Təklif elə birisinə olunur ki, onun “potensialına” öncədən inanılsın və ya həmin insanın ümumi “keyfiyyətləri” (oxu: keyfiyyətsizliyi) xəyanətlə, yaramazlıqla, “sözəbaxımlılıqla” rahatca uzlaşa bilsin.

Ay bədbəxt!

Əgər vəzifədə ola – ola xəyanət edirsənsə, o zaman dövlətin də, Prezidentin də sənə göstərdiyi etimad burnundan gəlsin!

Deyilsənsə, küskünsənsə və buna görə öz aləmində guya nəyinsə acığını çıxırsansa, haralarasa məlumat ötürürsənsə, onda elə düz qərar verib səni vəzifədən rədd ediblər!

Hətta gecikiblər...

Nəhayət, 4-cü bənd: Öz müştəbehliyi və ağılsızlığı ucbatından “təkər”ə düşənlər!

Bu kateqoriyaya əsasən FETÖ-nün casuslarını aid edə bilərik.

Neyləyirdi onlar? Gülənin “bərkgedən” vaxtlarında İstanbulda, Türkiyənin digər bölgələrində aeroport qarşılanmalarından vəcdə gəlirdilər. Kortejlə (?) gəzməkdən, hotellərdəki ən lüks nömrələrdə yerləşdirilməkdən, otağa yeməyi ofisiantın əvəzinə rəqqasənin gətirməsindən xoşallanırdılar. Üstəlik, havaya girirdilər və elə sanırdılar ki, bu, öz nüfuzlarıdı, özlərinə olan hörmətdi, öz şəxsiyyətlərinə verilən qiymətdir.

Və ardınca “hoca” haqda sənədli filmlərə baxmaq, “hoca”nın adamları ilə görüşmək, həmin adamları Bakıda kimlərləsə əlaqələndirmək təklifi gələndə... Artıq geri addım ata bilmirdilər.

Beləcə “yanırdılar”.

***

Qayıdıram əvvələ.

Mediada konkret ölkənin şəbəkəsinə aidliyi iddia olunan şəxslərin adı hallanır. Mütəmadi.

Təbii, bu barədə nəsə deyə bilməyəcəyəm və dövlətin rəsmi mövqeyi olmadan kimisə ittiham etmək fikrindən də tam uzağam.

Fəqət, paralel fonda dəqiq bildiyim və tam əmin olduğum bir həqiqət var:

İlham Əliyev kimi ləyaqətli liderə, Azərbaycan kimi qalib və güclü dövlətə əgər kimsə xəyanət edibsə, edirsə, edə bilirsə, etməyi planlayırsa, bu həyatda ondan alçaq, ondan binamus adam yoxdur!

Elşən Musayev, Milli Məclisin deputatı, Demokratik Maarifçilik Partiyasının sədri.

Seçilən
1
5
qafqazinfo.az

6Mənbələr