İtaliyanın şimal regionlarında hökm sürən əlverişsiz hava şəraiti fəsadlara səbəb olub.
Axar.az xəbər verir ki, Piza bölgəsində güclü leysan yağışı və tufan səbəbindən hava limanı fəaliyyətini müvəqqəti dayandırıb. Aviareyslər digər hava limanlarına yönləndirilib, aeroportda sərnişin sıxlığı yaranıb.
Lombardiya və Venetoda regionlarında isə güclü külək ağacları yollara və avtomobillərin üzərinə aşırıb. Yeddi bölgədə sarı hava xəbərdarlığı elan olunub. Yarımadanın mərkəzi rayonlarında və cənubda, xüsusilə də mərkəzi Adriatik dənizi sahilləri boyunca intensiv leysan və tufan gözlənilir.
Növbəti həftədən isə Şimali Afrikadan gələn isti hava ölkənin cənubunda təsirli olacaq, bəzi bölgələrdə temperatur 35 dərəcəni ötəcək. Sardiniya adasının şərqində, Kalyari bölgəsində meşə yanğını risk səviyyəsi qırmızıya yüksəldilib. Mülki Müdafiə Agentliyi əhaliyə xəbərdarlıq edib.